Bədən hərəkətsiz olmayan yerdə səcdə etmək
Məsələ 962: Əgər bir şeyin üzərində bədən aramlaşmırsa, həmin şeyə səcdə edilməsinə irad var. Amma öncə qeyd etdiyimiz kimi, gəmi və qatar kimi yerlərdə namazın vacib şərtlərini yerinə yetirmək mümkünsə, namaz düzgündür. Əgər bir şeyə (məsələn, balışa) səcdə etdikdə bədən əvvəlcə aramlaşmırsa, sonra aramlıq tapırsa, səcdə etmək olar.
Palçıq yerdə səcdə
Məsələ 963: Əgər yer palçıq olarsa və səcdə zamanı bədən, libas bulaşarsa, ayaq üstə namaz qılmaq və səcdə üçün işarə etmək olar.
İkinci səcdədən sonra oturmağın hökmü
Məsələ 964: İkinci səcdədən sonra təşəhhüd vacib olmadıqda, yaxşı olar ki, bir qədər otursun, sonra növbəti rəkət üçün qalxsın.
Səcdə edilən yer torpaq və torpaqdan cücərən bitkilər olmalıdır
Məsələ 965: Səcdə zamanı alın yerə və ya yerdən cücərən ağac, yarpaq kimi şeylərə qoyulmalıdır. Yeməli və geyməli şeylər yerdən cücərərsə belə onlara səcdə etmək olmaz. Eləcə də, qızıl və gümüş kimi metallara səcdə batildir. Amma mərmər, ağ və qara daş, hətta əqiqə səcdə etmək olar.
Üzüm yarpağına səcdə
Məsələ 966: Vacib ehtiyat budur ki, qidada istifadə olunan üzüm yarpağına səcdə edilməsin.
Samana, ot-ələfə, güllərə və müalicəvi bitkilərə səcdə
Məsələ 967: Yerdən cücərən və heyvan yemi olan saman və ota səcdə etmək olar. Eləcə də insanın qidalanmadığı çiçəklərə də səcdə etmək olar. Amma bənövşə, maldili kimi qidada istifadə olunan gül və bitkilərə vacib ehtiyata əsasən səcdə edilməməlidir. Bə’zi məntəqələrdə qida kimi istifadə olunan bitkilərə də səcdə etmək düzgün deyil.
Əhəng daşına və təbaşirə səcdə etmək
Məsələ 968: Əhəng və gəc daşına bişməzdən öncə, həm də bişəndən sonra səcdə etmək olar. Kərpicə, saxsıya, sementə də səcdə etmək olar.
Kağıza səcdə
Məsələ 969:səcdə zamanı alini kağiza qoymaq hər bir halda səhihdir.
Səcdə üçün ən yaxşı vasitə
Məsələ 970: Səcdə üçün ən üstün şey Həzrət Seyyidüş-şühədanın (İmam Hüseynin(ə)) türbətidir. Bu türbət şəhidləri yada salır.
Səcdə etmək üçün bir şey olmasa
Məsələ 971: Əgər insanın əlində səcdə ediləsi bir şey yoxsa və ya qızmar isti, sərt soyuq səbəbindən səcdə edə bilmirsə, kətan və ya pambıqdan olan libasına səcdə edə bilər. Əgər paltar yundandırsa bu paltara və ya xalçaya səcdə etsin. Bu da mümkün olmasa, metal və mə’dəndən çıxan şeylərə səcdə etsin. Bir şey tapmasa əlinin arxasına səcdə etsin; əlin arxası səcdə ediləsi son şeydir.
Möhür alına yapışanda
Məsələ 972: Əgər birinci səcdədə möhür alına yapışsa, ikinci səcdə üçün onu alından götürmək lazımdır. Həmin vəziyyətdə ikinci səcdəyə getsə buna irad var.

