Qızın müsalihə dəyəri olaraq ərə verilməsi
Bir məntəqədə iki tayfa arasında münaqişə, çəkişmə baş verir və nəticədə oğlan uşağının gözü görmə qabiliyyətini itirir. Müsalihə dəyəri olaraq 10 yaşlı qızı vəlisinin icazəsi ilə görmə qabiliyyətini itirmiş 8 yaşlı uşağın qardaşının nikahına keçirirlər. Qızın özü iddia edir ki, mən heç vaxt razı olmamışam və indi də razı deyiləm. Qanunda öz işlərinə müstəqil surətdə müdaxilə edə (idarə edə) bilən qız və oğlanın yaşı, 18 yaşdır. Yaşı 18 –dən az olan uşaqlar isə məhkəməyə müraciət etməlidir. Məhkəmə onların həddi-buluğa çatdıqlarını və yetkinləşdiklərini müəyyən etmək üçün mütəxəssis ekspert həkimə göndərir. Ekspert həkim onların həddi-buluğa çatdıqlarını və yetkinləşdiklərini təsdiq edərsə, məhkəmə 18 yaşından əvvəl onların yetkinlikləri barədə hökm çıxaracaqdır. Bu məqamda isə belə bir addım atılmamış, yalnız 16 yaşında zövcələr arasında bu məzmunda iclas protokolu imzalanmışdır ki, qız və oğlanın orta təhsilləri başa çatana kimi öz təhsillərinə davam etsinlər. Qız bu iclas protokolu ilə bağlı iddia edir ki, bu protokolu atam-anam məni təhdid edəndən sonra imza etdim. Belə nikahlar bəzi kəndlərdə adət halını almış və hal-hazırda da mövcuddur. “Təhrirul-vəsilənin” 4- cü məsələsində, “nikah əqdinin vəliləri” (qəyyumları) fəslində qeyd olunmuşdur ki, یشترط فی صحة تزویج الاب و الجد و نفوذه عدم المفسده (atanın və ya babanın öz övladını evləndirməsində və (bu evlənmənin) qüvvədə olmasında fəsad olmaması şərtdir.) və məsələnin axırında da qeyd olunur: بل الاحوط مراعات المصلحة (üstəlik əhvət məsləhətə riayət etməkdir.) Bu, “fəsadın olmaması və məsləhətə əməl olunması” qıza aiddir, yoxsa qızın atasına və qohumlarına? Ümumiyyətlə belə bir əməl düzdür, yoxsa yox?
Məsləhət və fəsadların olmamağına riayət etmək qıza aiddir. Yəni qızın məsləhətləri nəzərdə tutulmalıdır, ata-anaya aidiyyəti yoxdur. Qohumluq əlaqələrini nəzərə almaq və xəsarətlərin əvəzini çıxmaq azyaşlı (səğir) uşağın “müsalihə malı” olmasına əsas vermir. Amma şəriət baxımından böyük (həddi-buluğa çatmış, yetkin) şəxs barəsində aydındır ki, onun razılığı olmadan nikah əqdi səhih deyil.
Muatat evlənmə
Muatat evlənmənin hökmü və şəraiti necədir? Sizin müqəllidlərinizdən biri bu məsələdə (sizin nəzərinizdə muatat evlənmənin səhih olmadığını fərz etsək) digər müctəhidə müraciət etsə, hökm nədir? Əgər bir şəxs hökmlə tanış olmadığından (muatat evlənmənin səhih olmadığı təqdirdə) bu yolla biri ilə evlənərsə və evləndikdən sonra hökmü başa düşərsə, vəzifəsi nədir?
“Muatat evlənmə” adında bir şey mövcud deyil. Belə bir nikah batildir.
Həyat yoldaşının müstəhəb əməlləri yerinə yetirməyi qadağan etməsi
Əgər qadın yerinə yetirdiyi müstəhəb əməllərin çoxluğundan həddən artıq yorularsa və nəticədə əri ondan lazımi ləzzətləri ala bilməsə, ərinin onu belə müstəhəb əməllərdən çəkindirməyə haqqı varmı? Belə məqamlarda ərə tabe olmaq vacibdirmi?
Kişinin onu çəkindirməyə haqqı yoxdur. Amma cinsi ləzzətlər tamamilə aradan gedərsə, bu halda ərin hüquqlarına maneə törətdiyinə görə, qadın onun icazəsi olmadan nəsə bir müstəhəb əməllə məşğul olmağa haqqı yoxdur.
