Səkkiz fərsəx getmək məqsədi olanların vəzifəsi
Məsələ 1129: Səkkiz fərsəx yol getmək qərarına gəlmiş şəxs gündə azca yol getsə də namazını yarı qılmalıdır. Bir şərtlə ki, onu müsafir saysınlar.
Məsələ 1129: Səkkiz fərsəx yol getmək qərarına gəlmiş şəxs gündə azca yol getsə də namazını yarı qılmalıdır. Bir şərtlə ki, onu müsafir saysınlar.
Məsələ 1130: Bir şəxs səfərdə başqasından asılıdırsa (məsələn, atadan asılı olan oğul) həmin şəxsin səkkiz fərsəx yol gedəcəyini bildikdə namazını yarı qılmalıdır. Hətta məcburi şəkildə aparılan məhbus kimi şəxs səfərinin səkkiz fərsəx və ya daha artıq olduğunu bildikdə müsafirin hökmünə əməl etməlidir. Bir şərtlə ki, dörd fərsəx yol getməmiş onlardan ayrılacağına ağlabatan ehtimalı olmasın.
Məsələ 1131: Əgər dörd fərsəx yol getməmiş məqsədini dəyişsə və ya tərəddüddə olsa namazını tam qılmalıdır. Amma dörd fərsəx yol qət etdikdən sonra səfər məqsədindən daşınsa namazı yarıdır. Bir şərtlə ki, qalmaq və ya qayıtmaqla bağlı tərəddüddə olmasın, həmin yerdə on gün qalmaq qərarına gəlməsin.
Məsələ 1132: Bir şəxs səkkiz fərsəx və ya daha artıq uzaqlıqda olan yerə getmək istəyərsə səkkiz fərsəx yol getməmiş səfərini davam edib-etməməklə bağlı şəkk-tərəddüd keçirərsə və həmin yerdə bir qədər qalarsa, yolu davam etmək qərarına gəldikdə namazı yarıdır. Əgər tərəddüd halında yolun bir hissəsini gedib sonra yola davam etmək qərarına gələrsə, yolun qalan hissəsi səkkiz fərsəx və ya artıq olarsa, namazı yarıdır.
Məsələ 1133: Əgər müsafir vətəninə daxil olsa səfəri qırılır, eləcə də on gün qalacağı yerə çatsa, vətənindən keçmək və ya bir yerdə on gün qalmaqla bağlı tərəddüddə olsa namazı tamdır.
Məsələ 1134: Bir şəxs oğurluq, xəyanət və ya başqa bir haram iş üçün səfərə çıxarsa, namazını tam qılmalıdır. Eləcə də səfər özü haram səfər olsa (bədənə zərərli səfər, vacib ehtiyata əsasən, qadının ərindən icazəsiz səfərə çıxması, ata-anadan icazəsiz və onların əziyyətinə səbəb olacaq səfər) namaz tam qılınır. Amma həcc səfəri kimi vacib səfər olarsa, ərin, ata-ananın razılığı şərt deyil və namaz yarı qılınır.
Məsələ 1135: Səfərin haram səfər olmamasına və haram iş üçün səfərə çıxılmamasına baxmayaraq səfərdə günaha yol verilsə (məsələn, şərab içilsə, qeybət edilsə, zülmə yol verilsə) namaz yarı qılınır.
Məsələ 1136: Əgər vacib bir işdən boyun qaçırmaq üçün səfərə çıxılsa (məsələn, borclu borcunu verməmək üçün səfərə çıxsa) namaz tam qılınmalıdır. Belə bir məqsəd olmasa, namaz yarıdır.
Məsələ 1137: Səfər haram olmasa da müsafir haram miniyə süvar olarsa və ya qəsbi yerə səfərə çıxarsa,vacib ehtiyata əsasən, namazını həm tam, həm də yarı qılmalıdır.
Məsələ 1138: Bir şəxs zalım bir adamla səfərə çıxsa və onun səfərinə kömək etsə zalım sayılır və səfəri haramdır. Belə bir şəxs namazını tam qılmalıdır. Amma bu səfərə məcbur olsa və ya səfərə çıxmaqda məqsədi daha mühüm bir iş, məsələn, bir məzlumun həyatını xilas etmək olsa, namazı yarıdır.
Məsələ 1139: Əyləncə, gəzinti, istirahət üçün səfərə çıxmaq, su, hava və bu kimi şeylərdən istifadə etmək israf və haram işə səbəb olmasa, halaldır və namaz qəsr qılınır.
Məsələ 1140: Bir şəxs dolanışıq məqsədi ilə ova çıxsa səfəri halaldır və namazı yarıdır. Eləcə də, daha çox qazanmaq üçün ova gedənin namazı yarıdır. Amma bir şəxs əyləncə üçün ova çıxarsa, səfəri haramdır və namazını tam qılmalıdır.