İrs səhminin bağışlanmasında şəkk
Kəşmirin məntəqələrindən birində müsəlmanların adəti belədir ki, oğlanlar həmişə ata ilə bir yerdə onun evində yaşayırlar. Ata dünyasını dəyişdikdən sonra onun əmlakının hamısı oğlanların ixtiyarında olur. Öz ərlərinin evində yaşayan qızlar isə, öz irs paylarını qardaşlarından istəmirlər. Onların çoxu bunu qardaşlarına bağışlayırlar. Bəziləri isə, nə qədər ki, sağdırlar öz razılıqları ilə qardaşlarının istifadəsinə verirlər. Bacılar və qardaşlar dünyadan gedəndən sonra bacıların övladları qardaşların övladlarından analarının payını tələb edib deyirlər ki, bizim analarımız öz paylarını sizin atalarınıza bağışlamamış, əksinə, bu hissəni “ibahə” ( mülkiyyətə keçirmədən sadəcə istifadə etmək haqqı) ünvanı ilə qoymuşdurlar. Qardaşların övladları da bibilərinin öz paylarını onların atalarına bağışladıqlarını, yoxsa yalnız ibahə şəklində onların istifadələrinə verdiklərini bilmirlər. Qardaşların övladlarının vəzifəsi nədir?
Əgər bu əmlakların qardaşlara bağışlandığı sübuta yetməsə bacıların payı onların varislərinə verilməlidir.
Ayaqqabı salonunda yaddan çıxıb qalan ayaqqabılar
İmam Rizanın (ə) müqəddəs ziyarətgahında bəzən minlərlə itirilmiş ayaqqabılar taplır. Bu ayaqqabıların hökmlərini bəyan edin.
Mütəhhər hərəmin ayaqqabı saxlanılan salonunda sahibsiz qalmış ayaqqabılar barəsində elan etməklə, ümumi camaata məlumat vermək lazımdır. Sahiblərinin tapılmasına ümid kəsilərsə, onları ehtiyacı olanlara versinlər və ya satıb pulunu onlara versinlər.
Tapılmış maldan onu sahibinə göndərmək üçün istifadə etmək
Bir şəxs içində pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsi tapmışdır. O, kisəni poçt vasitəsi ilə sahibinə göndərmək üçün bu puldan bir miqdarını xərcləyə bilərmi?
Əgər xərcin miqdarı azdırsa, öz öhdəsinə götürsün. Amma xərcin miqdarı çoxdursa və onun sahibinə çatdırmaq üçün bu pulu xərcləməkdən başqa yol olmasa, bu pulu götürə bilər.
Uduşlu lotoreya biletinin pulu ilə alınan məkan
Bir şəxs tağut (şah rejimi) zamanında 5 tümənə uduşlu bileti aldı və 100 min tümən uduşa sahib oldu. Bu pulla bir ev aldı. Bu evdə namaz qılmaq caizdir?
Onu məchulul-malik adı ilə şəri hakimin icazəsi ilə sədəqə verməlidir. Özü buna layiq və möhtacdırsa, şəri hakimin icazəsi ilə ondan istifadə edə bilər.
Vəhdəti-vücuda etiqad bəsləyənlərin şəri hökmü
Vəhdəti-vücud nə deməkdir? Buna etiqad bəsləyən insanlar nə hökmdədirlər?
: "Vəhdəti-vücud"un müxtəlif mənaları var. Qəti şəkildə batil olan və bütün fəqihlərin əqidəsinə görə İslamdan xaric olmağa səbəb olan budur ki, bir kəs Allahın aləmdə olan varlıqların eynilə özü olmasına etiqad bəsləsin. Etiqadı bu olsun ki, heç bir xaliq-məxluq, abid-məbud yoxdur. Eləcə də cənnət və cəhənnəm də onun vücudunun eyni olmasına inansın. Bu da dinin danılmaz məsələlərini inkar etməyə gətirib çıxarır. Hər kəs bunun tələblərini qəbul edərsə İslamdan çıxmışdır. Həyatda olan və ya vəfat etmiş müasir fəqihlərin əksəriyyəti bu mövzunu qəbul etmiş və "Ürvə"-nin haşiyəsində buna işarə olunmuşdur.
Vəsiyyətnamə yazmaq
Vəsiyyətnamə yazmaq vacibdirmi?
Vəsiyyət yazmaq müstəhəb əməldir. Yalnız bu halda vacibdir ki, Allah haqqından və ya camaatın haqlarından vacib bir şey onun öhdəsində olmuş olsun və vəsiyyət yazmadığı təqdirdə haqqın aradan gedəcəyi qorxusu olsun.
Narkotik maddələrin alveri
“Narkotik maddələrin alqı-satqısı şərab alveri kimidir”, – desək, səhihdirmi? Bu mənaya ki, alıcı bu maddələrin sahibi (maliki) olmur və satıcı məbləğin və vəsaitin sahibi olmur.
Bəli, səhihdir və bu maddələrin müamiləsi batildir.
Donuz və ya it südü içmiş qoyun
Qoyun itin südünü içərsə əti haram və nəcis olurmu?
İt südü barəsində bunu demək olar ki, hərçənd qoyun onu çox içsə və sümükləri möhkəmlənsə belə, (onun ətinin) haram olmasına dair dəlil yoxdur. Lakin (qoyunun) donuz südünü içməsi barəsində; hər vaxt bu miqdarda ondan içsə, həm öz əti, həm də özündən sonrakı nəsillərin əti haram olacaqdır. Amma bu miqdardan az olsa, əti məkruhdur. Yaxşı olar ki, 7 gün onu bağlasınlar və pak yemək versinlər.
Həcc üçün məcburi vəsiyyət
Bir şəxs istitaətli olmamışdır, lakin bir neçə il bundan əvvəl ölümü ilə nəticələnən xəstəliyində bir neçə nəfər onu məcbur edirlər ki, beş min əfqan pulunu “Miqat həcci” yerinə yetirmək üçün verməyi vəsiyyət etsin. Bu vəsiyyət səhihdirmi? Səhih olduğu təqdirdə bu məbləğin “Miqat həcci” üçün kifayət etmədiyini nəzərə alsaq, nə etməliyik?
Əgər vəsiyyət doğrudan da məcbur edilməklə olubsa, etibarlı deyil. Lakin digərlərinin israrından sonra o, vəsiyyətə razı olmuşdursa və bu vəsait Miqat həcci üçün çatmırsa, bu vəsaiti xeyirxah işlərdə sərf etmək lazımdır.
Uşaqların peyk antenasından istifadəsi
(Böyüklərin deyil) uşaqların peyk antenası ilə yayımlanan verilişlərdən istifadə etməsi bu antenaların əldə edilib qurulması və istifadə edilməsi üçün bir əsas ola bilərmi?
(Bu məsələdə) uşaqlarla böyüklər arasında heç bir fərq yoxdur və bunun təhlükəsi hər iksi üçün danılmazdır.
Görkəmli şiə alimlərinin vəhdəti-vücuda etiqadları
Böyük alimlərin çoxu vəhdəti-vücuda etiqad bəsləyirlər. Bu haqda deyilənlərə əsasən, ehtiyata görə bu böyük alimlərdən də ictinab etmək (çəkinmək) lazımdır?
Bu böyük alimlərin (rizvanullah taala ələyhim) heç birinin yuxarıdakı sualda üçüncü mənada işlənən vəhdəti-vücuda etiqadları olmayıb. Bu etiqadı onlara isnad etmək onlara qarşı hörmətsizlikdir.