Evlənməyə qadir olmadıqda cinsi qabiliyyəti aradan aparmaq
Əgər bir kişi heç bir vəchlə evlənməyə qadir deyilsə, yəni həyatının bütün sahələrində həmişə məğlubiyyətlə üzləşirsə və hətta ən yüngül və sadə şəkildə belə, evlənməyə qadir deyilsə, evlənməmək isə onun orqanizmində müxtəlif fəsadların və problemlərin yaranmasına səbəb olursa, dərman atmaq və ya cərrahiyyə əməliyyatı vasitəsilə öz cinsi qüdrətini aradan apara bilərmi?
Caiz deyil. Allah taala onun üçün bir çıxış yolu yaradana qədər səbirli olmalıdır.
Həyat yoldaşının vəfatından sonra evlənməyəcəyinə əhd etmək
Əri dünyadan getmiş, özü isə cavan olan (məsələn, 30 yaşında) qadın, əri vəfat etdiyinə görə zinət verməkdən həddən artıq çəkinir, hətta adi şəkildə təmizliyinə də baxmır və ərə getməkdən də çəkinir. Biri elçiliyinə gələndə “Ərimlə əhd etmişəm ki, bir daha ərə getməyim və aramızda şərt bağlamışıq ki, hansımız tez vəfat etsə, digəri evlənməsin” – deyir. Bu iş düzdürmü? Onların bağladığı bu şərtə əməl etmək vacibdirmi?
“Zinəti verməyi, bəzənməyi tərk etmək” mənasını verən “hidad”, vəfat iddəsi zamanı lazımdır. Lakin zinəti tərk etmək, paklıq və təmizliyi tərk etmək mənasında deyil. Sözü gedən şərtin heç bir etibarı yoxdur. Bu qadın iddə sona çatandan sonra evlənsə daha yaxşıdır.
Əri itkin düşmüş qadının ərə getməsi
Bir qadının ərinin filan hadisədə öldüyü yoxsa itkin düşdüyü məlum deyilsə və son dörd ildə ondan heç bir xəbər yoxdursa, qadın başqası ilə evlənə bilərmi?
Başqa kişiyə ərə getməyə haqqı yoxdur. Yalnız o halda ərə gedə bilər ki, onun ölümünə yəqin etmiş olsun, yaxud şəriət hakiminə müraciət etmiş olsun ki, sözü gedən şəxs barəsində araşdırma aparmağa göstəriş versin və şəri mərhələləri keçəndən sonra onun talağını versin.
Əri itkin düşmüş qadının hökmü
Əri itkin düşmüş qadının vəzifəsi nədir? Bu müddətdə onun nəfəqəsi haradan təmin olunmalıdır?
Əri itkin düşmüş qadın barədə bir neçə hal mümkündür:1) Əgər bir xəbər gələnə qədər gözləyərsə, eybi yoxdur və onun nəfəqəsi ərinin malından ödənilməlidir.2) Əgər vəli və ya başqası tərəfindən (xərclərinə) kömək edən olsa, gözləməlidir. Yalnız ağır məşəqqət və ya mühüm bir zərər meydana çıxan halda, şəriət hakimi onun talağını verə bilər. 3) Bu iki haldan başqa hallarda şəriət hakiminə müraciət edə bilər. O, 4 il müddətində onun itdiyi məntəqələrdə axtarış aparacaq. Heç bir məlumat əldə etmədiyi təqdirdə öncə onun vəlisinə talaq təklifi verəcəkdir. O, talaq verməsə, hakimin özü talaq verəcək, sonra qadın talaq iddəsi saxlayacaqdır. (Hərçənd rici talaq iddəsi saxlaması ehtimalı güclü olsa da, mümkün olan qədər ehtiyat tərk edilməməlidir.) Bundan sonra ərə gedəcəkdir. Qız iddədə olan zaman birinci əri tapılıb qayıtsa, ərə getməyə üstünlük verilir. İddədən sonra gəlsə – hətta qadın yenidən ərə getməmişsə – talaq öz qüvvəsindədir. Yalnız iki tərəfin razılığı və yeni oxunan əqdi ilə qayıtmaq imkanı vardır.
