Camaat namazının başqa məsciddə təkrarı
İmam camaat, camaat namazının digər məsciddə digər camaatla yenidən qılınmasını caiz bilən bir müctəhidə təqlid edir. Lakin ikinci məscidin məmumları bu işi caiz bilməyən digər bir müctəhidin müqəllidləridir. İkinci məscidin məmumları o imama iqtida edə bilərlərmi?
Ona iqtida edə bilməzlər. Lakin onların xəbəri yoxdursa, imama bu barədə onlara izahat vermək lazım (vacib) deyil.
İmam camaatın ayağının eyibli olması
İmam camaatın bir ayağı bir qəza hadisəsində sınmışdır, nəticədə ayağı düz yığılmır ki, təşəhhüddə, səcdələrdə və salamlarda diz üstə otursun. Həmin sınmış ayağını səcdələrdə və təşəhhüddə bir qədər uzatmalı olur. Lakin digər şərtləri yerindədir. Onun bu halla imamət etməsi caizdirmi?
Caizdir.
Məhsul almaq şərtilə verilən borc
Bir şəxs problemlərə görə digərindən pul alsa və pul verən belə desə: “Bu şərtlə sənə pul verirəm ki, məhsul yığılan zaman buğdanın hər kiloqramını filan qiymətə mənə satasan” və fərz etsək ki, məhsul yığımının vaxtı çatmayıb, qiymət də qeyri-müəyyəndir, bu halda pul almağın hökmü nədir?
Bu borc və bu müamilə batildir.
Təxirdən dəyən zərəri almaq üçün əqdin daxilində şərt qoymaq
Əgər borcun təxirlə ödənilməsindən dəyən zərər, “lazım” müqaviləyə əlavə olunmuş şərt şəklində olarsa, onu almaq caizdirmi?
Əgər digər “lazım” əqdin daxilində şərt olunarsa, caizdir.
Yazılı sənədlərin məhkəmə prosesində etibarı
Aşağıda qeyd olunanları nəzərə alsaq, qazı indiki zamanda rəsmi sənədləri etibarlı sayıb, onları öz çıxardığı qərarlar üçün əsas tuta bilərmi?a) Bir çox şərait, hallar və əlamətlər mövcuddur ki, ürf (camaat) içində bu sənədləri tərtib edənlərə etibar edilməsinə, habelə rəsmi sənədlərə etimad göstərilməsinə səbəb olur. Məsələn, qanunu pozmuş notariuslara tətbiq edilən cinayət və hüquqi cəzaların mövcudluğu, rəsmi sənədlər üçün kontorları yoxlayan daimi müfəttişlərin mövcud olması və digər tərəfdən də dəftərxana müdirlərinin (notariusların) onlara müraciət edənlərin etibarını qazanmaq üçün öz işlərinə böyük diqqətlə yanaşmaları;b) Camaatın hüquqi və iqtisadi əlaqələrinin böyük hissəsi, habelə istintaq məsələləri rəsmi sənədlər əsasında qurulur, belə ki, bu sənədlər (məsələn, şəxsiyyət vəsiqəsi, evlilik haqqında şəhadətnamə, torpaq sahəsi, mənzil, avtomobil və s.- in mülkiyyətinə aid olan sənədlər) mövcud olmadıqda cəmiyyətin bu qisim məişət nizam-intizamında hərc-mərclik yaranacaqdır. c) Böyük fəqihlərin, xəttin və yazının etibarlı sayılmaması üçün qeyd etdikləri dəlillər: məsələn, yalan olması ehtimalı və ya katibin məqsədinin yazılanların olmaması ehtimalı camaat arasında bu sənədlər barəsində qəbul olunmur.
Kətbi (yazılı) imza şifahi inşa hökmündədir. Buna görə də hazırkı mötəbər sənədlər hüccətdir (dəlildir). Biz, “Ürvətül-vusqa” kitabının təliqəsinin ikinci cildində bu məsələ üçün kifayət qədər dəlil və sübut yazmışıq.
Qazının qeyri-qanuni əlaqələrə dair axtarış aparması
Bəzən bir qızla oğlan arasında baş verən qeyri-qanuni əlaqələr barəsində məlumat verilir, amma onlar üçün iş açılandan sonra tərəflər hər hansı bir əlaqənin olmasını inkar edirlər və ya cismi (bədənlə) əlaqə və təmasa etiraf etsələr də, cinsi yaxınlığı inkar edirlər. Bu halda qazı vəziyyətin aydınlaşması üçün ekspert həkimin yanına göndərir və həkim qızın ön və arxa cinsi üzvlərini müayinə edir. Sual budur ki: 1) Qızın müayinə üçün (kişi və ya qadın) ekspert həkimə göndərilməsi lazımdırmı? Əgər qızın ailəsi özlərinin nigarançılıqlarını bildirərək qızın müayinə olunmasını istəsələr, onda necə?2) Həkimin qərarı hökmdə təsir qoya bilərmi? Əgər ekspert qızın ön və arxa cinsi orqanlarına bərk cismin dəydiyi barədə hesabat versə, amma (nəyin dəyməsi) aydın şəkildə məlum olmasa, onda necə?
a) Belə məsələlərdə axtarış aparmaq qazının vəzifəsi deyil və müayinə etmək caiz deyil. Yalnız zəruri halları bundan müstəsnadır. b) Yuxarıda fərz olunan halda ekspertin qərarı təklikdə kifayət etmir.
