Üçdə birin vəsiyyəti
Məsələ 2337: Bir şəxs vəsiyyət etsə ki, malının üçdə birini saxlayıb ondan gələn gəliri bir yerə sərf etsinlər, bu vəsiyyətə əməl olunmalıdır.
Məsələ 2337: Bir şəxs vəsiyyət etsə ki, malının üçdə birini saxlayıb ondan gələn gəliri bir yerə sərf etsinlər, bu vəsiyyətə əməl olunmalıdır.
Məsələ 2338: Bir şəxs ölüm xəstəliyində ikən bir şəxsə müəyyən miqdarda borclu olduğunu desə, vərəsələrə zərər vurmaqda ittiham olunduğu vaxt həmin miqdar malının üçdə birindən hesablanmalıdır. Belə bir ittiham olmazsa, həmin miqdar malın özündən çıxılır.
Məsələ 2339: Malın vəsiyyət olunduğu şəxs həyatda olmalıdır. Sonradan dünyaya gələcək uşağa vəsiyyət etmək nöqsanlıdır və vacib ehtiyat budur ki, vərəsədən icazə alınsın. Amma ana bətnində olan körpəyə vəsiyyət edilsə, belə bir vəsiyyət düzgündür. Bətndəki körpəyə ruh daxil olmasa da belədir. Uşaq sağ-salamat doğulduqda vəsiyyət olunmuş mal ona verilir. Əgər dünyaya ölü gəlsə, vəsiyyət batildir və həmin mal vərəsələrə çatır.
Məsələ 2340: İnsan xəbər tutsa ki, bir şəxs vəsiyyətini ona ünvanlayıb vəsiyyəti qəbul etmədiyini nəzərə çatdırdıqdan sonra vəsiyyət başqa birinə ünvanlansa, birinci vəsiyyət batildir. Amma vəsiyyət olunmuş şəxs vəsiyyət edən şəxs öldükdən sonra bundan xəbər tutsa, ya xəbər tutub razı olmadığını ona çatdırmasa, ya da razı olduğunu bildirdikdən sonra vəsiyyət edən şəxs başqa birini tapmasa, vacib ehtiyat budur ki, birinci şəxs vəsiyyətə əməl etsin. Bu iş əzab-əziyyətlə başa gəldikdə yerinə yetirilməyə bilər.
Məsələ 2341: Vəsiyy (vəsiyyət edilən şəxs) meyitin işlərini yerinə yetirmək üçün başqa birini seçə bilməz. Amma bilsə ki, meyitin məqsədi yalnız vəsiyyətinin yerinə yetirilməsi olub və kimin yerinə yetirməsinin fərqi yoxdur, öz tərəfindən başqa birini vəkil seçə bilər.
Məsələ 2342: Bir şəxs vəsiyyətinin icrası üçün iki nəfəri seçsə və onların bu işi birlikdə görməsini istəsə, həmin iki şəxsdən biri ölsə, ya ağılını itirsə, ya dindən çıxsa, şər’i hakim başqa birini tə’yin edə bilər. Əgər vəsiyyət olunanların hər ikisi bu işə aciz olarsa, şər’i hakim başqa iki nəfəri tə’yin edə bilər.
Məsələ 2343: Əgər vəsiyy meyitin işlərini təklikdə yerinə yetirə bilməsə və başqa birinin köməyindən istifadə etməyi bacarmasa, şər’i hakim ona kömək üçün bir şəxs tə’yin edə bilər.
Məsələ 2344: Əgər meyitin malının hamısı və ya bir hissəsi vəsinin əlində məhv olsa, səhlənkarlıq göstərməmişsə, eləcə də, meyitin göstərişlərinə əməl etmişsə, zamin deyil. Əks təqdirdə həmin mala zamindir.
Məsələ 2345: Bir şəxs özünə vəsiyy seçsə və söyləsə ki, həmin vəsiyy ölsə başqa biri vəsiyy seçilsin, belə bir vəsiyyət düzgündür. Birinci vəsiyy öldükdə ikinci vəsiyy onun canişini olur.
Məsələ 2346: Borclar, vacib Həcc, xüms və zəkat və bu kimi şeylər vəsiyyət edilməsə belə malın özündən ödənməlidir. Artıq bir şey qalsa vəsiyyət əsasında onun üçdə birini göstərilən ünvana sərf etmək lazımdır. Vəsiyyət etmədiyi halda üçdə bir xərclənmir. Borc ödəndikdən sonra artıq qalan mal vərəsəyə çatır.
Məsələ 2347: İnsan öz malının üçdə birindən artığını vəsiyyət edə bilməz. Yalnız vərəsənin icazəsi ilə bu iş mümkündür. Vərəsə meyyitin ölümündən qabaq və ya sonra icazə verə bilər. Vərəsə icazə verdikdən sonra sözünü dəyişə bilməz. Bu icazənin ölümdən qabaq və ya sonra verilməsinin fərqi yoxdur, vacib ehtiyat sözü geri götürməməkdir.
Məsələ 2348: Bir şəxs müxtəlif işlərlə bağlı çoxsaylı vəsiyyət etsə və həmin tapşırıqların yerinə yetirilməsi üçün malının üçdə biri çatmasa, onun vəsiyyətlərini ardıcıllıqla yerinə yetirmək lazımdır. Üçdə bir xərcləndikdən sonra qalan vəsiyyət batil olur. Yalnız vərəsənin icazəsi ilə bu işi görmək olar. Əgər meyit Həcc və xüms kimi vacib mövzularda vəsiyyət etmişsə bu xərclər malın özündən götürülür, qalan xərclər üçdə birdən ödənir.