Kişinin sonsuzluğu
Ər və arvad evləndikdən bir neçə il keçsə də, uşaqları olmadı. Həkim təyin etmişdir ki, qüsur kişidən olmuşdur. İndi qadın deyir ki, kişinin erkəklik vəziləri yoxdur və sonsuzluqlarının səbəbi də bundadır. Bu halda qadın nikahı poza bilərmi?
Bu işdən xəbəri olmamışsa, bu halda poza bilər. Amma xəbərdar olandan sonra razılaşaraq onunla yaşayıbsa, poza bilməz.
Spid xəstəliyi
Kişi və qadının hər birində spid xəstəliyinin olmasını, nikah əqdini talaqsız pozmağın mümkün olduğu eyiblərdən biri bilirsinizmi?
Əgər mütəxəssis şəxslərin şahidliyi ilə bu xəstəlik yoluxmaya və təhlükəyə səbəb olacaq bir mərhələdədirsə və ər arvadına talaq verməyə razı deyilsə, qadın öz talağını şəri hakim vasitəsilə ala bilər. Kişi də belə hallarda qadına talaq verə bilər.
Dəlilik
Ərim möhtərəm və savadlı bir həkim idi və təəssüflər olsun ki, bir neçə il müştərək həyatımızdan sonra ağlını itirdi. Mən onun şüurunu itirməsi haqqında məhkəməyə məlumat vermişəm və ekspert həkim də məsələni təsdiqləmişdir. Əgər şəri hakim həcri isbat edib onu məhcur bilsə, həcr hökmü çıxarılan kimi nikah əqdi pozulurmu? Yoxsa nikahın pozulması üçün yenidən məhkəməyə müraciət etmək lazımdır?
Qadın nikahı pozmaq (fəsx etmək) siğəsini icra edə bilər və ehtiyat budur ki, bu haqda şəri hakimə məlumat versin.
Kəbindən və cinsi yaxınlıqdan sonra sər (epilepsiya) xəstəliyi olduğunu başa düşmək
Oğlumu bir qızla daimi şəkildə evləndirmişəm, toy şənlikləri də keçirilib. İndi məlum olub ki, qız neçə illərdir ki, sər xəstəliyinə tutulmuşdur. Qızın özü və həkimi də bunu təsdiq etmişlər. Lakin ata-anası bu məsələni deməmiş və gizli saxlamışlar. Hətta qız deyir ki, mən demək istəyirdim, amma ata-anam buna mane oldular. Bu halda nikahın və mehriyyənin hökmü necədir? - Sər xəstəliyi, epilepsiya, ürəyi getmə, bihuş olma.
Sər xəstəliyi nikah əqdini pozma ixtiyarına səbəb olmur. Qıza talaq vermək istəsələr, əgər yaxınlıq etmişlərsə, mehriyyənin hamısını ödəməlidirlər.
Bəkarətin olmadığı təqdirdə nikahı pozmaq
Qızda bəkarətin olmamağı, nikahı fəsx etməyin caizliyinə səbəb olurmu? Fəsxin mənası nədir?
Əgər (əqddə) bakirəliyi şərt etmişdirsə, fəsx hüququ vardır və adətən bizim ictimai mühitdə bakirəlik şərti, nikahın daxilində olan şərt kimidir ki, əvvəlcədən bu barədə razılaşma əldə edilmişdir. Fəsxin mənası isə budur ki, desin: “Mən əqdi fəsx etdim və ya pozdum”. Hər dillə deyilsə kifayətdir.
Kişinin cinsi acizliyi
Əgər bir kişinin evlənməzdən öncə cinsi acizliyi olsa və qadın toy mərasimindən sonra bunu başa düşsə, lakin dərhal nikahı pozmasa və ərindən ayrılmasa, bu halda qadın talaqsız ərə gedə bilərmi?
Belə hallarda qadın şəri hakimə müraciət etməlidir, hakim kişiyə bir il möhlət verir. Əgər sağalsa, nikah öz qüvvəsindədir. Əks halda qadın nikahı fəsx edə bilər və talağa da ehtiyac yoxdur. Kişi bundan (fəsxdən) sonra sağalsa belə, yeni nikah oxunmadan o qadına qayıtması mümkün deyil.
Həyat yoldaşının cismi və ruhi cəhətdən sağlam olmaması
Əgər tədlis (saxtakarlıq) edən şəxs qadının özü olsa və ər eyib olduğunu başa düşəndən sonra nikahı fəsx etsə, belə ki, sözü gedən tərəfin, ruhi xəstəliyi, baş gicəllənməsi, qusması, qıcolması, kobud rəftarı və əlacı olmayan ruhi xəstəliklərdən yaranan qeyri-adi halları varsa, mütəxəssis həkimlər və gözlə görənlər bunu təsdiq etsələr, bu fəsx səhihdirmi?
Əgər gəlin və onun adamları elə göstərsələr ki, guya qız sağlamdır və həqiqətdə qızın sağlamlığı əqdin daxilində olan şərt şəklini alsa, sonradan bunun əksi aşkara çıxsa, ərin nikahı fəsx etməyə haqqı var. Əgər duxul etməyibsə, qadın üçün heç bir mehriyyə yoxdur. Amma eyibi başa düşməzdən öncə duxul edibsə, mehriyyənin hamısı ona lazımdır (vacibdir) və onu (mehriyyəni) tədlis edən şəxsdən ala bilər. Əgər tədlis edən qadının özüdürsə, mehriyyəsi yoxdur.
