Xüms borcu da olan borclu meyit
Dünyadan getmiş şəxsin borcu varsa və xüms də borcludursa, qoyduğu irs isə hər ikisini ödəmək üçün kifayət etmirsə, varisi hansına üstünlük verməlidir?
Xümsü verilməmiş mal mövcuddursa, onun xümsünü verməyi önə çəkməlidirlər. O mal mövcud deyilsə, ehtiyat budur ki, malını hər iki borc sahibi arasında bölsünlər.
Ermənilərin iştirakı ilə məsciddə xətm məclisinin təşkil olunması
Müsəlmanlarla ermənilər arasında müştərək olan muşa (tərəflər arasında müştərək olan və bölünməyən) torpaq sahəsində onların özlərinin icazəsi ilə məscid inşa edilmişdir. Əhli-kitab öz ölülərinin yas məclislərini müsəlman məscidində keçirirlər. Müsəlman vaizi onların məclisində söhbət edir və onların özləri də məclisdə iştirak edir, habelə müsəlmanların məsciddə keçirilən yas məclislərində də iştirak edirlər. Onların məsciddə iştirakı məscidin məqamına hörmətsizlik sayılmırmı?
Onların məscidə gəlməyi İslam dininə qarşı maraq və məhəbbətlərinin artmasına səbəb olarsa, maneəsi yoxdur.
İtin paltara toxunması
Əgər it bir kəsin paltarına toxunsa və o, həmin paltarla məscidə daxil olsa, məscidi paklamaq lazımdır?
Paltar və ya itin bədəni nəm olmasa nə paltar nəcis olur, nə də məscid?
Südəmər körpəsi olan qadının həcci
Maddi imkan, səhhəti-bədən və yol baxımından istitaətli olan qadının südəmər körpəsi varsa və ondan başqasının əlində sakitləşmirsə, istitaətli sayılırmı?
O körpədən ayrılmaq onun canı üçün təhlükəlidirsə, yaxud ciddi xəstələnmək ehtimalı varsa, yaxud da digərlərinin məşəqqətə düşmələrinə səbəb olarsa, istitaətli deyil.
Donuz sümüyündən hazırlanmış jelatin
. Donuz və ya inək sümüyündən hazırlanan jelatinin hökmü nədir? Tərkibində vitamini olan maddələrin çoxu, habelə ABŞ-da istehsal olmuş dərman preparatlarının çoxu və hətta bəzi şirniyyatlar da bu maddədən hazırlanır.
Bu maddədən zərurət halında istifadə etməyin eybi yoxdur.
Xüms verməyən şərik
Mən bir maşınla göyərtinin topdan satışı və yük daşımaq üçün bir neçə nəfərlə şərikəm. Onlardan biri mənim qardaşımdır ki, xüms verməyə məsuliyyətsiz yanaşsa da, bunu etmək istəyir, hətta bir dəfə bunu etmişdir də. Lakin hal-hazırda bir neçə ildir ki, xüms verməmişdir. Bizim vəziyyətimiz də elədir ki, onu şəriklikdən çıxarmaq nə qohumluq baxımından, nə də məhəllədə işimizin vəziyyəti baxımından bizim məsləhətimizə deyil. Mənim vəzifəm nədir?
Sizə icazə veririk ki, öz xümsünüzü verəsiniz və özünüzə düşən səhmiyyədən istifadə edəsiniz. Çalışın ki, qardaşınızı da əmr be məruf edəsiniz.
Təhsil alınan yerdə qalmaq
Tələbələrin 2 illik, 4 illik və ya daha artıq müddətdə təhsil aldıqları yerlər onlar üçün vətən sayılırmı?
Bəli, vətən olmasa da vətən hökmündədir.
Zinaya məcbur etmək
Bir şəxs bir qadınla bir kişini zinaya məcbur etsə, onun (məcbur edənin) hökmü nədir?
Ağır şəkildə təzir olunmalıdır.
Naməhrəmlərin gördüyü yerdə namaz qılmaq
Qadın naməhrəm kişinin reybə və ləzzət qəsdi ilə ona baxdığı yerdə və ya üz və əllərində zinət ola-ola, onları örtmədən namaz qılarsa, namazının hökmü nədir?
Namazının eybi yoxdur. Lakin ehtiyat vacib budur ki, özünü naməhrəmin gözü qarşısında qərar verməsin.
