Falçılığı özünə peşə seçmək
Bəzi şəxslər xaricdə (zahirdə) “Cameud-dəəvat”dan fala baxmaqla, bürclər vasitəsilə gələcəkdən, keçmişdən və müraciət edənlərin xəstəliklərindən xəbər verir və belə deyirlər: “Sənin filan problemlərin var və ya olacaq, filan qədər verməlisən ki, təsirli bir dua yazım”. Onlar qızlar və oğlanlar arasında, ər-arvad arasında məhəbbət duası, dəlilər üçün, cin toxunan insanlar üçün dua yazaraq, külli miqdarda pul alırlar və bundan əlavə, cümə və camaat namazlarında da iştirak edirlər. Buyurun ki, bu işlərin müqabilində pul almağın hökmü nədir?
Belə işlərin müqabilində pul almaq caiz deyil.
Naməhrəmi müayinə etmək üçün müəllimin göstərişinə əməl etmək
Şəriətin vacib əməllərinə laqeyd və etinasız olan, qız tələbələr olan yerdə xəstə qadınların müayinəsini oğlan tələbələrə tapşıran bir müəllimin göstərişlərinə tabe olmağın hökmü nədir? Habelə, bu müəllimin göstərişlərindən boyun qaçırmağın özünü kafi və qeyri-kafi qiymətlərdə göstərməsi də mümkündür.
Zəruri olmayan belə bir halda ağlabatan bir şəkildə boyun qaçırmalıdır. Amma qadınların müayinəsi tibbi təhsilin təkmilləşməsi üçün lazım olarsa (qadınların həyatının xilas olunmasına səbəb olan elm və biliklər), bu halda caizdir.
Əmlakı bölünəndən sonra itkin düşən şəxsin tapılması
. Əgər itkin düşmüş şəxsin ölümünə dair hökmü çıxarılandan və irsinin varislər arasında bölünməsindən sonra itkin düşmüş həmin şəxs tapılarsa, varislərin əmlakın özünün, habelə, onun sərf edilmiş və sərf edilməmiş mənfəətlərinin qarşısında vəzifələri nədir? İstifadə zamanı aradan gedən malların hökmü necədir?
Onun ölümünə yəqin hasil olmamış, əmlakını bölmək olmaz. Talaq məsələsində isə hökm bundan fərqlidir. Sözü gedən şəxs irs bölünəndən sonra qayıdarsa, əmlakı və əmlakının mənfəətləri özünə qaytarılmalıdır. