Stil bıçaqla heyvanın başını kəsmək
Heyvanın başını kəsərkən lazım olan şərtlərdən biri də heyvanın başının dəmir alətlə kəsilməsidir. İndiki zamanda evlərdə adətən stildən olan bıçaqlardan istifadə olunduğunu, dəmirdən olan bıçaqların dəbdən düşdüyünü və camaatın da bu stil bıçaqlarla heyvanların başını kəsdiklərini nəzərə alsaq, onun hökmünü bəyan edin.
Eybi yoxdur.
Fondun pulundan icazəsiz istifadə etmək
Xeyriyyə fondunun rəhbərləri fonda üzv olanlardan vəkalət almadan (üzvlər pulu fonda qərzül-həsənə adı ilə verirlər) orada olan pullarla işləyə bilərlərmi? Aşağıdakı iki halda şəriət hökmü necədir?1) Əldə olunan gəlir, borc vermək və avadanlığın alınması daxil olmaqla müştərək şəkildə fondun xərclərinə sərf olunsun. 2) Əldə olunan gəlir işləyənlərə qalsın.
İcazə almadan caiz deyil. Əgər hesab açmaq üçün qeyd olunan şərtlərdə xeyriyyə fondunda olan pulların bir qismindən gəlir götürüləcəyi və ondan fondun xeyrinə istifadə olunacağı bildirilmişdirsə, kifayətdir və camaatın razılıq verdiyi şəkildə əməl olunmalıdır.
Heyvanların başını dəzgahla kəsərkən “Bismillah” demək
Heyvanların başını kəsəndə dəzgahı işə salarkən bir dəfə Allah-taalanın adını çəkməklə başı kəsilən heyvanların hamısı üçün kifayətlənmək olarmı? Yoxsa onların hər biri üçün, yaxud da dəzgahın imkan verdiyi hər neçəsi üçün bir “bismillah” demək lazımdır?
Əgər maşın mütəmadi şəkildə işləyirsə, bir “bismillah”la bir neçə heyvanın başı kəsilsə belə, ehtiyat budur ki, mütəmadi şəkildə Allahın adı çəkilsin.
Meşələrə sahib olmaq
Meşələrdə mülk hökmü qüvvədədirmi? İrs, vəqf, icarə və s. məsələləri ona aid etmək olarmı?
Zahir budur ki, belə meşələrdə mülk hökmü qüvvədədir və irs, vəqf, icarə və ... səhihdir. Lakin İslam hökuməti təşkil olunandan və hökumətin icazəsi olmadan meşələrin mülkiyyətə keçirilməsinə hökumət tərəfindən qadağa qoyulduğuna görə bu yöndə tədbir görmək olmaz.
Heyvanın başını kəsən adamın Bismillah deməsi
Heyvanın başını kəsərkən, kəsən adamın yerinə başqasının “bismillah” deməsi caizdirmi? Heyvanın başını kəsəndə yalnız “bismillah” kəlməsi kifayətdirmi?
“Bismillah” demək kifayətdir və heyvanın başını kəsən şəxsin özü onu deməlidir.
Hədiyyənin gəlirinin hədiyyə edənə verilməsi
Bir şəxs öz mülk və torpaq sahəsini başqa birisinə hədiyyə verib deyir: “Nə qədər ki, mən sağam onun ixtiyarı öz əlimdə olmalıdır”. Bu hədiyyə mötəbərdirmi, bu şərt “lazım”dırmı (yəni, onun pozmaq olmazmı)?
Əgər mülkü və torpaq sahəsini onun ixtiyarına versə, eybi yoxdur, bu halda qüvvədədir və “lazım” hədiyyə sayılır. Nə qədər ki, torpaq sahibi sağdır, torpağın xeyir-mənfəəti onunkudur.
Oğlan övladı olmayan valideyni saxlamaq
Oğlu olmayan ata-anaya baxmaq və onların qayğılarına qalmaq onların qızlarının öhdəsindədirmi?
Bəli, gücləri, imkanları çatan qədər qızların öhdəsindədir.
Kişinin öz arvadının hicabına laqeydliyi
Əgər bir kişi öz arvadını şəri hicab geyinməyə vadar etməsə, fasiq sayılırmı?
Əgər nəhy əz münkəri tərk etsə, fasiqdir.
Bacının xərclərini ödəmək və onu ərindən tələb etmək
Mənim Xədicə adlı bacım, Zöhrab adında bir kişinin həyat yoldaşı olmuşdur. Bacım sağlığında əri işləmək və qazanc əldə etmək üçün Qətərə getdi. Mən 6 il ərzində bacımın və bacım qızının nəfəqə və xərcliklərini şəxsən özüm vermişəm. Bacım bizim evdə dünyadan gedəndə, onun hətta kəfən və dəfn xərclərini, habelə bacım qızı həddi-buluğa və evlənmək yaşlarına çatana kimi onun da xərclərini mən vermişəm. Bacımın əri sadaladığım bu işlərə görə mənə borcludurmu?
Bacınızın əri bütün bu müddət ərzindəki xərcləri bacınıza borcludur və bu pullar onun irsinin bir hissəsi sayılır. Əgər xərclərini borc ünvanı ilə verməyinizi bacınızla qərara almış olasınız və ya bunu göstərən aşkar dəlillər mövcud olmuş olsa, siz bu halda verdiyiniz pulları onun irsindən götürə bilərsiniz
İşə girmək üçün rüşvət vermək
Rüşvət vermədən işə götürülmə mümkün olmasa, hansısa bir müəssisədə işə götürülmək üçün rüşvət vermək caizdirmi?
Əgər pulu verməklə haqqı batil və batili haqq qələmə verməsə, kiminsə haqqını və ya növbəsini tapdalamasa, eybi yoxdur və rüşvət sayılmır. Lakin bu işi görmək, pulu alan adamın vəzifəsi olsa, (pulu almaq) haramdır.
Heyvanın qeyri-qaitlə qidalanması
Heyvanın (qaitdən başqa) nəcasətlə qidalanmasının, məsələn, quşların qidalanması üçün qandan istifadə olunmasının hökmü nədir?
Heyvanın qaitdən başqa digər nəcasətlərlə qidalanması onun ətinin və südünün haramlığına səbəb olmur. Lakin ondan pəhriz etmək daha yaxşıdır.
Dəstəmaz üzvlərinə xal döydürmək
Xal döydürməyin hökmü nədir? Dəstəmaz və qüsl üçün problem yaradırmı?
Bədənə xüsusi bir zərər yetirməsə və əxlaqsız şəkillər olmasa caizdir. Hər bir halda dəstəmaz və qüsl üçün müşkül (problem) yaratmır.
Dəzgahı işə salan adamın “Bismillah” deməsi
Allahın adını dəzgahı işə salan adamım özü – hətta əgər başı kəsilən heyvanların yanında və ya qarşısında olmasa və yalnız məsələn, “Ya Allah, ya Allah” şəklində deməlidir, yoxsa başqası da desə kifayətdir?
Allahın adını dəzgahı işə salan adamın özü çəkməlidir və “Ya Allah” demək kifayətdir, habelə onun heyvanların başı kəsilən yerdə olması vacib deyil.
Evli kişinin zimmi qadınla müvəqqəti evlənməsi
Müsəlman arvadı olan müsəlman bir kişi zimmi (zimmi kafir) qadınla müvəqqəti əqd bağlaya bilərmi?
Öz müsəlman həyat yoldaşının icazəsi olmadan zimmi qadınla müvəqqəti evlənmək məkruhdur.

