İrs səhminin bağışlanmasında şəkk
Kəşmirin məntəqələrindən birində müsəlmanların adəti belədir ki, oğlanlar həmişə ata ilə bir yerdə onun evində yaşayırlar. Ata dünyasını dəyişdikdən sonra onun əmlakının hamısı oğlanların ixtiyarında olur. Öz ərlərinin evində yaşayan qızlar isə, öz irs paylarını qardaşlarından istəmirlər. Onların çoxu bunu qardaşlarına bağışlayırlar. Bəziləri isə, nə qədər ki, sağdırlar öz razılıqları ilə qardaşlarının istifadəsinə verirlər. Bacılar və qardaşlar dünyadan gedəndən sonra bacıların övladları qardaşların övladlarından analarının payını tələb edib deyirlər ki, bizim analarımız öz paylarını sizin atalarınıza bağışlamamış, əksinə, bu hissəni “ibahə” ( mülkiyyətə keçirmədən sadəcə istifadə etmək haqqı) ünvanı ilə qoymuşdurlar. Qardaşların övladları da bibilərinin öz paylarını onların atalarına bağışladıqlarını, yoxsa yalnız ibahə şəklində onların istifadələrinə verdiklərini bilmirlər. Qardaşların övladlarının vəzifəsi nədir?
Əgər bu əmlakların qardaşlara bağışlandığı sübuta yetməsə bacıların payı onların varislərinə verilməlidir.
Yaşları ötmüş narkoman şəxslərin narkotik maddələrdən istifadə etməsi
Buyurmuşsunuz ki, narkotik maddələrdən istifadə etmək haramdır. 20 il və daha çox müddətdə tiryəkdən istifadə edən və yaşları ötmüş şəxslərə də haramdırmı?
Narkotik maddələrdən istifadə etmək heç bir kəsə caiz deyil. Yalnız onu atmaq istədiyi təqdirdə canı təhlükəyə düşən şəxslər müstəsnadır.
Uduşlu lotoreya biletinin pulu ilə alınan məkan
Bir şəxs tağut (şah rejimi) zamanında 5 tümənə uduşlu bileti aldı və 100 min tümən uduşa sahib oldu. Bu pulla bir ev aldı. Bu evdə namaz qılmaq caizdir?
Onu məchulul-malik adı ilə şəri hakimin icazəsi ilə sədəqə verməlidir. Özü buna layiq və möhtacdırsa, şəri hakimin icazəsi ilə ondan istifadə edə bilər.
Tapılmış maldan onu sahibinə göndərmək üçün istifadə etmək
Bir şəxs içində pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsi tapmışdır. O, kisəni poçt vasitəsi ilə sahibinə göndərmək üçün bu puldan bir miqdarını xərcləyə bilərmi?
Əgər xərcin miqdarı azdırsa, öz öhdəsinə götürsün. Amma xərcin miqdarı çoxdursa və onun sahibinə çatdırmaq üçün bu pulu xərcləməkdən başqa yol olmasa, bu pulu götürə bilər.
Yol qəzasında təqsirli bilinənlər arasında diyənin bölüşdürülməsi
Yol qəza hadisələrinin birində minik avtomobili yük maşını ilə toqquşaraq yolun ortasında dayanır. Arxadan gələn avtobus da minik avtomobili ilə toqquşur. Birinci hadisədə minik avtomobilinin sürücüsü, ikinci hadisədə isə avtobus sürücüsü təqsirli bilinir. Qeyd etmək lazımdır ki, minik avtomobilinin sərnişinlərinin hamısı bu hadisədə dünyasını dəyişir. Onların ölümlərinin əsas səbəbinin birinci, yoxsa ikinci yol qəzasının olması dəqiq məlum deyil. Belə halda hökm necə olacaqdır?
Minik avtomobilinin sərnişinlərinin diyəsi avtobus sürücüsü ilə minik avtomobilinin sürücüsü arasında bölünməlidir. Yəni, onun əlli faizi minik avtomobilinin qalan əmlakından götürülməlidir, digər əlli faizini də avtobus sürücüsü ödəməlidir.
