Borc sahibi həvaləni qəbul etməyə bilər
Məsələ 1960: Borc sahibi, başı həvalə verilənin imkanlı və yaxud fəqir, hesabında düzgün olub-olmamasından asılı olmayaraq, həvaləni qəbul etməyə bilər.
Məsələ 1960: Borc sahibi, başı həvalə verilənin imkanlı və yaxud fəqir, hesabında düzgün olub-olmamasından asılı olmayaraq, həvaləni qəbul etməyə bilər.
Məsələ 1961: Əgər borclu olmayan bir şəxsin başını həvalə versələr, o, həvaləni ödəməzdən öncə onun miqdarını həvalə verəndən ala bilməz və əgər borc sahibi o miqdardan aza razılaşsa, yalnız o miqdarı həvalə verəndən ala bilər.
Məsələ 1962: Həm həvalə verən və həm də həvalə alan həvalə müqaviləsini poza bilməzlər, lakin hər ikisi razı olduqları halda, istisnadır. Əgər başı həvalə verilən şəxs həvalə verilən vaxtda fəqir olsa, (bunu) borc sahibi bilməsə, həvaləni poza bilər. Amma sonradan fəqir olsa və yaxud borc sahibi onun əvvəldən fəqir olduğunu bilibsə, müamiləni pozmaq hüququ yoxdur.
Məsələ 1963: Əgər borclu şəxs, borc sahibi və həvalə verilən adam və yaxud onlardan biri özü üçün fəsx (müqaviləni poza bilmə) hüququ qərar versə, ona uyğun olaraq həvaləni poza bilər.
Məsələ 1964: Borclu şəxsin borc aldığı şəxs ilə, malının bir miqdarını onun yanında qoymasına və borcunu vaxtında qaytarmadığı halda borcunu o maldan götürməsi üçün bağladığı müqaviləyə “rəhn” və yaxud “girov qoymaq” deyilir.
Məsələ 1965: Rəhni şifahi siğə ilə oxumaq olar. Məsələn, “bu malı o borc müqabilində sənin yanında qoyuram” desin və o da (rəhn yanında qoyulan)“qəbul etdim” desin və yaxud əməli olaraq yerinə yetirsinlər. Yə’ni, borclu şəxs öz malını girov qəsdi ilə borc sahibinə versin və o da həmin məqsədlə qəbul etsin.
Məsələ 1966: Girov qoyan və malı girov alan şəxs həddi-büluğa çatmış, aqil olmalı və kimsə onları məcbur etməməli, səfeh olmamalı və həmçinin, müflis olduğuna görə şəriət hakimi onu malından istifadə etmək hüququndan məhrum etməməlidir.
Məsələ 1967: İnsan şəriət baxımından istifadə edə bildiyi bir malı rəhn qoya bilər və əgər başqasının malını rəhn qoysa, düzgün deyil. Əgər mal sahibi icazə versə istisnadır. Əgər mal sahibi borc sahibinə “mən bu malı filan şxəsin borcu müqabilində rəhn qoyuram” desə və o da qəbul etsə, düzgündür.
Məsələ 1968: Girov qoyulan şeyin alqı-satqısı düzgün (şəriət baxımından icazəli) olmalıdır. Elə isə şərab, qumar alətləri və bunlara oxşar şeyləri girov qoymaq olmaz.
Məsələ 1969: Girov qoyulan malın mənfəəti, məsələn, heyvanın südü, ağacın meyvəsi və s. mal sahibinə məxsusdur.
Məsələ 1970: Vacib ehtiyata əsasən, girov borc sahibinə təhvil verilmədən baş tutmur. Lakin, girov qoymaq belə olsa, məsələn, evi qanuni sənədləşmə əsasında girov qoysalar və lazım olduğu vaxtda onu satmaqla öz borcunu götürə bilməsi üçün sənədi borc sahibinə versələr, borclu şəxsin o evdə yaşamasına baxmayaraq, maneəsi yoxdur.
Məsələ 1971: Girov qoymağın əksi olan hər bir istifadə caiz deyil. Bu baxımdan borc sahibi və borclu şəxs girov qoyulan malı digərinin icazəsi olmadan, başqasının mülkü edə bilməz; məsələn, onu bağışlaya və yaxud sata bilməz. Lakin, onlardan biri onu bağışlasa və yaxud satsa və sonra ayrısı icazə versə eybi yoxdur. Müstəhəb ehtiyata əsasən, başqasının icazəsi olmadan (onlardan) heç biri rəhnə xələl gətirməsə də belə, başqa istifadələr etməməlidir.