Təxirdən dəyən zərəri kafirlərdən almaq
Bu kimi zərərləri kafirlərdən almaq caizdirmi?
Əmlakı bizim üçün halal olan kafirlər barəsində, maneəsi yoxdur.
Mütəcəzzi müctəhidə təqlid
Mərcəyi-təqlid mütləq (fiqhin bütün sahələrində) müctəhid olmalıdır, yoxsa mütəcəzzi (bütün sahələrdə deyil, bəzi hissələrində) olsa da olar?
Mütəcəzzi müctəhidə təqlid işkalsız deyildir.
Şirin sularda yaşayan xərçəng və şahmeyqu
Zoologiya mütəxəssislərinin dediklərinə görə ölkəmizin cənub sularında “Şahmeyqu” deyilən uzun xərçəng, habelə Ənzəli bataqlıqlarının şirin sularında və ona bağlı çaylarda, eləcə də ölkə daxilində olan bəzi şirin sularsa “Şirin su xərçəngi” deyilən bir növ uzun xərçəng yaşayır ki, bədən quruluşuna görə meyquya (xırda dəniz xərçənglərinə) çox oxşarlıqları var. Zahiri quruluşuna görə “Şahmeyqu” və “Şirin su xərçəngi” ilə dəniz və çayların kənarında yaşayan, girdə və yastı bədən quruluşuna malik olan adi məşhur xərçənglər arasında böyük fərq vardır. Bunlar halaldır, yoxsa haram?
Şəriət hökmü bu kimi hallarda mövzunun xalq arasında təsdiqlənməsinə tabedir. Ona xərçəng deyilirsə, haramdır, amma əgər krevet (rubiyan, meyqu) adı ilə məşhurdursa halaldır. Bu mövzunu aydınlaşdırmaq üçün balıqçılara müraciət edin.
Qəsb olunmuş Quranın üzündən tilavət etmək
Əgər bir şəxs sahibinin icazəsi olmadan bir Quranı götürüb istifadə etsə, tilavət etdiyi surətdə onun qiraətinə savab düşürmü?
Çətin məsələdir (savab qazanmasını demək olmaz).
Vələdüzzinanı uşaq evinə tapşırmaq
Zinadan doğulmüş uşaq zinakar qadına (anasına) verilərsə, fəsadla nəticələnə və o kənddə bir sıra mömin insanın adına ləkə gətirə bilər. Amma müqəddəs şəriət və ya dövlət qanunu bu uşağı, uşaq evinə təhvil versə, həm fəsad azalmış olar, həm də bir neçə möminin abrı qorunar. Bu məqamda vəzifə nədir?
Belə hallarda şəriət hakimi qərar çıxarmalı və fəsad yaranarsa, onun qarşısını almalıdır.
Bir qazının çıxardığı hökmün başqa qazı tərəfindən ləğv edilməsi
Bir qazı başqa bir qazının hökmünü ləğv edə (qüvvədən sala) bilərmi? Bu iş caiz deyilsə, ölkənin Ali məhkəməsi tərəfindən bir qazının qərarını pozmaq üçün hansı yol vardır?
“Birinci dərəcəli ünvanlar” baxımından cinayət işlərinə yenidən baxmaq üçün təkcə çıxış yolu budur: birinci mərhələdə olan qazılara göstəriş verilməlidir ki, mühüm məsələlərin (məsələn, qətl hadisələrində, mühüm mülki məsələlərdə və s.) ilkin mərhələsində qəti qərar çıxarmasınlar və yalnız öz məşvərət yönlü nəzər və məsləhətlərini qeyd etsinlər. Başqa sözlə, belə məsələlərdə hökm vermək (qərar çıxarmaq) onların qəzavət hüquqları dairəsindən xaricdir. Bununla da işlərə yenidən baxmaq üçün şərait yaranacaq və ikinci hakim cinayət işi üzrə bütün lazımi işləri apara, əlavə olaraq, birinci qazının məsləhətlərindən də istifadə edə biləcəkdir. Əlbəttə, bu, şikayət edən tərəflərin işə yenidən baxılmasını tələb etdikləri hallardadır. Amma əgər onlar işə yenidən baxılmasını tələb etməsələr, birinci qazı qəti qərar çıxara bilər. (Yəni bu halda hökm inşa etmək hüququna malikdir.)
Tanış olmayan imam camaata iqtida etmək
Bir nəfər elm əhli hansısa şəhərə və ya kəndə gəlib ki, oranın əhalisi onu tanımır. Bu halda ona iqtida edə bilərlərmi?
Onun ədalətinə xatircəmlikləri varsa, kifayətdir.

