Ayat namazının vacib olma şərtləri
Məsələ 1290: Ayat namazı hadisə baş verən yerin əhlinə vacibdir.
Məsələ 1290: Ayat namazı hadisə baş verən yerin əhlinə vacibdir.
Məsələ 1291: Günəş və ay tutulmasına görə ayat namazının vaxtı günəş və ay tutulmağa başlayandan tam açılana qədərdir. Müstəhəb ehtiyat budur ki, açılmağa başlayan vaxt qılınsın.
Məsələ 1292: Zəlzələ, şimşək və bu kimi hadisə baş verdikdə dərhal ayat namazı qılınmalıdır. Dərhal qılmayan günaha yol vermişdir, müstəhəb ehtiyat budur ki, ömrünün sonunadək nə vaxt bacarsa qılsın.
Məsələ 1293: Əgər insan vaxtı keçəndən sonra günəş və ayın tam şəkildə tutulduğundan xəbər tutarsa, ayat namazının qəzasını yerinə yetirməlidir. Amma günəş və ay tam tutulmadıqda qəzasını qılmaq vacib deyil.
Məsələ 1294:Əgər bir şəxsə xəbər versələr ki, günəş ya ay tutulub. Günəş və ya ayın tutulduğunu bilib buna əmin olmadığından namaz qılmayan şəxs, sonradan düz deyildiyini bilərsə, günəş və ya ay tam tutulmuşsa, ayat namazı qılmalıdır.
Məsələ 1295: Astronomların və ya bu sahədən mə’lumatlı insanların günəş və ya ayın tutulması ilə bağlı dediklərindən əminlik yaransa, ayat namazı qılmalıdır. Əgər söylənilsə ki, filan vaxt günəş və ya ay tutulacaq, bu hadisə filan müddət davam edəcək, əminlik yarandıqda vaxtı gözləməlidir.
Məsələ 1296: Gündəlik namaz vacib olduğu vaxt ayat namazı vacib olarsa, hər ikisi üçün vaxt olduqda hansını qabaq qılsa olar. Birinin vaxtı dar olsa həmin namazı öncə qılmalıdır. Hər ikisinin vaxtı dar olsa öncə gündəlik namazı qılmalıdır.
Məsələ 1297: Gündəlik namazın gedişində anlasa ki, ayat namazının vaxtı dardır, gündəlik namazın da vaxtı dar olduqda onu davam etdirib, sonra ayat namazı qılmalıdır. Gündəlik namazın vaxtı dar olmadıqda, onu saxlayıb ayat namazını qılmalı, sonra gündəlik namazı yerinə yetirməlidir. Ayat namazının gedişində mə’lum olsa ki, gündəlik namazın vaxtı dardır, ayat namazını saxlayıb gündəlik namazı qılmalıdır. Namazı bitirdikdən sonra namaz halından çıxmamış ayat namazının davamını qıla bilər.
Məsələ 1298: Əgər qadın aybaşı və nifas halında olduğu vaxt günəş və ay tutularsa, günəş və ya ay açılanadək heyz və nifas qanından təmizlənməsə, ayat namazı ona vacib deyil, qəzası da yoxdur.
Məsələ 1299: Ayat namazı iki rəkətdir. Hər rəkətdə beş rüku var. Onu iki şəkildə yerinə yetirmək olar:1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam oxunur. 2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, “Həmd”dən sonra “İxlas” surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: “Bismillahir rəhmanir rəhim”, “Qul huvəllahu əhəd”, “Allahu səməd” “Ləm yəlid və ləm yuləd”, “və ləm yəkun ləhu kufuvən əhəd”. Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam oxunur.
Məsələ 1300: Ayat namazının bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar.
Məsələ 1301: Gündəlik namazda vacib və müstəhəb olan işlər ayat namazında da vacib və müstəhəbdir. Amma ayat namazının azan və iqaməsi yoxdur. Bunun əvəzində savab ümüdü ilə üç dəfə “Əssəlat” deyilir.