Həcc əməllərini sona çatdırmayan naib
Bir nəfər başqası tərəfindən həcc üçün əcir olmuşdur. Təməttö ümrəsini yerinə yetirəndən sonra ürək infarktı keçirmiş və həcc əməllərini yerini yetirməkdən üzürlü sayılaraq İrana dönmüş və gələn il getmək istəyir. Ona, tərəfindən naib olduğu şəxsin sahiblərinə vəziyyəti danışmaq, gələn il naib olduğu şəxsin tərəfindən yenidən naib olmaq üçün icazə almaq lazımdırmı?
Müəyyən bir il üçün əcir olmuşdursa, vəziyyəti izah etmək və icazə almaq lazımdır.
Təharətsiz namaz
Müsəlman şəxs fəzada vəzifəsini yerinə yetirərkən yer kürəsinin atmosferindən kənara çıxsa, hava boşluğunda olduğu üçün ayaq üstə durmaq, sabitlik mümkün olmayacaqdır. Heç dəstəmaz almaq da mümkün olmayacaq. Çünki orada su da asılı vəziyyətdədir. Habelə kosmik gəminin cihazlarının həssaslığına görə azacıq toz belə yoxdur ki, təyəmmüm etsin. Olsa da o da asılı vəziyyətdədir. Üfüqün də onun üçün heç bir mənası yoxdur. Heç qiblə də yoxdur. Onun vəzifəsi necə olacaqdır?
Öz namazını həmin halla qılsın. Əgər bu müddət qısadırsa, sonradan ehtiyat olaraq qəzasını yerinə yetirsin. Müddət uzundursa, qəzası yoxdur.
Meyitlə namaz qılan şəxs arasında maneənin olması
Tabutla namaz qılanlar arasında maneənin olması işkal yaradırmı?
Eybi yoxdur. Lakin namaz qılanla meyyit arasında divar və ya pərdə olmamalıdır.
Vətənində namazını şikəstə qılan şəxs
Birisi müsafir olduğunu güman edib namazını şikəstə qılmış və ya müsafir olmadığını düşünüb namazını tamam qılmış və oruc tutmuşdur. Bir müddət sonra öz səhvini başa düşmüşdür. Onun oruc və namazlarının hökmü nədir?
Ehtiyat vacibə görə hər iki halda yenidən (vəzifəsinə uyğun) yerinə yetirsin.
Suda boğulmuş adama meyit namazı
Fiqhi kitablarda, hətta fəqihlərin əməliyyə risalələrində, "Ürvətül-vusqa"dan tutmuş "Təhrurül-vəsilə"yə kimi araşdırmalardan sonra məlum oldu ki, həzrətlər “qəriq namazı” (suda batan adamın meyyit namazı) ünvanında heç bir namaz bəyan etməmişlər. Əgər bir kəs dənizdə və ya çayda batsa, meyyiti də tapılmasa, nə etmək lazımdır? Namazı var, yoxsa yoxdur? Namazı varsa, onu necə yerinə yetirmək lazımdır?
Belə bir kəsin cəsədi tapılmayana qədər namazı yoxdur. Lakin alimlərin sözlərində "Qəriq namazı" ünvanında bir namaz vardır. Bu namaz boğulan halda olan, təkbirlərdən və işarələrdən artıq heç bir iş görməyə imkanı olmayan insanın yövmiyyə namazıdır.
Zəkatın düşdüyü yerlər
Zəkat verilməsi vacib olan 9 yerdən başqa, zəkat düşən digər şeylər də varmı?
Zəkat yalnız deyilmiş 9 yerdə vacibdir. Müstəhəb zəkat isə bunlardan qeyrisinə də aid olur.
Qadının namazda örtüyü
Qadının namazda örtüyü elə olmalıdır ki, heç bir tərəfdən bədəni görünməsin? Namazda əl və üzdəki zinət əşyalarını və bəzəkləri naməhrəm olmayan yerdə örtmək lazımdırmı?
Namazda üz, əllər biləyə kimi və ayaqlar bükülən yerə kimi istisna olmaqla, tamam bədəni dörd tərəfdən örtmək lazımdır. Bəzək əşyaları paltarın üstündə olarsa namaz üçün eybi yoxdur.
İki namazı dalbadal (fasilə olmadan) qılmaq
Nə üçün şiələr zöhrlə əsr, habelə məğriblə işa namazlarını bir yerdə qılırlar, amma digər müsəlmanlar bu namazları ayrı şəkildə - beş vaxtda qılır?
Namazları ayrılıqda qılmaq bizim nəzərimizcə də müstəhəb və sünnətdir. Lakin onları birlikdə qılmaq da caizdir. Hətta əhli-sünnə hədislərində də bunu caizliyinə sübut vardır. Buna görə də bunları bir qılmaq rüxsətdir (icazədir) və ayrı qılmaq fəzilətdir.
Xüms ilinin hesablanması
Alimlər deyirlər ki, insanın illik hesabı olmalıdır. Əgər bir kəsin qazancı xərclərindən azdırsa, yenə də illik hesabı olması vacibdirmi?
Alimlər qazancından artıq qalmayan və pul (ehtiyat) yığa bilməyənləri yox, gəlirindən artıq qalan və əlində pul yığılan kəsləri nəzərdə tutmuşlar.
Dövlət rüsumları ilə zəkatın əlaqəsi
İslam respublikasında vergiləri ödəmək şəri vergilərin əvəzində kifayət edirmi?
Vergi sair iş və qazanc xərcləri kimidir ki, şəri maliyyənin yerini tutmur.
Çox şəkk edən insanın vəzifəsi
Hafizəsi çox zəif olan, şəxs, məsələn, əksər hallarda namazlarda 2, ya 3, ya 4 rükət qıldığını unudursa, vəzifəsi nədir?
Kəsiruş-şəkk (çox şəkk edən) insan, niyyəti öz halına faydalı olan tərəfə qoymalıdır.
Qadın, yoxsa kişi olması məlum olmayan şəxsin meyit qüslü və namazı
Bir şəxs vəfat etmişdir. Lakin qadın və ya kişi olması məlum deyil. Bu şəxsin namaz və qüslü necə olmalıdır?
Əgər məqsəd xonsadırsa (həm kişilik, həm də qadınlıq əlamətləri olan adam), gərək ona məhrəm olanlar qüsl versinlər. Məhrəmi olmasa qadın və kişilərdən hər biri ona qüsl verə bilərlər. Namazda da ehtiyata əməl etsinlər.
Namazı qeyri-məşhur qiraətlə qılmaq
Namazın qiraətini qiraət formalarının hamısına uyğun yerinə yetirmək olarmı?
Müsəlmanlar içində məşhur qiraət olsa, eybi yoxdur. Bizim zəmanəmizdə Həfsin rəvayətinə müvafiq olan Asimin qiraəti məşhurdur və adi Quranlarda da həmin qiraət mövcuddur, buna görə də digərlərinin qiraətlərindən istifadə etmək işkalsız deyil.
Zəkat almaq üçün fəqirliyin meyarı
Fəqir kimlərə deyilir?
İllik xərclərini adi halda təmin edə bilməyən şəxs, fəqirdir.

