Naib olaraq yerinə yetirilən həccin xərcləri
Özü istitaətli olmayan şəxsin atası həcc növbəsinə ad yazdırmış və hal-hazırda dünyadan getmişdir. O, bank blankını öz adına keçirib onun yerinə həcc yerinə yetirirsə sonrakı əməllərin vəsaiti, o cümlədən valyuta tədarükünü görmək kimin öhdəsinədir? Onun malının üçdə birindən götürə bilərmi?
Əgər atası istitaətin ilk fürsətində ad yazdırmış və həccə getməmişdən öncə vəfat etmişdirsə, onun əvəzinə naib olmaq vacib deyil. Yalnız varisləri razı olduqları təqdirdə (onun üçün) həcci yerinə yetirə bilər. Amma əvvəllər istitaətli olubsa və növbəyə yazılıb həccə getməkdə səhlənkarlıq etmişdirsə, onun yerinə “Miqat həcci” yerinə yetirməlidirlər. Amma əgər “Bələdi həccin” yerinə yetirilməsinə vəsiyyət etmiş olsa, gərək onu əncam versinlər. Əgər onun bank kağızlarını qanuni yolla satıb pulunun bir hissəsinə əcir tutmaq mümkündürsə, ehtiyat vacib budur ki, belə etsinlər.
Qızın ailəsinin ona verdikləri hədiyyələr
Adətən qız ailəsi nişan və toydan sonra öz qızları üçün hədiyyələr aparırlar. Bu bəy və gəlin ayrılandan və ya gəlin öləndən sonra hədiyyələr kimə çatır?
Əgər xüsusi bir dəlil olmasa, zahirən bunlar qızın malıdır, atası öz qızına hörmət əlaməti olaraq və ərinin yanında abrını qorumaq üçün bunları ona bağışlamışdır.
Şəriət məsələlərinə laqeyd olan qızla ailə həyatı qurmaq
Zahirdə müsəlman olan, lakin namaz qılmayan qızla evlənmək, kafirlə evlənmək kimidirmi?
Bu növ nikah caizdir, lakin tədricən onu vacib əməlləri yerinə yetirməyə dəvət etmək lazımdır.
İranda yaşayan bəhailər
İran İslam Respublikasında yaşayan bəhailər izhar edirlər ki, biz İranın ümumi qanunlarına tabeyik və heç bir qanunsuz iş görmürük. Lakin burada hüquqlarımızın tapdanmasına dözməli oluruq. Sual budur ki, ümumiyyətlə bəhailər, xüsusilə də İranda yaşayan bəhailər əhli-zimmə sayılırlarmı?
Hazırkı şəraitdə bəhailiyin təkcə dini bir məsələ olmadığını, həm də siyasi məqsəd daşıdığını bilirik. Onların yadellilərin mənfəəti üçün fəaliyyət göstərdiklərinə dair çoxlu faktlar var. Bəzi qərb dövlətlərinin qanunverici orqanlarının onları ciddi şəkildə müdafiə etməsi buna əyani sübut ola bilər. Buna görə də belə bir şəraitdə onlara bu məmləkətdə dinc formada yaşamaq istəyən bir qrup kimi baxmaq olmaz. Onlar həqiqətdə muharibdən sayılır.
İşə girmək üçün eyni cinsdən olmayan şəxs tərəfindən müayinə olunmaq
Sağlamlığa nəzarət, işə götürülmə, hərbi xidmət və s. üçün keçirilən tibbi praktika zamanı sağlam insanları müayinə etmək, onların bədənlərinə toxunmaq, eyni cinsiyyətdən olmadıqları şəraitdə caizdirmi?
Cəmiyyət üçün zərurəti olan şəraitdə caizdir.
Zil-həccə ayının qurbanlığının sərf edilməsi
Əgər bir şəxs Zil-həccə ayında ma fiz-zimmə niyyəti ilə öz vətənində qurban kəssə, onun dəri və bağırsaqları bütövlükdə fəqirə verilməlidir, yoxsa üçdə birini fəqirə verib üçdə ikisini özünün və dostlarının səhmi kimi sərf etməsi mümkündür? Əgər bunun xilafına əməl olunarsa, qoyunu kəsən günün qiymətini borcludur, yoxsa borcunu yerinə yetirən günün (qiymətini)?
