Satılmış malın müamilədə nəzərdə tutulduğundan az olması
Əgər bir kəs filan ölçüdə torpaq sahəsinə sahib olduğunu qeyd edib onu satsa və müamilədən sonra müştəri bu torpaq sahəsinin ölçüsünün az olduğunu başa düşsə, müamilə bütövlükdə batildir, yoxsa müştəri az olan ölçüyə mütənasib olaraq pulun bir hissəsini satıcıdan ala bilər?
Müamilə mövcud olan miqdar barəsində səhihdir, lakin tərəflərin xəbəri yox idisə, hər ikisinin müamiləni pozmaq ixtiyarı var.
Sahibinin razılığı olmadan torpaq sahəsinin hökumət tərəfindən satın alınması
“Zəminşəhri” və ya digər orqanların əkinçilərin razılığı olmadan əkin sahələrini onlardan (zorla) almasının hökmü nədir?
Kiminsə şəri mülkiyyətini razılığı olmadan ondan almağa heç bir kəsin haqqı yoxdur. Müamilə edilməsi fərzində də məbləğ iki tərəfin razılığı ilə təyin olunmalıdır. Əgər zorla alsalar o torpaqlar qəsbidir. Orada namaz qılmağın işkalı var. Hər vaxt zərurət, müsəlmanların məsləhəti üçün bir mülkü sahibindən almağı tələb edərsə, onunla razılaşmaq lazımdır və ya heç olmazsa, günün ədalətli qiymətini ödəməlidirlər. Əgər bir mülkün sahibinin kim olmasında ixtilaf varsa, şəriət baxımından səlahiyyətli məhkəmələrə müraciət etmək lazımdır.
Şərikliyin pozulması
Aldığı maşının qiymətini ödəmək üçün yüz min tümən pula ehtiyacı olan şəxs öz dostuna müraciət etmiş və bu pulu ondan almış və onun pulu qaytarılan zaman öz dəyərini itirməməsi üçün onu maşının altıda bir hissəsinə şərik etmişdir. Bu işin hökmü nədir? Bu müamiləni poza bilərmi?
Əgər maşının altıda bir hissəsinə dair onun müamiləsi ciddi imişsə, müamilə səhihdir və onu öz tərəfindən (bir tərəfli) poza bilməz. Əgər müamilə zahiri imişsə, öz pulunun miqdarından (yüz min tüməndən) artıq bir şey tələb etməyə haqqı yoxdur.
Əmlakın qüsurlu olduğu halda müamilənin pozulması
Bir şəxs mənzilini 2 milyon tümənə satmış və özü üçün müamiləni pozmağa ixtiyar nəzərdə tutmamış, sənədləşdirmək üçün bələdiyyə idarəsinə müraciət etmişdir. Bələdiyyənin eksperti binanın yuxarı mərtəbəsində artıq hissəyə görə 40 min tümən məbləğində cərimə yazmış və balkonun sökülməsinə dair göstəriş vermişdir. Balkonu sökməklə onun üstündə yerləşən, yuxarı mərtəbədəki otağın 1 metri də söküləcəkdir. Bələdiyyə idarəsi satıcıya demişdir ki, balkon sökülmədən sənədin rəsmiləşdirilməsinə icazə verilməyəcəkdir, lakin özün orada yaşasan, cərimə ilə, balkonu və yuxarıdakı otağın bir hissəsini sökməklə işimiz olmayacaqdır. İndi satıcı cəriməni ödəməli, balkonu və onun yuxarısındakı otağın bir metrini sökməli və mənzili danışılan qiymətdən az qiymətə alıcının istifadəsinə verməlidir, yoxsa burada “la zərər” qaydası icra olunur və bu zərəri satıcıdan kənarlaşdırır, belə ki, satıcının müamiləni pozmağa və alıcının pulunu qaytarmağa haqqı var? Xahiş edirik, cavab verəsiniz.
Əgər satıcı mülkü notariat kontorunda təhvil verməyi öhdəliyinə götürmüşdürsə, öz öhdəliyinə əməl etməli və ona dəyən zərəri qəbul etməlidir. Sonra qiymət arasındakı fərqi müştəriyə qaytarmalıdır. Müştəri də qiymət fərqini qəbul etməklə müamiləni pozmaq arasında ixtiyar sahibidir.
Şirkət müqaviləsi ilə sələmdən qaçmaq
Bir şəxs mənə bir qədər pul vermişdir ki, özümdə olan pulla birlikdə maşın alıb hər ay ona qazanc adı ilə müəyyən məbləğdə pul verim. Bu iş caizdirmi? Caiz deyilsə, onu şəri yolu necədir?
Müamilənin şəri şəkildə olması üçün bu formada əməl etmək lazımdır ki, maşının sözü gedən məbləğinin miqdarında pulu, pulun sahibinə təhvil verin, sonra onun maşından olan payını müəyyən məbləğə icarə edin. Hər iki tərəf üçün müddətin sonunda müamiləni pozmaq haqqı verilsin. Sözü gedən müamilə bu şəkildə əncam verilsə, səhihdir.
Kafirlərə sələm verib-almaq
Kafirlərdən və İslam banklarından sələm almaq və onlara sələm verməyin hökmü nədir?
Kafirlərdən və qeyri-islami hökumətlərin banklarına pul qoyub sələm almaq caizdir, amma onlara sələm vermək caiz deyil. Yalnız zəruri hallar, məsələn, onlardan kreditə pul götürməmək belə ölkələrdə yaşayan müsəlmanlar üçün məşəqqətə, çətinlik və ya zillətə səbəb olarsa, istisnadır.
