Xalça-palazın nəcis olması
12 metrlik (3×4) xalçanın harasının nəcis olduğunu bilmirik. Bu şübhə məhsurə şübhədir, yoxsa qeyri-məhsurə? Onun üzərində namaz qılmaq olar?
Məhsurə şübhə sayılır. Lakin onun üzərində namaz qılmağın eybi yoxdur.
Əcir tutulan şəxsin əməlləri üçün savab
Allah taala ibadətləri yerinə yetirmək, məscid və hüseyniyyə tikmək kimi əməllər üçün əcir olan (işə götürülən) və zəhmət haqqı alan şəxslərə savab verirmi?
Əgər əcir tutulan şəxsin məqsədi o əməlləri bəndələrin borcdan xilas olması üçün yerinə yetirmək və məsuliyyətini yerinə yetirmək olarsa, savabı var.
Suyun bədən üçün zərərli olması
Mənim sinosit (qarmalit) xəstəliyim var. Suyun mənim üçün zərəri var. Bir dəfə də cərrahiyyə əməliyyatı etmişəm, amma nəinki faydası olmayıb, üstəlik zərəri də olub. Hər vaxt dəstəmaz üçün su işlətsəm baş ağrım çoxalır. Bəzən burnumdan qan axır. Hələlik namazlarımı təyəmmümlə qılıram. Bu deyilənləri nəzərə alsaq təyəmmümlə namaz qılmalıyam, yoxsa dəstəmaz almalıyam? (Bəzilərinin fikrincə isti suyun zərəri yoxdur.)
İsti su ilə dəstəmaz almağın zərəri yoxdursa və onu hazırlamaq mümkündürsə, gərək dəstəmaz alasınız. Əks halda təyəmmüm edəsiniz. Bu iş çox uzun çəksə belə, nigaranlığa səbəb yoxdur.
Xüms verməyə qadir olmayan şəxslər
Bir şəxs müntəzəm surətdə əldə etdiyi nağd, nisyə, irs və bəzi vaxtlarda harama qarışmış puldan ibarət gəlirlə özünə mənzil, məişət avadanlığı almış və həddi-buluğa çatan zamandan bu saata kimi xümsünü haqq-hesab etməmişdir. İndi isə bunları hesablamaq (və xümsünü vermək) qərarına gəlmişdir. Onun mənzilinə və avadanlığına xüms düşür, yoxsa illik məxaric və müstəsna hal sayılır? Yeri gəlmişkən, fərz etsək ki, xüms düşür, o, bir milyon borca düşəcək və bunu ödəməyə (istər indi, istərsə də tədricən) qadir deyil. Çünki qazancı çox azdır. Bu şəraitdə şəri hakimlə və ya onun nümayəndəsi ilə ödəyə biləcək məbləğ çərçivəsində müsalihə edə bilərmi?
İndi və gələcəkdə ödəməyə qadir olmadığına əmindirsə, müsalihə edə bilər.
Məkkə və Mədinədə müsafirin namazı
Müsafir, Məkkə və Mədinənin qədim və yeni salınmış məhəllələrində, məsələn, Məscidun-Nəbidə və Məscidul-Həramda (namazı) qəsr və tamam qılmaq arasında ixtiyar sahibidir, yoxsa mütləq qəsr qılmalıdır?
Müsafirlər Məkkə və Mədinədə öz namazlarını Məscidul-Həramda və Məscidun-Nəbidə, hətta Məkkə və Mədinə şəhərlərinin hər yerində tamam və qəsr qılmaqda ixtiyar sahibidirlər və namazı tamam qılmaq daha fəzilətlidir. Qədim və indiki Məkkə və Mədinə arasında heç bir fərq yoxdur.
. Bilərəkdən qəzaya verilən namaz
Əgər ata və ananın qəza namaz və oruclarının sayı çox olsa və ya bəzi hallarda bu, itaətsizlikdən irəli gəlmişdirsə, övladların vəzifələri nədir?
Qəsdən və itaətsizlik səbəbindən qəza olanların qəzası böyük övlada vacib deyil. Lakin yaxşı olar ki, yerinə yetirsin. Amma üzrlü səbəbdən qəza olanların qəzasını, böyük övlad bacardığı qədər yerinə yetirməlidir.
Həra mağarasının daşlarına təbərrük
Keçən il dostlarımdan biri həcc mərasimində Həra dağından iki daş parçasını mənə hədiyyə etdi və mən də o daşları münasib yerdə qoydum, neçə gündən bir o daşları təbərrük olaraq öpüb ziyarət edirəm. Mənim bu əməlim küfr və şirk deyil?
