Müttəhimdən ifadə almaq üçün işgəncə
Polis şöbəsi bir neçə nəfəri oğurluqda şübhəli bilərək saxlamışdır. Əksər hallarda onlardan adi şəkildə və kötək vurmadan sual olunsa, heç nəyi boyunlarına almır və öz həmkarlarının adlarını vermirlər. Nəticədə ayrı-ayrı şəxslərin maşın, xalça kimi əmlakları oğruların əlində qalır. Amma şallaq və kötək olsa, öz oğurluqlarını əksər hallarda boyunlarına alır və öz yoldaşlarının da adlarını verirlər. Bu idarə işçiləri şəriət baxımından məsul olmamaq üçün nə etməlidirlər?
Cinayətini şərən sübuta yetirməmiş heç bir müttəhimi cəzalandırmaq olmaz. Yalnız iki surətdə bu mümkündür:1) Öz iqrar və etirafına görə sahibinin icazəsi olmadan evə girmək, avtomobilin qapısını açmaq və ya əxlaqsızlıqla məşğul olmaq kimi günahları sübuta yetən, habelə cəza dəlillərinə şamil olan hallarda. Belə hallarda onu bu ünvanla cəzalandırmaq və ondan bildiklərini açıqlamağı tələb etmək olar.2) İslam hökuməti və ya İslamın varlığına, habelə müsəlmanların can və qanlarına geniş miqyasda aid olan böyük əhəmiyyətə malik məsələlər gündəmə çəkilən, nəticədə “mühüm və daha mühüm” qaydasını əsas tutaraq belə cəza növlərini tətbiqi mümkün olan yerlərdə. Bundan əlavə müasir zamanda dünyada elə metodlar kəşf olunmuşdur ki, müstəntiq müttəhimə əzab-əziyyət vermədən məlumatları ondan ala bilir.
Talaq siğəsini icra etmək üçün şəriət hakiminin vəkaləti
Mən ərim və uşaqlarımla bir yerdə 1366-cı (1988) ildə Norveçə gəlmişik. Hal-hazırda 3 il olar ki, ərim məni və uşaqları atıb getmiş və məni naməlum vəziyyətdə qoymuşdur. Norveçdə dövlət tərəfindən boşanmışıq. Norveçdə şiələr və müsəlmanlar üçüm İslam Tovhid Mərkəzi fəaliyyət göstərir. Həzrət ustaddan xahiş edirik ki, bu mərkəzin ruhanisinə şəriət baxımından talaq siğəsini icra etmək üçün vəkalət və icazə verəsiniz ki, mənim talağımı oxusun.
Əgər əriniz nə sizinlə yaşamaq istəyir, nə də sizə şəri talaq verirsə, o məntəqənin möhtərəm ruhanisinə vəkalət veririk ki, sözü gedən mövzu sübuta yetəndən sonra sizin və sizin şəraitinizə oxşar vəziyyətdə yaşayan digər müsəlmanların talağını oxusun.
Vəfat etmiş müctəhidə təqliddə qalmaq
Bir şəxs bir müctəhidə təqlid etmiş və onun vəfatından sonra ikinci diri müctəhidin icazəsi ilə birinci müctəhidə təqliddə qalmışdır. Sonra ikinci müctəhid də vəfat etmişdir. Bu şəxs hal-hazırda diri olan üçüncü müctəhidə təqlid edir. İndi diri müctəhidin icazəsi ilə birinci müctəhidəmi, yoxsa ikinci müctəhidə təqliddə qalmalıdır?
Birinci müctəhiddə təqliddə qalsın.
Qadın və kişi örtüklərinin həddi
İslam baxımından hicab nəyə deyilir? Kişi və qadın üçün hansı növ geyim hicab sayılır? Bəzi qadınların başlarına qoyduqları süni saçlar onların təbii saçlarının hicabı sayılırmı?
Şəriət baxımından qadınlar üçün hicab, bədəni bütövlükdə üz və biləyə qədər əlləri istisna etməklə- örtməkdir. Amma zahiri bəzək sayılan bir çox geyimlər (məsələn, süni saçlar) kifayət deyildir. Habelə, zinət və bəzək geyimi sayılan geyimlər də kifayət etmir. Kişilər üçün isə hicab, müsəlman camaat içində örtülməsi adət olan bədən hissələrini örtməkdir. Buna görə kişilərə üzü, əlləri, qolların bir hissəsini (qısa qol köynəklərdəki kimi) və bu kimi hissələri örtmək vacib deyil.