Görkəmli şiə alimlərinin vəhdəti-vücuda etiqadları
Böyük alimlərin çoxu vəhdəti-vücuda etiqad bəsləyirlər. Bu haqda deyilənlərə əsasən, ehtiyata görə bu böyük alimlərdən də ictinab etmək (çəkinmək) lazımdır?
Bu böyük alimlərin (rizvanullah taala ələyhim) heç birinin yuxarıdakı sualda üçüncü mənada işlənən vəhdəti-vücuda etiqadları olmayıb. Bu etiqadı onlara isnad etmək onlara qarşı hörmətsizlikdir.
Ayaqqabı salonunda yaddan çıxıb qalan ayaqqabılar
İmam Rizanın (ə) müqəddəs ziyarətgahında bəzən minlərlə itirilmiş ayaqqabılar taplır. Bu ayaqqabıların hökmlərini bəyan edin.
Mütəhhər hərəmin ayaqqabı saxlanılan salonunda sahibsiz qalmış ayaqqabılar barəsində elan etməklə, ümumi camaata məlumat vermək lazımdır. Sahiblərinin tapılmasına ümid kəsilərsə, onları ehtiyacı olanlara versinlər və ya satıb pulunu onlara versinlər.
Vəsiyyətnamə yazmaq
Vəsiyyətnamə yazmaq vacibdirmi?
Vəsiyyət yazmaq müstəhəb əməldir. Yalnız bu halda vacibdir ki, Allah haqqından və ya camaatın haqlarından vacib bir şey onun öhdəsində olmuş olsun və vəsiyyət yazmadığı təqdirdə haqqın aradan gedəcəyi qorxusu olsun.
Həcc üçün məcburi vəsiyyət
Bir şəxs istitaətli olmamışdır, lakin bir neçə il bundan əvvəl ölümü ilə nəticələnən xəstəliyində bir neçə nəfər onu məcbur edirlər ki, beş min əfqan pulunu “Miqat həcci” yerinə yetirmək üçün verməyi vəsiyyət etsin. Bu vəsiyyət səhihdirmi? Səhih olduğu təqdirdə bu məbləğin “Miqat həcci” üçün kifayət etmədiyini nəzərə alsaq, nə etməliyik?
Əgər vəsiyyət doğrudan da məcbur edilməklə olubsa, etibarlı deyil. Lakin digərlərinin israrından sonra o, vəsiyyətə razı olmuşdursa və bu vəsait Miqat həcci üçün çatmırsa, bu vəsaiti xeyirxah işlərdə sərf etmək lazımdır.
İki nəfər arasında qətl şübhəsi
İki nəfər qəsdən adam öldürmək məqsədi ilə üçüncü şəxsə tərəf atəş açırlar. Güllələrin biri hədəfə dəyir və həmin şəxs vəfat edir. Lakin bu güllənin onların hansı birinin tüfəngindən açıldığı məlum deyil. Buna görə də onların ikisindən biri mütləq qatildir və hər ikisindən qisas almaq mümkün deyil. Püşkatma metodundan da istifadə etmək olmur. Çünki hadisə “dəry” qaydasının icra olunduğu yerdir və “püşkatma” belə yerdə çətin məsələdir. (Necə ki, əmlak məsələlərində də icra olunmur.) Çünki burada “ədl və insaf” qaydası hakimdir. Xahiş edirik ki, şəri hökmü bəyan edəsiniz.
Burada diyə münasəfə ilə (yarı-yarı) bölünməlidir.
Narkotik maddələrin alveri
“Narkotik maddələrin alqı-satqısı şərab alveri kimidir”, – desək, səhihdirmi? Bu mənaya ki, alıcı bu maddələrin sahibi (maliki) olmur və satıcı məbləğin və vəsaitin sahibi olmur.
Bəli, səhihdir və bu maddələrin müamiləsi batildir.
İrsin üçdə birinin ehtiyacı olanlara xərclənməsi
Həzrət ustad! İcazə verirsinizmi ki, mərhum atamın qoyub getdiyi irsin üçdə birini qohumlardan birinə verək (onun borcu var və borcunu qaytarmayacağı təqdirdə problemlərlə üzləşəcək)?
Üçdə birini vəsiyyət etmiş və bu məqsədlə istifadədən fərqli bir məqsəd müəyyən etməmişdirsə, maneəsi yoxdur.