Bu iş öz-özlüyündə haram deyil, lakin ola bilər ki, bunu təkrar etmək səhv baxışa və ya bidətə səbəb olsun. Buna görə də bu işdən çəkinin.
Unudulmuş təşəhhüdün qəzası
Bir şəxs namazın təşəhhüdünü unudarsa, təşəhhüdün qəzasından sonra namazın salamını da deməlidir?
Ehtiyat budur ki, salamı da desin. Səhv səcdəsi də yerinə yetirməlidir.
Qüsl və dəstəmazda başqasının insan üçün yumasının hökmü
Əgər başqası insan üçün dəstəmaz və ya qüsl aldırsa, səhihdir?
Onun qüsl və dəstəmazı batildir. Lakin başqası onun bədəninə su töksə və o özü öz bədənini yusa, eybi yoxdur. Amma bu iş qeyri-zəruri hallarda məkruhdur.
Borclu tərəfindən həbsə görə dəyən zərərin alınması
Əgər borclu şəxs müflisləşdiyinə görə hətta şəxsi mənzilinin və iş məkanının günün qiyməti ilə öz borc sahiblərinə verilməsinə razı olsa, amma borc sahibləri ondan yalnız nağd pul istəsələr və borclu şəxsi həbs etsələr, bu halda borclu şəxsin həbsdə olduğu və vaxtının hədərə getdiyi bu müddətdə borc sahiblərinin boynuna haqqı gəlirmi ki, onların borclarından kəsr etsin?
Məsələdə fərz olunanlara əsasən şəri baxımdan borc sahiblərindən zərərin əvəzini almağa haqqı yoxdur.
Sərqoflidə mülk sahibinin səlahiyyətlərinin hüdudları
Bir şəxs 1360 hicri-şəmsi ilində bir mağazanın sərqofli haqqını sahiblərlə alıcı arasında bağlanmış müqaviləyə əsasən məlum olan məbləğə almış və o gün müqavilədə təyin olunmuş məbləği ödəmişdir. Müqavilənin aşağısında bu sözlər yazılmışdır: “Müamilədə nəzərdə tutulan – sərqofli (icarə etməkdə və ya almaqda başqalarından irəli olmaq), üstünlük və başqasının ixtiyarına keçirmək haqqıdır. Lakin satılan zaman sərqofli qanununa əsasən əsil sahiblərinin müamilədə əldə olunan mənfəətlə bağlı razılıqlarını cəlb etməlidir. Əlavə olaraq, icarə qiyməti müqavilə qələmə alınan gündən başlayaraq tam iki il müddətində aylıq 100 tümən məbləğində nəzərdə tutulmuş və qərara alınmışdır.” Yuxarıda qeyd olunan şərtləri nəzərə alaraq:1) Sahib və ya sahiblərdən biri sərqofli haqqının sahibi ilə razılığa gəlmədən icarə qiymətini hər il artıra bilərmi?2) Artıra bilərsə, sərqofli ilə icarə arasındakı fərq necə olacaqdır?
1) Sərqofli alınmış və icarə üçün müəyyən müddət təyin olunmuş hallarda, müddət bitəndən sonra, əmlak sahibi icarə qiymətində fikrini dəyişə bilər. Lakin bu kimi əmlak üçün kirayəçidən, camaat içində verilən qiymətdən artıq pul almağa haqqı yoxdur. 2) Sərqoflinin faydası budur ki, camaat içində onun icarəsi üçün verilən qiymət daha az olur və icarədə fikrini dəyişmək üçün daim üstünlük vardır.
Qaib olan şəxsin malına vilayət
Vəli (qəyyum) olmayan yerdə, qaib olan şəxsin malının vilayəti kimin öhdəsinə düşür?
Vəli olmayan yerdə qaib şəxsin malına vilayət şəri hakimin və ya şəri hakimin təyin etdiyi şəxsin öhdəsindədir. Hətta vəli olan yerdə də ehtiyat vacib, şəri hakimdən icazə almaqdır.
Həcc niyyəti edən şəxs üçün müstəhəb təvaf
Həcc ehramını niyyət edən və niyyəti düz olan (gerçəkləşən, hasil olan) şəxsin müstəhəb təvaf etməsi caizdirmi?
Ehtiyat budur ki, müstəhəb təvafı tərk etsin. Amma yerinə yetirsə həccə heç bir zərəri yoxdur.