Borclarda inflyasiyanın hesablanması
Borc və alınacaq pullarda inflyasiya dəyərinin mühasibə olunması sələm sayılırmı?
Bizim əsrimizdə kağız pulların meydana gətirdiyi və geniş şəkildə yayılmış inflyasiya məsələsi ümumi camaat (ürf) içində rəsmiyyətlə tanınarsa, məsələdə fərz olunanlar, sələm olmayacaqdır. (Necə ki, bəzi xarici ölkələrdən nəql olunanlara görə, onlar banka yatırılan pullar üçün həm inflyasiya dəyərini, həm də mənfəətini mühasibə edirlər.) Belə bir şəraitdə inflyasiya dəyərini mühasibə etmək sələm deyil, lakin ona əlavə olunan mənfəət sələmdir. Bizim mühitimizdə və buna oxşar yerlərdə inflyasiya dəyəri camaat içində mühasibə olunmadığına görə, bütövlükdə sələm sayılır. Çünki bir-birinə borc verən şəxslər üstündən bir neçə ay və daha çox vaxt keçəndən sonra pulun özünü (maya dəyərini) istəyir və inflyasiya fərqini hesablamırlar. Elmi məkanlarda (cəmiyyətlərdə) sadəcə inflyasiyanın nəzərə alınması öz-özlüyündə (dəlil kimi) kifayət etmir. Çünki burada meyar ümumi camaatın nəzəridir. Lakin biz bir halı istisna edirik və o da bundan ibarətdir ki, məsələn, üstündən otuz il keçməklə həddindən artıq çox fərq yaranmış olsun. Ona görə də qadınların qədim mehriyələri barəsində və ya buna oxşar borclarda ehtiyat vacib bilirik ki, bugünkü dəyərlə hesablanmalıdır və ya heç olmazsa müsalihə etməlidirlər.
Qızılın qızılla müamiləsi
Qiymət artımı ilə qızılın qızıla satılmasının hökmü nədir? Bu kimi müamilələrin şəri cəhətdən həlli yolu nədir?
Belə hallarda qızılı satmaq üçün ən yaxşı yol budur ki, ayrı-ayrılıqda iki müamilə bağlansın. Məsələn, 1 kq qızılı bir milyon yüz min tümən nəqd pula satsınlar və alver məclisində pulu alıb qızılı versin, sonra 1 kq qızılı ki, bir ilin başında təhvil veriləcək, bir milyona ondan alsın. Nəticə bu olacaq ki, qızılın sahibi bu iki müamilə ilə öz qızılını il başında yüz min tümən əlavə pulla alacaqdır.
Çəkilərində fərq olan halda qızılın qızıla satılması
Çəkilərində fərq olarsa qızılın qızıla müamiləsinin işkalı varmı?
Qızılın qızıla müamiləsi, çəkilərinin arasında fərq olsa, caiz deyil, baxmayaraq ki, onlardan biri keyfiyyətli növdən, digəri isə keyfiyyətsiz növdən olsun. Müamilənin səhih yolu budur ki, keyfiyyətli növü pula çevirib alsınlar və sonra ikinci növü həmin yolla satsınlar.
Kredit hissələrini yığmaq üçün xərclənən vəsaiti almaq
Mən kreditlə mal satıram. Kreditin aylıq hissələrini vaxtında gətirməsələr, borcları almaq üçün öz işim və vaxtımı bu yolda sərf edirəm. Bunun üçün sərf etdiyim vəsaiti, o cümlədən verdiyim yol pulunu və ya motosiklet və maşın istehlakı üçün xərclədiyim pulları onlardan tələb etməyə haqqım varmı?
Camaat içində adətən borcları almaq üçün xərclənən adi vəsaiti almağa haqqınız yoxdur. Lakin adi miqdardan çox vəsait xərcləsəniz, ala bilərsiniz. Bir şərtlə ki, qarşı tərəf öz borclarını vaxtında ödəməmiş olsun.
Pulun pulla müamiləsi
Pulun pulla müamiləsinin hökmü nədir?
Əgər müxtəlif valyutaların mübadiləsi nəzərdə tutulmuşdursa, eybi yoxdur. Lakin eyni pul vahidinin mübadiləsi nəzərdə tutulmuşdursa, məsələn, İran kağız pulunu eyni pulla mübadilə etsələr, belə ki, əsginaslar camaat içində bir-biri ilə fərqli olsalar, misal üçün, iri əsginasları bəzən kiçik əsginaslardan daha çox bəyənsələr, necə ki, müsafirlər üçün daha istifadəlidir, burada da bir mal (əmtəə) şəklində olub, təklif (istehsal) və tələbə (istehlak) tabe ola bilər. (Əlbəttə, belə hallarda aqil adamlar arasında nəzərə alınan bir az fərqlə). Üçüncü şəkli də bundan ibarətdir ki, sələmdən qaçmaq üçün bir miqdar nağd əsginası daha artıq miqdara – bu əsginasların arasında olan fərq nəzərə alınmasa belə – nisyə və müddətli şəkildə satmaq istəsinlər. Belə müamilənin işkalı var və həqiqətdə alğı-satqı adı verilən sələmli borcdur.
Pulun baha qiymətə müamiləsi
İcazə verirsiniz ki, məsələn, bir milyon tümən pulu 6 ay müddətinə bir milyon 200 min tümənə sataq?
Bu iş həqiqətdə alğı-satqı deyil. Çünki vahid əsginasın alğı-satqısı ağıl sahiblərinin arasında mövcud deyil, əksinə, alğı-satqı adı verilən sələmli borcdur.