Müctəhidin cəmiyyətin gündəlik məsələlərindən xəbərsizliyi
Cəmiyyətin müasir dövrdə tələblərindən, ölkənin daxili və xarici siyasətindən xəbəri olmayan, lakin risalədə deyilən şərtlərə malik olan müctəhidə təqlid caizdir?
Caizdir. Bu şərtlə ki, onun verdiyi fitvalar islam cəmiyyətində məfsədəyə və hərc-mərcliyə səbəb olmasın.
Mütəcəzzi müctəhidə təqlid
Mərcəyi-təqlid mütləq (fiqhin bütün sahələrində) müctəhid olmalıdır, yoxsa mütəcəzzi (bütün sahələrdə deyil, bəzi hissələrində) olsa da olar?
Mütəcəzzi müctəhidə təqlid işkalsız deyildir.
Qızların həddi-buluğ yaşları
Qızların həddi-buluğ yaşı və şərtləri, habelə şəri vəzifələri barəsində nəzəriniz nədir?
Qızlar 9 qəməri ili tamam olandan sonra baliğ olurlar. Lakin zəiflik üzündən oruc kimi bəzi vəzifələrini yerinə yetirə bilməsələr onlardan götürülür. Onun yerinə hər gün üçün bir müdd yemək (təxminən 750 qram buğda və buna bənzər şeylər) fəqirə verirlər.
Ali təhsil ocaqlarında pis işlərdən çəkindirmək
Ali məktəbin məsul işçilərindən biri haqlı olmadan yaramaz işlər görən tələbələri pis işlərdən çəkindirməyi yalnız universitetin nizam-intizam üzrə əməkdaşları ilə məhdudlaşdırır və mömin tələbələrə bu imkanı vermir. Bunları nəzərə almaqla dindar və inqilabçı bir tələbənin belə bir şəraitdə boynuna düşən vəzifə nədir?
Əmr be məruf və nəhy əz münkər etmək bütün müsəlmanların vəzifəsidir. Heç bir şəxs bunun qarşısını ala bilməz. Lakin bu işi elə görmək lazımdır ki, ali məktəblərin və müəssisələrin nizam-intizamı pozulmasın.
Müctəhid qadına təqlid
. Əgər qadın ictihad məqamına yetişsə, onun da (başqasına) təqlid etməsi haramdır?
Bu məsələdə qadın və kişi arasında fərq yoxdur.
Mütəcəzzi müctəhidə təqlid
Müctəhidin (başqa şəxsə) təqlid etməsi haramdır. Bu məsələ az miqdarda məsələlərdə müctəhid olan dini alim və tələbələrə də aiddirmi?
Mütləq (tam) və mütəcəzzi (hissə-hissə) müctəhidin hər ikisinə aiddir.
Təqlidin vacibliyinin dəlil və sübutu
Xahiş edirik deyəsiniz, təqlid nə səbəbdən vacibdir?
Əqli dəlilə və dünyanın aqil insanlarının “cahil hər bir məsələdə alimə müraciət eməlidir”- deyə buyurduqları əsasa görə, vacibdir. Siz xəstələnəndə həkimdən göstəriş almırsınız? Dini hökmləri də bu sahədə mütəxəssis olanlardan əldə etmək lazımdır.
Qadının ictihadı
Qadın İslam elmlərinə yiyələnib ictihad məqamına çata bilərmi?
Maneəsi yoxdur. İctihad məqamına çatması mümkündür.
Taksidə piş işlərdən çəkindirmə
Taksiyə minəndə sürücü qeyri-dini mahnı kasetini qoysa, belə bir şəraitdə bizim vəzifəmiz nədir?
Nəhy əz münkər etməlisiniz, qəbul etməsə, maşından düşməlisiniz. Yalnız ciddi çətinlik yaranarsa, bunu etməyə bilərsiniz.
