Həcc sona çatandan sonra məssi-meyyit qüslünün vacib olmasını başa düşmək
Bir şəxs təməttö həccinin əməllərini yerinə yetirəndən sonra bir məss-meyyit qüslünun ona vacib olduğunu, habelə digər vacib bir qüslü yerinə yetirmədiyini başa düşsə, həcci səhihdirmi?
Onun həcci səhihdir. Lakin ehtiyat vacib budur ki, təvafları (və səyi, təqsiri) yenidən yerinə yetirsin, qadir olmasa naib tutsun.
Livatda evlilik
Livat edən şəxsin (cəzalandırılmasında) evli (cinsi yaxınlıq üçün imkanlı) olmasını şərt bilirsinizmi?
Livatda evli və subay arasında fərq yoxdur.
Heyzli qadının cənabət qüslü
Qadın cünub (cənabətli) olan halda aylıq adəti çatarsa və ya aylıq adət halında cünub (cənabətli) olarsa həmin halda cənabət qüslü ala bilərmi?
Maneəsi yoxdur. Cənabət qüslü ilə cəbabətdən pak olur. Habelə, müstəhəb qüslləri də yerinə yetirə bilər.
Uşağın ana qanından qidalanmasında məqsəd
436-cı məsələdə qeyd etmişsiniz ki, “Heyz, hər ayda, bir neçə gün müddətində, qadınların bətnindən xaric olan bir qandır. Nütfə bağlanan zaman uşağın qidasıdır.” Bu məsələ aşağıda şərhi verilən məsələləri nəzərə almaqla elmi meyarlarla müvafiq deyil. Buna görə də xahiş edirik ki, daha artıq izah edəsiniz. Hər bir baliğ qadında yaisəlikdən öncə aylıq adət dövrü adətən aşağıdakı mərhələlərdən ibarətdir:1) Rəhimin (uşaqlığın) həcminin artması dövrü. Bu mərhələdə qadının bətni strogen hörmonlarının ifrazı nəticəsində qalınlaşır. Bətnin divarlarının qalınlaşması onun uşağı qəbul etməsi üçün hazırlaşmasına görədir. 2) Hamiləlik baş verərsə və rüşeym əmələ gələrsə, mövcud rüşeym bətnin borularından keçib bətnə daxil olur. Bu qalın və qanla dolu layı özünə yuva seçir. Rüşeym burada bir müddət qan vasitəsi ilə daşınan qida maddələri ilə qidalanır və inkişaf edir. Həqiqətdə rüşeym qida kimi qanın özündən qidalanmır. Yalnız qan vasitəsilə nəql olunan oksigen və qida maddələrindən istifadə edir. 3) Yuva seçimindən təxminən üç həftə sonra ciftin əsası qoyulur. Burada ciftin vəzifəsi bətnin qalınlaşmış toxumalarından oksigen və qida maddələrini alıb göbək bəndi vasitəsilə rüşeymə ötürməkdir. Habelə rüşeymin həyat fəaliyyətlərindən əmələ gəlmiş karbon qazlarını ananın qanına ötürür. Ciftin digər vəzifəsi isə analıq hormonlarının ifrazıdır ki, bu da aylıq adətin qarşısını alır. 4) Hamiləlik baş verməsə bətnin qalınlaşmış və qanla dolu divarları xarab olaraq sökülməyə başlayır ki, bu da aylıq adət adı ilə məşhurdur. Qanaxma qurtarandan sonra bətnin divarları yenidən rüşeymin qəbul edilməsinə hazırlaşır. Yəni qalınlaşmağa və qanla dolmağa başlayır. Buna görə də qadın hamilə olanda yuxarıda sözü gedən xas hormonların ifrazı üzündən adətən qanaxma keçirmir. (Nəinki, rüşeym o qanı yeyir.) Yəni əsas etibarilə qanaxma baş vermir ki, rüşeym onu yesin. 5) Yuxarıda sadalanan bütün mərhələlərə müxtəlif hormonların ifrazı sayəsində nəzarət olunur. Əgər bu hormonları iynə və ya yemək vasitəsilə qadına təzriq etsək, aylıq qanaxma baş verməyəcəkdir. Bütün bunları nəzərə alsaq qanı hansı şəkildə uşağın qidası adlandırmaq olar?
Burada bətnin divarlarının qan sızdırdığı və rüşeymin onu yediyi nəzərdə tutulmamışdır. Məqsəd budur ki, hamiləlik zamanı qan ananın damarlarında toplanır, cift vasitəsilə və ya digər yolla rüşeymə ötürülür. Qida maddələrini və oksigeni rüşeym həmin ana qanından alır. Necə ki, süd verən zaman adətən aylıq adət baş vermir. Çünki, qanın bir hissəsi südə çevrilib körpənin yeməyi olur. Əgər desək ki, qan uşağın yeməyidir, məqsəd sizin yazdığınız yox, bu mənadır.
