Qaytarılan borcun xümsü
Bir kəs illik xüms hesabından dörd ay öncə qazandığı pulu bir nəfərə borc versə və borcu alan iki il sonra pulu qaytarsa, bu pulun üstündən iki il keçdiyi halda ona xüms düşürmü?
Borc qaytarıldıqdan sonra xümsünü vermək lazımdır.
Dövlətin icazəsi olmadan otlaqların mülkiyyətə keçirilməsi
Əvvəllər ümumi otlaq olan torpaqları İslam hökuməti camaat arasında bölüşdürür və lazımi şərtlərə malik olan ayrı-ayrı şəxslərə təhvil verir. Lakin bir qrup şəxs hökumətdən icazəsiz özbaşına oranı şumlayıb öz mülkiyyətlərinə keçirirlər. Onların buna haqqı varmı?
Şəriət baxımından işkalı var.
Kafirlərə sələm verib-almaq
Kafirlərdən və İslam banklarından sələm almaq və onlara sələm verməyin hökmü nədir?
Kafirlərdən və qeyri-islami hökumətlərin banklarına pul qoyub sələm almaq caizdir, amma onlara sələm vermək caiz deyil. Yalnız zəruri hallar, məsələn, onlardan kreditə pul götürməmək belə ölkələrdə yaşayan müsəlmanlar üçün məşəqqətə, çətinlik və ya zillətə səbəb olarsa, istisnadır.
Ev heyvanlarının xümsü
. İnək və qoyun kimi ev heyvanlarının xümsü varmı?
Əgər onların südündən, yunundan və s. şəxsi ehtiyaclarına xərcləsələr, xümsü yoxdur. Əgər yalnız torpağa verilən gübrə və ya xırman döymək üçün istifadə olunursa, sərmayə və iş vəsaiti hökmündədir. Habelə onlardan gəlir mənbəyi kimi istifadə ediləndə də hökm belədir.
İddədə olan qadınla evlənmək
Bir kişi şəri məsələni bilməməzlik üzündən iddədə olan qadınla daimi və ya müvəqqəti şəkildə evlənmişdirsə, bu qadın ona əbədi haram olurmu? Bilərəkdən olan halda hökmün necə olacağını da bəyan edin.
İki halda əbədi haram olur. Biri budur ki, bilməməzlik üzündən olsa belə evlənib duxul etsin, ikincisi də budur ki, bilərəkdən evlənsin, hətta duxul etməsə də belə.
Partlayıcı maddələrlə ov etmək
Bəziləri qumbara və sair partladıcı maddələrdən istifadə etməklə balıq ovlayırlar. Belə ki, baş verən partlayış dalğasının nəticəsində balıqlar suyun üzərinə çıxır və balıqçılar onları suyun üzündən yığırlar. Belə balıqlar halaldırmı?
Əgər balıqlar dənizdən diri və ya yarımcan halda tutulsa, halaldırlar.
Digər insanların ərazilərinin həndəvərində bina tikmək
Bir şəxs başqalarının kənd və torpaqlarının ətrafında bina tikdirir. İlk öncə kənd əhalisi bu imarətin binasına mane olmurlar. Lakin onu tikib qurtarandan sonra öz narazılıqlarını bildirirlər. Şəriət baxımından bu imarətin sahibi kimdir?
Kəndin və ya evin ətrafı kənd əhalisinə və ya ev sahibinə məxsusdur. Orada bina tikmək və yaxud ayrı şəkildə istifadə etmək onların icazəsi olmadan caiz deyil.
Vəfat iddəsində nikah
Bir qadının vəfat iddəsində əqdini oxusalar və iddə sona çatandan təxminən 15 gün sonra toy etsələr və yaxınlıq baş versə, yəni, əqd iddə zamanı, duxul isə iddədən sonra baş versə, bəylə gəlin də bu məsələni və iddə zamanı evlənməyin haram olduğunu bilməsələr, buyurun ki, onlar bir-birlərinə əbədi olaraq haram olurlar, yoxsa yalnız əqd batil olur? Bu qadın birinci ərinin vəfat iddəsini tamamlamalıdır, yoxsa yox? Əqdin batil olduğunu fərz etsək, yenidən əqd oxumaq istəsələr, ikinci ər üçün iddə saxlamalıdırmı?
Nikah əqdi batildir. Lakin onlar bir-birinə əbədi olaraq haram olmurlar. İkinci ər barəsində “şübhəli yaxınlıq”la bağlı iddə sona çatmalıdır, yalnız bundan sonra digər şəxslə evlənməyə haqqı vardır. Amma ikinci ərlə evlənməsi üçün şübhəli yaxınlıqla bağlı iddəyə ehtiyac yoxdur.
Livat edənin həddi-buluğa çatmasında olan şəkk
Bir şəxs bir oğlan uşağı ilə livat etmişdir. Lakin şəkki var ki, bu əməli edəndə həddi-buluğa çatmışdı, ya yox. O oğlan uşağının bacısı, qızı və ya anası ilə evlənməsi caizdirmi?
Əgər livat işini edənin həddi-buluğa çatmasında şübhə varsa, həmin oğlan uşağının bacısı, anası və ya qızı ona haram olmur.
Ratib imam camaat
Ratib imam-camaat (məscidin daimi imam camaatı) məscidin və ya mehrabın ixtiyar sahibidir? Belə ki, ondan başqasının orada namaz qılmasının eybi vardır? Yoxsa ratib imamın başqalarından irəli olması əfzəliyyət (daha fəzilətli) şəklindədir? Xahiş edirik, izah edəsiniz.
Ratib imamın haqqını gözləmək vacib deyil, müstəhəbdir. Lakin hərc-mərclik qabağa gəlməsin deyə, yaxşı olar ki, belə məsələlərə riayət olunsun.
Bir şəxsin talağını verdiyi qadınının başqa ərdən dünyaya gətirdiyi qız
Əgər Zeyd həyat yoldaşına talaq versə, o qadın talaq və iddədən sonra digər adamla ailə həyatı qursa və bu nikahdan bir qız uşağı dünyaya gəlsə, o qız nikah yaşına çatandan sonra Zeyd onunla evlənə bilərmi?
İnsanın həyat yoldaşının digər ərdən olan qızı ona məhrəmdir (o qadına düxul şərti ilə). Burada nikahdan öncə və talaqdan sonra dünyaya gələn qızlar arasında fərq yoxdur.