Məhkəmə və müalicə xərclərinin cinayətkardan alınması
Cinayətkar şəxsin diyədən başqa zərərçəkənə – vurulan xəsarətlər nəticəsində – dəyən sair zərərləri də ödəməsi lazımdırmı? Məsələn, məhkəmə xərcləri və iş-gücündən qalmağına görə dəyən ziyanlar və s.
Cinayətkar şəxs (şəriətdə) nəzərdə tutulan diyədən artığına şəriət baxımından zamin deyil, lakin müalicə xərcləri diyədən artıq olarsa, ehtiyat vacib artıq xərci ödəməkdir.
Hücum edəni qətlə yetirməyin şəriət hökmü
İnsana hücum edən bir adamı və yaxud evə oğurluğa girən oğrunu öldürmək olarmı?
Əgər onu öldürməkdən başqa bir yol olmasa, bu iş caizdir və onun qanı hədərdir (qisası yoxdur).
Hücum edən əsgərdən özünü müdafiə
İraqın təcavüzkar ordusu Küveyti işğal edərkən başıma bir hadisə gəldi. Hadisə belə baş vermişdi: Küveytin işğal olunmasının səkkizinci günü evə qayıdarkən bir İraq əsgərini evdə balaca qardaşımın yanında gördüm. Ondan soruşdum ki, bu şəxs kimdir. Dedi: “Küveyt xalqını qıran İraq əsgərlərindən biridir.” Lakin mən onun sözünə əhəmiyyət verməyib başqa otağa keçdim və namaz qılmağa başladım. Bu an, o əsgər odlu silahla onu vurdu və bədənindən qan axmağa başladı. Lakin hələ yerə yıxılmamışdı ki, mən özümün və ailəmin canını qorumaq üçün müdafiə halını alıb ona hücum etdim. Şəri baxımdan bu müdafiənin hökmü nədir?
Hücum edən əsgər sizin və övladlarınızın canına və yaxud malınıza qəsd etmək istəyirdisə, hər vasitə ilə müdafiə olunmaq caiz olmuşdur və onun qanı hədərdir.
Hücum edən qəbilələrdən müdafiə
Əgər şiə tayfalarından biri digər tayfaya silahlı hücum edərsə, belə ki, bir qrup insanın canı, malı və namusu üçün təhlükə yaranarsa, bu tayfaya özünü müdafiə etmək vacibdirmi?
Onların özlərini müdafiə etmək hüquqları var. Lakin belə toqquşmaların qarşısını almaq üçün son dərəcə çalışmaq lazımdır ki, iş qan tökülməsi ilə nəticələnməsin.
Müsəlmanların təcavüzkarlar tərəfindən öldürülməsi
İngilis müstəmləkəçiləri Hind yarımadasından çıxandan və əhalisi müsəlman olan iki əyalətə: Camu və Keşmirə bölünəndən sonra müsəlmanların bölgü qanunlarına və istəklərinə zidd olaraq bu məntəqə Hind qoşunlarının təcavüzünə məruz qalıb Hind hökmranlığına tabe oldu. Müsəlmanlar öz dinlərini, mədəniyyətlərini, namuslarını və azadlıqlarını qorumaq üçün təcavüzkarların əleyhinə qiyama qalxdılar və bu mübarizədə ən ağır zülmlərə, o cümlədən kütləvi soyqırıma, işgəncəyə, əsirliyə, qarətə və hətta ... məruz qaldılar. Sualımız budur: bu mübarizədə müsəlmanlardan həlak olanlar şəhiddirlərmi və bu hərəkat cihad sayılırmı?
Onlar öz canları, malları, müsəlmanların namusu, İslamın əsası və Əhli-beyt (əleyhimussalam) məzhəbini qorumaq üçün çalışırlarsa, onların bu əməlləri cihaddır və bu yolda həlak olanlar şəhiddirlər. Amma səy göstərmək lazımdır ki, müctəhiddən və yaxud müctəhidin nümayəndəsindən göstəriş alsınlar.