Həddi-buluğa çatmayan uşağın ifadəsi
Həddi-buluğa çatmamış iki uşaq yerli dildə “kəpər” deyilən yay evində oturmuş və ya oynayırmışlar. Onlardan biri kəpərdən düşür və bədən üzvlərində qüsur əmələ gəlir. Yaralanmış uşaq iddia edir ki, o biri uşaq onu itələyib yerə salmışdır. Əleyhinə iddia olunan uşaq isə bunu inkar edir. Hadisənin şahidi olan və həddi-buluğa çatmamış bir neçə uşaq da ya iddiaçının, ya da əleyhinə iddia olanın lehinə şəhadət verirlər:1) Həddi-buluğa çatmamış uşağın verdiyi ifadə qəbul olunurmu?2) Müttəhim və iddianı inkar edən uşağın özü və ya vəlisi (qəyyumu) and içə bilərmi?3) Müttəhim və onun vəlisi andı qaytara bilərmi?
1) Sözü gedən şəhadət qəbul olunmur. Yalnız qətllə nəticələnən işlərdə bu şəhadət qəbul oluna bilər. Lakin yaxşı olar ki, öz aralarında müsalihə etsinlər (razılığa gəlsinlər).2 və 3) Yuxarıdakı cavabdan məlum oldu.
Öncədən şərt qoyulmadan verilən borcun müqabilində hədiyyə almaq
Zeyd öz pulundan bir miqdarını bank şöbələrinin birinə və ya bir şəxsə hər hansı ünvanla vədiə (əmanət) verərək ona istifadə etməyə icazə verir. O da pul sahibinə təşəkkür etmək üçün və ya başqa bir ünvanla hər ay və ya hər iki aydan bir, öncədən şərt qoyulmadan müəyyən məbləğdə pul ödəyir. Həzrət ustadın nəzərincə bu məbləğdə pulu vermək və almaq necədir?
Öncədən şərt olmasa, eybi yoxdur.
Ərinə tabe olmayan qadının talaq üçün vəkil olmasının şərti
Əgər qadın ərinin digər bir qadınla evlənəcəyi təqdirdə talaq vermək üçün onun tərəfindən vəkalətə malik olacağını şərt etsə, bu halda ər arvadının onunla yola getmədiyinə görə ikinci arvadı alsa, yenə də birinci həyat yoldaşı talaqda vəkildirmi?
Zahirən bu şərt belə bir hala aid deyil. Çünki qoyduqları bu şərtdə məqsəd kişinin bir arvadla qənaətlənməsi idi. İndi isə, birinci qadın ailə həyatının hüquqlarını ayaq altına salaraq kişini çıxılmaz vəziyyətdə qoymuşdursa, o şərtə əməl etmək üçün heç bir yol qalmır. Yəni, qadının talaq üçün vəkaləti olmayacaqdır.
Vəty olunmuş heyvanın zəmanəti
Zeyd neçə il bundan öncə Əmrin heyvanı ilə günah iş (vəty) görmüşdür. Heyvanın sahibi onun satmış və pulu alıb xərcləmişdir. Heyvanın harada olması, sağ yoxsa ölmüş olması məlum deyil. İndi zaman ötdükdən sonra o, günahını başa düşmüşdür və tövbə etmək istəyir. Sualı budur:1) O heyvanın qiymətini onun sahibinə və ya vərəsəsinə zamindir, ya xeyr? 2) Zeydin həddi-buluğa çatıb-çatmamağı və ya məninin tökülüb-tökülməməyinin hökmdə bir fərqi varmı?3) Həddi-buluğa çatıb-çatmadığında şəkk etdiyi halda vəzifə nədir?4) Əgər zamindirsə, heyvanın qoyun, keçi və s. kimi adətə görə əti yeyilən heyvan olması, yaxud adətə görə əti yeyilən heyvan olmamasının (məsələn, at, ulaq və s.) hökmdə bir fərqi varmı?5) Qiymətinin ödənməsi vacibdirsə, onun ödənmə səbəbini müqabil tərəfə söyləməlidirmi? Çünki, etiraf etməyin fəsad yaranmasına, xəcalətə səbəb ola biləcəyi mümkündür.
1) Zamindir və onun qiymətini ödəməlidir. 2) Əgər həddi-buluğ və mükəlləf olmasa bu hökm onun barəsində qüvvədə deyil. 3) Həddi-buluğda şəkk etdiyi surətdə həddi-buluğa çatmamasına hökm olunur.4) Hər iki halda onun qiymətini sahibinə ödəməlidir. Lakin ikinci halda heyvan tapılarsa, onu digər şəhərə aparıb satmalıdırlar. Pulu isə günah işi görən adama çatacaqdır.5) Elan etmək lazım deyil.