Azyaşlı qızın qəyyum tərəfindən ərə verilməsi
Ata özünün həddi-buluğa çatmamış qızını bir oğlan uşağının əqdinə keçirmişdir. Hal-hazırda bu qızın 17 yaşı var. Oğlan isə 13 yaşındadır və fiziki baxımdan çox cılız görünür. Qız atasını itirmiş, yetim olmuşdur və o oğlanla evlənmək istəmir. Çünki onun böyüməsini gözləyə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq cənab ustaddan xahiş edirik ki, müqəddəs İslam şəriəti icazə verdiyi təqdirdə hökm edin ki, sözü gedən qız bu oğlan uşağının böyük qardaşı ilə evlənsin. Qızın özü də buna razıdır.
Əgər sözü gedən nikah əqdi əvvəlcədən qızın məsləhətinə olmamışdısa, əqd bünövrədən batildir. Əgər onun məsləhət olduğunu fərz etsək, qızın bundan artıq gözləməsi onun həddən artıq məşəqqətinə səbəb olursa, oğlanın vəlisi (qəyyumu) bu qızın talaq siğəsini icra edə bilər. Sonra kiminlə istəsə, evlənə bilər.
Zəruri hallarda üstü örtülü maşına minmək
Həcc karvanlarının məsul işçilərindən biri həcc mövsümündə bələdçi kimi qadınlarla birgə üstü örtülü maşınla Məkkəyə getsə kəffarə lazım (vacib) olurmu?
Zəruri hallarda kölgə altına getmək caizdir. Lakin kəffarəsi var. Bunun kəffarəsi hər ehram üçün bir qoyundur. Yəni ümrə ehramının məcmusuna görə bir qoyun və həcc ehramının məcmusuna görə də bir qoyun kifayətdir.
Müctəhid qazının qərar çıxartmaqda irəli olması
Bir işə baxan bir neçə qazıdan biri müctəhiddirsə, onun qəti qərar çıxarmaqda o biri qazılarla fərqi varmı?
Müctəhid olan qazının hökmü irəlidir.
Ayağın sınması və ya nəqliyyat vasitəsinin xarab olması
Məhsur və məsdud olmaqdan başqa bir maneə yaransa, məsələn, ayağı sınsa, nəqliyyat vasitəsi xarab olsa və ya yolu azsa, məhsur və məsdud şəxsin hökmündədirmi?
Ayağı sınanın haqqında məhsur şəxsin, digər maneələr, məsələn, nəqliyyat vasitəsinin xarab olması və ya digər maneə haqqında isə məsdud şəxsin hökmləri icra olunur.
Qız və oğlanın müvəqqəti evlənmək yolu ilə rabitəsi
Əgər qız və oğlan müvəqqəti əqd oxumaqla bir-biri ilə şəriət baxımından qanuni rabitədə olmaq istəyirlərsə, aşağıdakı formalarda hansı şərtlər lazımdır:1) Əgər onların arasında olan münasibət yalnız iş və təhsillə bağlı - adi münasibət olsa. 2) Onların arasındakı münasibət duxul olmamaq şərti ilə cinsi ləzzətlərlə bağlı olsa. 3) Onlar arasındakı münasibət cinsi əlaqə (duxul) ilə bağlıdır.
Müvəqqəti əqd bir qisimdən artıq deyil və bu əsərlərin hamısı onda cəm olub. Amma əgər əqdin daxilində cinsi yaxınlığın olmayacağını şərt etsələr, bu əsər xaric olur. Hər bir halda ehtiyat vacibə əsasən atanın icazəsi şərtdir.
Həyat yoldaşının gəlini ilə məhrəmlik
İnsanın həyat yoldaşının gəlini (yəni onun digər ərindən olan övladının həyat yoldaşı) ona məhrəmdirmi?
İnsanın yalnız öz gəlini, yəni oğlunun həyat yoldaşı ona məhrəmdir, həyat yoldaşının gəlini yox.
Əqdin bir nəfər tərəfindən oxunması
Bir nəfər kəbini əsalət və vəkalət hallarında fars və ərəb dillərində icra edə bilərmi?
Kişi qadının tərəfindən vəkil olub kəbini oxuya və öz tərəfindən qəbul edə bilər. Məsələn, desin ki, “öz qadın müvəkkilim olan filankəsi filan zaman və filan məbləğ mehriyyə əsasında öz müvəqqəti əqdimə keçirtdim”. Sonra desin, “qəbul etdim”. Əgər ərəb dilində oxuya bilirsə, ərəb dilində oxusun, əgər oxuya bilməsə fars dilində oxusun. Qadın da kişinin tərəfindən vəkil ola bilər.
Başqasının malını ələ keçirməkdə vəkilin köməyi
Həqiqi və ya hüquqi fərdin vəkili olan şəxs öz müvəkkilinin, şəri cəhətdən onun müqabil tərəfinə məxsus olan malını, qanuni yolla onun əlindən almaq istədiyini başa düşsə, şəri baxımdan məsuliyyət daşıyırmı?
Əgər müvəkkil bilsə ki, vəkilin şəri baxımdan haqqı yoxdur, onu müdafiə etməməli və ya nəyisə başqasından haqsızlıqla alıb müvəkkilə verməməlidir. Əgər öz işinin müqabilində vəkalət haqqı alırsa, şəri baxımdan o halda qanunidir ki, şəri hüququ qaytarmaq üçün çalışsın.