Qanı kamil şəkildə çıxmayan başı kəsilmiş heyvan
Bütün şəriət qaydalarına riayət etməklə başı kəsilən, lakin başı kəsiləndən dərhal sonra qaynar suya salınan heyvanın – belə ki, damarları bağlanırsa və yarım-bağlı vəziyyətə düşərək nəticədə normal miqdarda gəlməli olan qan çıxmırsa – ət və içində qan olan damarları baxımından hökmü necədir?
Onun əti halaldır, lakin ehtiyat budur ki, daxilində olan qandan istifadə olunmasın.
Naib olaraq yerinə yetirilən həccin xərcləri
Özü istitaətli olmayan şəxsin atası həcc növbəsinə ad yazdırmış və hal-hazırda dünyadan getmişdir. O, bank blankını öz adına keçirib onun yerinə həcc yerinə yetirirsə sonrakı əməllərin vəsaiti, o cümlədən valyuta tədarükünü görmək kimin öhdəsinədir? Onun malının üçdə birindən götürə bilərmi?
Əgər atası istitaətin ilk fürsətində ad yazdırmış və həccə getməmişdən öncə vəfat etmişdirsə, onun əvəzinə naib olmaq vacib deyil. Yalnız varisləri razı olduqları təqdirdə (onun üçün) həcci yerinə yetirə bilər. Amma əvvəllər istitaətli olubsa və növbəyə yazılıb həccə getməkdə səhlənkarlıq etmişdirsə, onun yerinə “Miqat həcci” yerinə yetirməlidirlər. Amma əgər “Bələdi həccin” yerinə yetirilməsinə vəsiyyət etmiş olsa, gərək onu əncam versinlər. Əgər onun bank kağızlarını qanuni yolla satıb pulunun bir hissəsinə əcir tutmaq mümkündürsə, ehtiyat vacib budur ki, belə etsinlər.
Çəkilərində fərq olan halda qızılın qızıla satılması
Çəkilərində fərq olarsa qızılın qızıla müamiləsinin işkalı varmı?
Qızılın qızıla müamiləsi, çəkilərinin arasında fərq olsa, caiz deyil, baxmayaraq ki, onlardan biri keyfiyyətli növdən, digəri isə keyfiyyətsiz növdən olsun. Müamilənin səhih yolu budur ki, keyfiyyətli növü pula çevirib alsınlar və sonra ikinci növü həmin yolla satsınlar.
Bank faizi
Bankların öncədən şərt qoymaqla kredit müqabilində aldıqları 13%-lik qazanc (mənfəət) və ya banka yatırılan uzun müddətli pulların müqabilində verdikləri 10%-lik qazanc, sələm sayılırmı?
Əgər bankın şəri əqdlər və sələmdən xilas olmaq yolları haqqında olan nizamnamələri həyata keçirilsə, işkalı yoxdur.
İstifadəsiz məsciddən idman məkanı kimi istifadə etmək
İsfahanın Mübarəkə rayonunun Xuli Xan kəndində qədim bir məscidimiz var. İslam inqilabından sonra bir neçə yeni və böyük məscid istifadəyə verildiyinə görə, bu məscid tamamilə istifadəsiz qalmışdır. Yeri gəlmişkən, bu məscid üçün vəqf siğəsi də oxunmamışdır. Bir neçə ildir ki, bu kəndin idmançılarından bir qrupu, idman üçün yerləri olmadığına görə bu məsciddən qədim idman növü üçün salon kimi istifadə edirlər. Qədim idman növünün milli və ənənəvi idman növü olduğunu, bu idmanın əvvəlindən axırına qədər “ya Əli” (əleyhis-səlam) zikri, Həzrət Məhəmmədə (səlləllahu əleyhi və alihi və səlləm) salavat və bu kimi zikrlərin yad edildiyini nəzərə alsaq, məsciddə idman etmək və ondan istifadə etmək səhihdirmi?
Məscidi heç bir vəchlə məscid olmaqdan çıxarmaq və ya idman salonuna çevirmək olmaz. Lakin orada idmanla məşğul olmaq məscidin rövnəqdən düşməsinə, vəhninə (süstləşməsinə) səbəb olmasa və namaz qılanlara maneçilik törədilməsə, caizdir.