Onu öz səhmi kimi sərf edə və ya dostlarına ya fəqirlərə verə bilər. Lakin gördüyü işin əvəzi (haqqı) olaraq qəssaba verməyin işkalı var və ehtiyat müstəhəb budur ki, əgər özü ondan istifadə etsə qiymətini sədəqə versin və (burada) meyar, qurban kəsən günün qiymətidir.
Qəza olmuş namazların sayında şəkk
Bir kəs, nə qədər qəza namazı olduğunu dəqiq bilmirsə, vəzifəsi nədir?
Evdə və səfərdə nə qədər namazın qəza olduğunu dəqiq bilirsə, qəzasını qılsın. Şəkk etdiyini yerinə yetirmək vacib deyil. Bundan əlavə qəza namazlarında ardıcıllıq (tərtib) lazım (vacib) deyil. Yalnız bir gündə qəzaya gedən zöhrlə əsr, ya məğriblə işa namazlarında ardıcıllığı gözləməlidir.
Müvəkkilin ölümü ilə vəkalətin pozulması
Müvəkkilin ölümü ilə vəkalət batil olurmu? Müvəkkilin ölümündən sonra vəkilin onun əmlakının satmağa haqqı varmı?
Vəkilin ölümü ilə onun vəkaləti batil olur (qüvvədən və etibardan düşür). Buna görə də müvəkkilin ölümündən sonra vəkilin onun əmlakını satmağa haqqı yoxdur.
İcarə olunan yerin daha artıq qiymətə icarəyə verilməsi
Mən bir şəxsin evini müəyyən məbləğlə icarə etmişəm. Sonra onu daha artıq məbləğə icarəyə vermişəm və ev sahibinin də razılığını almışam. Bu müamilə səhihdirmi?
O evi, icarə etdiyiniz məbləğdən artıq məbləğə icarə verməyinizin işkalı var. Yalnız bir halda olar ki, ona xalça, şkaf, şifoner və s. kimi avadanlıq artırasınız.
Həddi-buluğun birinci ilində orucunu yeyən şəxs
Həddi-buluğun birinci ilində orucunu yeyən qızın vəzifəsi nədir? Qəzasını tutmalıdırsa, necə qəza tutsun?
Kəffarəsi yoxdur, istər cahili-qasir olsun (məsələni öyrənmək imkanına malik olmasın), istərsə də cahili-müqəssir olsun. Lakin qəsdən və bilərəkdən oruc tutmamışdırsa, kəffarəsi var. Məsələnin hər bir surətində qəza tutması lazımdır.
Çoxlu orucunu yeyən şəxs
Çox sayda oruclarını yeyən şəxsin vəzifəsi nədir?
Bacardığı qədər keçmiş orucların qəzasını yerinə yetirsin. Onların kəffarəsi barədə bizim Şəriət risaləmizdə 1401 və 1402-ci məsələyə uyğun əməl etsin. Nəyə gücü çatmasa, onun öhdəsindən götürülür.
Evin işlərini yerinə yetirməsi şərti
Gələcək həyat yoldaşının evin adi işlərini yerinə yetirməsi şərt olunarsa, bu şərt səhihdirmi? Bu şərtə əməl etmədiyi halda hökmü nədir?
Şərt etdikləri təqdirdə bu şərtin icra olunması vacibdir. Şərti pozarsa, ehtiyat budur ki, qadın onun qiymətini ödəsin.
Dayının məhrəmliyinin dəlil-sübutu
Məşhur fətvadan başqa, dayının məhrəm olması dair hansı dəlil var?
Bu məsələ “Nisa” surəsinin 23-cü ayəsində aydın şəkildə qeyd olunmuşdur. Bu ayədə buyurur: وَبَنَاتُ الأَخِ وَبَنَاتُ الأُخْت “... qardaşınızın qızları və bacınızın qızları”Şübhəsiz ki, bacı qızı birinə məhrəm olarsa, dayı da ona məhrəm olacaqdır. Çünki bir tərəfdən bacı qızıdır, bir tərəfdən dayı.

