Nəzirin kəffarəsi
Məsələ 2286: Bir şəxs imkan olan halda nəzirini yerinə yetirməsə günaha yol vermişdir və kəffarə də ödəməlidir. Nəzirin kəffarəsi 60 fəqiri doyurmaq, ya iki ay ardıcıl oruc tutmaq, ya da bir qul azad etməkdir.
Məsələ 2286: Bir şəxs imkan olan halda nəzirini yerinə yetirməsə günaha yol vermişdir və kəffarə də ödəməlidir. Nəzirin kəffarəsi 60 fəqiri doyurmaq, ya iki ay ardıcıl oruc tutmaq, ya da bir qul azad etməkdir.
Məsələ 2287: Əgər bir şəxs müəyyən bir əməli müəyyən vaxtadək tərk edəcəyini nəzir edərsə, həmin müddət ötdükdən sonra həmin işi yerinə yetirə bilər. Vaxt tamam olmamış yaddan çıxardığı üçün və ya məcburi şəkildə həmin işi görsə, günah etməmişdir. Amma nəzərdə tutulan vaxtadək həmin işi görməməsi lazımdır. Bir şəxs üzürsüz səbəbdən nəzirini pozub həmin işi görərsə, ötən məsələdə deyildiyi kimi kəffarə verməlidir.
Məsələ 2288: Bir şəxs müəyyən bir əməli daimi olaraq tərk edəcəyini nəzir edərsə və vaxt müəyyənləşdirməzsə, ixtiyari şəkildə nəzrini pozduqda birinci dəfə kəffarə verir. Əgər nəziri elə bir şəkildə olarsa ki, hər dəfə uyğun əməli yerinə yetirdikdə nəzirdən sayılsın, hər dəfə kəffarə ödəmək vacib ehtiyatdır. Belə bir məqsəd olmasa və ya bu işi məqsədlə gördüyünə şəkk etsə, bir kəffarə bəs edir.
Məsələ 2289: Əgər hər həftənin müəyyən günü (məsələn, cümə günü) oruc tutmaq nəzir edilərsə, cümələrdən biri fitr və qurban bayramına düşdükdə, eləcə də, heyz kimi bir üzür olduqda, oruc tutmamalı, ehtiyatən, həmin orucun qəzasını yerinə yetirməlidir.
Məsələ 2290: Əgər bir şəxs müəyyən miqdarda pul sədəqə verməyi nəzir edərsə, sədəqəni verməmiş öldükdə onun malından həmin miqdarda sədəqə verilməlidir.
Məsələ 2291: Əgər müəyyən bir fəqirə sədəqə vermək nəzir olunarsa, həmin sədəqəni başqa fəqirə vermək olmaz və həmin fəqir ölərsə, vacib ehtiyata əsasən, sədəqə onun varisinə verilməlidir.
Məsələ 2292: Əgər imamlardan birinin, məsələn, imam Hüseynin (ə) ziyarətinə getmək nəzir olunsa, başqa bir imamın ziyarətinə getmək bəs etmir. Üzürlü səbəbdən imamın ziyarətinə gedə bilməsə, eybi yoxdur.
Məsələ 2293: Ziyarətə getməyi nəzir etmiş şəxs ziyarət qüslü verməyi və namaz qılmağı nəzir etməmişsə, bu işləri görməsi vacib deyil.
Məsələ 2294: Əgər imam və ya imamzadələrdən birinin hərəmi üçün bir şey nəzir edilərsə, həmin şey hərəmə sərf olunmalıdır. Tə’mir işləri, xalı-xalça, işıqlandırma, hərəmə xidmət bu qəbildəndir. Amma hərəmin adını çəkmədən imam və ya imamzadə üçün bir şey nəzir olunarsa, həmin şeyi adı çəkilən işlərlə yanaşı əzadarlıq və anım mərasimlərinə, həmin şəxslərlə bağlı əsərlərin nəşrinə, onların ziyarətçilərinə sərf etmək olar.
Məsələ 2295: Nəzir olunmuş qoyunun yunu, çəkisindəki artım da nəzirdən sayılır. Nəzir olunmuş qoyun balalayarsa və ya süd verərsə, vacib ehtiyata əsasən balası və südü də nəzirə sərf olunmalıdır.
Məsələ 2296: Bir şəxs xəstəsinin sağalması, səfərdə olan yaxın bir insanın sağ-salamat geri qayıtması üçün xeyir bir iş nəzir edərsə, nəzir edənədək xəstəsi sağalsa və ya səfərdə olan yaxın adamı qayıtsa, həmin nəzirə əməl etməsi vacib deyil.
Məsələ 2297: Ata və ya ana qızını seyidə ərə verməyi nəzir edərsə, bu nəzir e’tibarlı sayılmır. Büluğ həddinə çatmış qızın ixtiyarı özündədir.