Ərin narkoman olmasını başa düşmək
Əgər qadın əqddən sonra ərinin narkoman olduğunu başa düşsə, əqdi fəsx edə bilərmi? Mehriyyənin hökmü necə olacaqdır?
Əgər qadın əqd zamanı şərt etsə ki, əri məsələn, səfərə getsə, narkotik maddələrə adət etsə və ya onun xərcliyini verməsə, talağın ixtiyarı qadının öz əlində olsun, belə şərt batildir. Lakin şərt etsə ki, o, əri tərəfindən vəkil olsun ki, hər zaman bu işləri görsə, özünə talaq versin, bu vəkalət səhihdir və bu şəkildə özünə talaq verə bilər.
Ər və arvadın təmkin barəsində iddiası
Əgər tərəflər arasında bu səbəbdən fikir ayrılığı olsa və qadın itaətini mehrlə şərt etdiyini iddia etsə, əri isə arvadının hətta mehriyə alacağı təqdirdə belə təslim olmaq fikri olmadığını açıqlasa, eyni zamanda ərin dediklərinin doğruluğunu ehtimal verən dəlillər də mövcud olsa, qadının sırf iddiası ilə ərinə nəfəqə vermək vacib olurmu, yoxsa münaqişəyə möhkəm dəlillər gətirməklə və and içməklə son qoyulmalıdır? Və bu halda kim iddiaçı və kim inkarçı sayılır?
Əgər əri ilə bir yerdə yaşayan qadının davranışından onun təslim olduğunu başa düşmək olursa və əri bunun əksini iddia edirsə, bunu sübut etməlidir. Əgər onun davranışından bunun əksi başa düşülürsə, ərinin iddiası məqbuldur.
Zifafdan öncə nəfəqə
Toy (nikah) mərasimi ilə zifaf gecəsi (müştərək həyatın ilk gecəsi) arasında, nə qədər ki, qız ər evinə getməyib, ərdən nəfəqə (xərclik) alması adət deyil. Əgər zövcə bir müddətdən sonra o dövrdəki nəfəqəsini tələb edərsə, onun nəfəqə almağa hüququ vardırmı? Halbuki, hələ tam şəkildə təslim olmayıb.
Nəfəqə almağa haqqı yoxdur.
Həyat yoldaşının övladının nəfəqəsi
Mən ərindən boşanmış bir qadınla evlənmişəm. Onun bir oğlu da var ki, o zamandan bizimlə bir yerdə yaşayır. Bu oğlanın maddi cəhətdən imkanlı olan atası, babası və nənəsi də var. Mən isə xırda bir işçi olduğuma görə indiyə kimi heç bir öhdəlik və müqavilə olmadan çətinliklə, borcla bu uşağın xərcliyini vermişəm. Sözü gedən ata, baba və nənə qanuni və şəri baxımdan bu uşağın xərcliyini mənə borcludurlarmı?
Əgər siz uşağın atası ilə müqavilə bağlamadan təmənnasız olaraq onun xərclərini ödəmişsinizsə, ondan nə isə tələb etməyə haqqınız yoxdur. Lakin onun atasının göstərişi və ya icazəsi ilə bu işi görmüşsünüzsə, nəfəqəni istəməyin maneəsi yoxdur.
Qeyri-qanuni övladın nəfəqəsi
Qanunsuz yolla dünyaya gələn uşağın anası bu uşağın atasından onun üçün nəfəqə istəməyə haqqı varmı?
Belə ananın nəfəqə tələb etməyə haqqı yoxdur. Lakin qanunsuz doğulmuş uşağın nəfəqəsi ataya vacibdir.
Həyat yoldaşına nəfəqənin nağd şəkildə verilməsi
Həyat yoldaşının məxaricini təmin etmək üçün ərinin ona gündəlik və ya aylıq pul verməsi lazımdırmı? Vacib olan təqdirdə ərin pulun harada xərclənməsini təyin etməyə haqqı varmı?
Ərin öz həyat yoldaşına öz nəfəqə və xərclərini əldə etmək üçün vəkalət verməsinin maneəsi yoxdur və qadının bu şərtə uyğun əməl etməsi lazımdır. Bu, ərin öz həyat yoldaşına nəfəqənin əldə edilməsi üçün vəkalət verdiyi haldadır. Lakin nəfəqə haqqını onun öz öhdəsinə qoyarsa, qadın onun harada sərf olunmasında ixtiyar sahibidir.
Bacının xərclərini ödəmək və onu ərindən tələb etmək
Mənim Xədicə adlı bacım, Zöhrab adında bir kişinin həyat yoldaşı olmuşdur. Bacım sağlığında əri işləmək və qazanc əldə etmək üçün Qətərə getdi. Mən 6 il ərzində bacımın və bacım qızının nəfəqə və xərcliklərini şəxsən özüm vermişəm. Bacım bizim evdə dünyadan gedəndə, onun hətta kəfən və dəfn xərclərini, habelə bacım qızı həddi-buluğa və evlənmək yaşlarına çatana kimi onun da xərclərini mən vermişəm. Bacımın əri sadaladığım bu işlərə görə mənə borcludurmu?
Bacınızın əri bütün bu müddət ərzindəki xərcləri bacınıza borcludur və bu pullar onun irsinin bir hissəsi sayılır. Əgər xərclərini borc ünvanı ilə verməyinizi bacınızla qərara almış olasınız və ya bunu göstərən aşkar dəlillər mövcud olmuş olsa, siz bu halda verdiyiniz pulları onun irsindən götürə bilərsiniz