Talaqda iki həkəmin çıxardığı hökmün qüvvədə olma halları
Ər-arvad arasında olan ixtilaf və mübahisə barədə həzrət İmam Xomeyni (rizvanullahi taala ələyh) iki tərəfdən həkəm və münsifin təyin edilməsində ehtiyat buyurmuşdur. Cənab ustadın da yanaşması bununla eynidir. Əgər qadın öz ərindən ona talaq verməsini istəsə, belə ki, şəriət və qanuni baxımdan talaq vermək haqqı kişinin ixtiyarındadırsa (istisna hallarını çıxmaq şərtilə), belə halda da iki həkəm və münsifin təyin olunmasına ehtiyac vardırmı? Çünki ər talaq verməyə razı olmasa, həkəm və münsifin əlindən bir iş gəlmir və bunun heç bir faydası yoxdur. İstisna hallarında, o cümlədən, nəfəqənin verilməməsi və ya arvadın ərindən nəfəqə alması mümkün olmadığı hallarında, məhkəmə talaq üçün ölçü götürə bilirsə, belə bir halda da münsif təyin etmək lazımdır ya yox?
Quran ayələrinin zahirinə əsasən, həkəm (münsif) təyin etmək elə hallara aiddir ki, ərlə arvad arasında kəskin ixtilaf və mübahisə yaranmış olsun və bu mübahisənin onlar arasında ayrılmaqla və digər xoşagəlməz əməllərlə nəticələnəcəyi gözlənilsin. Belə halda şəriət hakimi onların işinə baxmaq üçün iki həkəm (münsif) təyin edir. Bu iki həkəm (münsif) o halda ayrılmağa hökm verə bilərlər ki, ər-arvad tərəfindən, onlara məsləhət gördükləri hər bir iş, hətta talağa əməl etməkləri həvalə olunmuş olsun.
Kişinin sonsuzluğu
Ər və arvad evləndikdən bir neçə il keçsə də, uşaqları olmadı. Həkim təyin etmişdir ki, qüsur kişidən olmuşdur. İndi qadın deyir ki, kişinin erkəklik vəziləri yoxdur və sonsuzluqlarının səbəbi də bundadır. Bu halda qadın nikahı poza bilərmi?
Bu işdən xəbəri olmamışsa, bu halda poza bilər. Amma xəbərdar olandan sonra razılaşaraq onunla yaşayıbsa, poza bilməz.
Murdar olmuş heyvanı və nəcis yeməyi kafirlərə satmaq
Haram balıqları kafirlərə satmaq və bu yolla əldə olunan pulları sərf etmək və ya İslam hökumətinə vermək caizdirmi?
Onu halal bilən adamlara satmaq caizdir. Habelə murdar (ölmüş heyvan), nəcis yemək və əti yeyilməyən bəzi heyvanları (onu halal bilən adamlara satmaq caizdir). Lakin şərab və bu kimi şeyləri satmaq caiz deyil.
Yaxınlıq olunmuş heyvan
Bir nəfər şəriət hökmünü bilməməzlik üzündən bir neçə il bundan öncə bir heyvanla yaxınlıq etmişdir. İndi məsələni başa düşmüşdür və ehtimal verir ki, qoyunun sahibi onu satmış və ya o qoyun tələf olmuşdur. Sual budur ki, bu şəxsə bir qoyunu kəsib yandırmaq vacibdirmi? Əgər vacibdirsə və bəzi səbəblərə görə bu işə imkanı çatmırsa, tövbə etdiyi təqdirdə qoyunların süd və ətlərindən istifadə edə bilərmi? Belə bir adam üçün qoyunu kəsib yandırmaq (o qoyunun sağ olması ehtimalı varsa) mümkün olmasa, bu şəxs adildirmi?
Əgər o qoyunun tələf olmasına və ya əl çatmayan bir şəxsə satıldığına yəqini varsa, hal-hazırda boynunda heç bir vəzifə yoxdur. O, ciddi şəkildə öz işindən tövbə etməli və keçmiş əməlindən tamamilə uzaqlaşmalıdır. Əgər ədalət və Allahdan qorxma səciyyəsi onda adət halını alarsa, imam camaat ola bilər. Lakin o qoyunun hələ də sürünün içində olmasını ehtimal verirsə, püşk atmalıdır. Bu şəkildə ki, qoyunları iki hissəyə bölməli və onların arasında püşk atmalıdır. Sonra yenə (püşk düşən) o hissəni iki hissəyə bölüb axırda bir qoyun yerdə qalana qədər yenidən püşk atmalı və o qoyunu kəsib ətini yandırmalıdır. Əgər bu qoyun onun öz malı deyilsə, onu pulla almalıdır. Yalnız bir hal istisna ola bilər ki, bu işin mühüm bir problem və çətinlikləri olmuş olsun.
Şübhəli yaxınlıq iddəsinin əvvəli
Şübhəli yaxınlıq iddəsinin əvvəli nə zamandan başlanır? Bunun dəlil və sübutu nədir?
Şübhəli yaxınlığın iddəsinin əvvəli, şübhəli yaxınlıq olduğunu başa düşdüyü zamandır. Necə ki, bizim “Ürvətul-vusqa” kitabına yazdığımız təliqədə də qeyd olunmuşdur. Dəlil və sübutu isə bu barədə rəvayət olunan hədislərdir. (Təliqəyə müraciət edin.)

