Namazın qəza olacağını bilən halda yatmaq
Mən sübh azanına yarım saat qalmış hələ də mütaliə edirdim. Yatsam, sübh namazımın mütləq qəzaya gedəcəyini bildiyim halda şəxsən mənim yatmağımın hökmü nədir? Bu məsələni ramazan ayında sübh azanından öncə cünub (cənabətli) olan şəxsin məsələsinə bənzətmək olarmı?
Namazın qəza olacağını bilə-bilə yatmağın eybi yoxdur. Lakin mümkün olan qədər, bunu etməməlidir.
Xalçaçılığa düşən xüms
Bizim şəhərdə qadınların əksəriyyəti xalça toxumaqla məşğuldurlar. Evdarlıqla yanaşı, xalça da toxuyurlar. Lakin xalçaya lazım olan ləvazimatın alınması, habelə xalçaların satışı və pulundan istifadə, adətən kişilərin öhdəsinə düşür. Bu xalçaların toxunmasının, xalça tamamlanana kimi bir neçə il çəkdiyini nəzərə alsaq, bu insanlar hər il başını necə hesablamalıdırlar? Əgər bir neçə ildən sonra satsa və sonrakı il pulunu alsa, pulu aldığı ilin qazancından hesablanır, yoxsa pulu alan kimi dərhal xümsünü verməlidir?
Xalça satışa hazır olan vaxtdan həmin ilin qazancından hesablanır ki, xüms ili keçəndən sonra artıq bir şey qalarsa, xümsünü verməlidir.
Həkimin müalicə zamanı səhlənkarlığı
Bir şəxs bədəninin yanmasına görə xəstəxanaya köçürülür və həkimin müalicə zamanı yol verdiyi səhlənkarlıq ucbatından vəfat edir. Tibbi ekspertizanın verdiyi məlumata əsasən yanığın dərəcəsinin böyüklüyü xəstənin ölümünün əsas amilidir. Həkimin səhlənkarlığı isə xəstənin ölümünün tezləşməsinə səbəb olmuşdur. Belə bir şəraitdə həkim məsuliyyət daşıyırmı?
Həkim günaha yol vermişdir və təzir olunmalıdır.
Yaxınlıq etməmək şərti
Daimi nikah əqdində şərt etmək olarmı ki, ərlə arvad arasında yaxınlıq olmasın?
Daimi nikahda işkalsız deyil.
Ərin narkoman olmasını başa düşmək
Əgər qadın əqddən sonra ərinin narkoman olduğunu başa düşsə, əqdi fəsx edə bilərmi? Mehriyyənin hökmü necə olacaqdır?
Əgər qadın əqd zamanı şərt etsə ki, əri məsələn, səfərə getsə, narkotik maddələrə adət etsə və ya onun xərcliyini verməsə, talağın ixtiyarı qadının öz əlində olsun, belə şərt batildir. Lakin şərt etsə ki, o, əri tərəfindən vəkil olsun ki, hər zaman bu işləri görsə, özünə talaq versin, bu vəkalət səhihdir və bu şəkildə özünə talaq verə bilər.
Oğlanın atasının onun qaynanası ilə evlənməsi
Son zamanlar bir neçə alimdən soruşmuşlar ki, atanın öz övladının qaynanası ilə evlənməsi şəri baxımdan caizdirmi? Guya onlar demişlər ki, caiz deyil. Cənab ustadın bu barədə fətvası nədir?
Caizdir və heç bir şəxs bunun haram olmasına fətva verməmişdir.
Ticarət qəsdi olmadan əldə olunan mənfəətlərin xümsü
İşin əvvəlində, istər ağac olsun, istərsə də heyvan, ticarət məqsədi yoxdur. Hədəfi sadəcə xərclikdir. Bəzən də nə xərclik məqsədi var, nə də ticarət; Heç bir şeyi nəzərdə tutmur. Bəhrə götürəndən və böyüyəndən və ... sonra həm ticarət, həm də tələbatını ödəmək üçün istifadə edir. Burada xüms barəsində hökmünüz nədir?
Ehtiyaclarını və şəxsi tələbatını ödəmək üçün lazım olan miqdarına xüms düşmür. Bundan əlavəsinə xüms düşür.
Böyrək alveri
Tibbi məqsədlər üçün böyrək alıb-satmağın hökmü nədir?
Tibbi məqsədlər üçün böyrək alıb-satmaq caizdir, lakin daha yaxşısı budur ki, pulu onun (böyrəyin) özünün müqabilində yox, şəxsin böyrəyi götürmək üçün verdiyi icazənin müqabilində alsınlar.
Bir aylıq adətdən sonra yaisə olan qadının iddəsi
Ərindən boşanmış qadın talaqdan sonra bir və ya iki dəfə aylıq adət dövrü keçirmiş, sonra yaisə olmuşdursa, qalan iddə müddəti aradan gedirmi?
Bir dəfə adət dövrünü keçirmişdirsə, daha iki ay iddə saxlamalıdır. İki dəfə adət dövrü keçirmişdirsə, bir ay iddə saxlamalıdır.
Dua yazmaqla gəlir əldə etmək
Dua yazmaq və bunun müqabilində qazanc və ya hədiyyə adı ilə pul almaq caizdirmi?
Əgər məsumlardan nəql olunmuş məşru (şəriət qanunlarına uyğun) dualar olsa, maneəsi yoxdur. Lakin peşəkar xurafatçı dua yazmaq caiz deyil.
Məmumların libaslarının nəcisliyi
Namazın birinci cərgəsində paltarı nəcis olan üç nəfər namaz qılırsa, sağ tərəfdən olan bağlantıları (müttəsil olmağı) pozurlarmı?
Bir kəs paltarının və ya bədəninin nəcis olduğunu bilməsədən namaz qılsa, onun namazı səhihdir, və bağlantı öz yerindədir.
Sürmə çəkmək, gözəl saat və eynək taxmaq
Sürmə sürtmək, qaş aldırmaq, əqiq üzük, saat, gözəl tibbi eynək qadınlar üçün örtülməsi vacib olan zinət hesablanırmı?
Zahirən qadağan olunmuş zinətlərdən deyil.
Ağacdan əldə olunan mənfəətlərin xümsü
Bəltistan əhalisi öz məişət xərclərini ödəmək üçün bəhrəli və bəhrəsiz ağaclar əkirlər. Bəhrəsiz ağacların kəsilmə zamanı gələndə budaqlarını kəsib, özlərinin, ailələrinin və s. ehtiyaclarını ödəmək üçün istifadə edir və ağacların özünü iki il, üç il və daha çox saxlayırlar, sonra yenidən budaqlarını qırır və istifadə edirlər. Bəhrəli ağacların meyvəsindən də xərcləri üçün istifadə edirlər. Bunlara xüms düşürmü? Düşürsə, hansı qaydada ödənməlidir?
Ağacları əkməkdə məqsəd şəxsi tələbatı ödəməkdirsə, xümsü yoxdur, lakin qazanc və ticarət üçün olsa, xümsü var.
Başqa müctəhidə təqlid edən imam camaata iqtida etmək
Bir müctəhidin müqəllidi başqa bir müctəhidin müqəllidi olan imam camaata iqtida edə bilərmi?
Hər kəsin müqəllidi hər kəsə iqtida edə bilər. Yalnız o surətdə iqtida edə bilməz ki, onu namazının batil olmasına elmi olsun.