Daimi nikahı müvəqqəti nikaha çevirmək
Daimi evliliyi müvəqqəti evliliyə çevirmək üçün talaq verib müvəqqəti əqd oxumaqdan başqa bir yol da varmı? Əgər yoxdursa, iddə saxlamaq lazımdır, yoxsa keçmiş əri iddə zamanı arvadı mütə edə bilər?
Bunun yolu yalnız talaqdır. İddə zamanı onunla evlənə bilər, bu şərtlə ki, talaq rici olmasın. Əgər talaq ricidirsə, iddə tamam olandan sonra onu öz müvəqqəti əqdinə keçirə bilər.
Evlənməyə qadir olmadıqda cinsi qabiliyyəti aradan aparmaq
Əgər bir kişi heç bir vəchlə evlənməyə qadir deyilsə, yəni həyatının bütün sahələrində həmişə məğlubiyyətlə üzləşirsə və hətta ən yüngül və sadə şəkildə belə, evlənməyə qadir deyilsə, evlənməmək isə onun orqanizmində müxtəlif fəsadların və problemlərin yaranmasına səbəb olursa, dərman atmaq və ya cərrahiyyə əməliyyatı vasitəsilə öz cinsi qüdrətini aradan apara bilərmi?
Caiz deyil. Allah taala onun üçün bir çıxış yolu yaradana qədər səbirli olmalıdır.
Müvəqqəti əqdin iddəsində baş verən zina
Müvəqqəti nikahın iddəsi zamanı zinanın hökmü nədir? Əbədi haramlığa səbəb olurmu? İmamın (r) bu barədə fitvası nədir?
Müt’ənin iddəsi zamanın zina şübhəsiz ki, haramdır. Lakin o qadının əbədi haramlığına səbəb olmur. Buna görə də iddə sona çatandan sonra nikah siğəsinin oxunmasının eybi yoxdur. İmamın “Təhrirul-vəsilə”-də və “Tozihul-məsail”-dəki fitvası da belədir.
Müvəqqəti nikahın iddəsində olan daimi nikah
Talaq verilmiş bir qadın, iddəsi bitəndən sonra müvəqqəti nikah bağlayır. Bir müddətdən sonra qohumların ağsaqqal və böyüklərinin vasitəçiliyi ilə birinci əri ilə evlənməsi qərara alınır. Qadın bunları ikinci ərinə bildirib çarə tapmasını istəyir. O, qalan müddəti bağışlayaraq təkrarən qadınla siğə bağlayır və duxuldan qabaq fəsx edir (nikahı pozur). Qadın isə ikinci fəsxin yaxınlıqdan öncə olmasını və yaxınlıq etməyənin iddəsi olmadığını dəlil gətirərək fasilə olmadan ikinci əri ilə evlənir. Bu mətləb səhihdirmi?
Qabaqkı nikahın iddəsi bu kimi işlərlə aradan qalxmır. İddə sona çatmamış onun yenidən evlənməsi səhih deyil və iddə saxlamadan heç bir kəslə nikah əqdi bağlaya bilməz.
Şiə kişinin əhli-kitabla evlənməsi
Şiə bir kişinin əhli-kitabdan olan yəhudi, nəsrani, erməni və s. qızla evlənə bilərmi?
Yalnız müvəqqəti evlənmək caizdir.
Yaxınlıq baş verən halda uşağı inkar etmək
Bir şəxs cavan bir qadını mütə etmiş və öz dediyinə görə, onunla yaxınlıq da etmişdir. Bundan sonra sözü gedən qadın uşaq dünyaya gətirmiş və uşağın mütə edən kişiyə aid olduğunu bildirir. Lakin kişi uşağın ona aid olduğunu inkar edir. Belə halda kişi, uşağın onun olmadığına dair and içsə, bu and içmə şəri baxımdan qanunidirmi?
Kişi onunla cinsi əlaqədə olduğuna iqrar edirsə, uşaq ona aiddir və and içməklə (uşağın ona aid olması) ondan götürülmür.
Evli kişinin zimmi qadınla müvəqqəti evlənməsi
Müsəlman arvadı olan müsəlman bir kişi zimmi (zimmi kafir) qadınla müvəqqəti əqd bağlaya bilərmi?
Öz müsəlman həyat yoldaşının icazəsi olmadan zimmi qadınla müvəqqəti evlənmək məkruhdur.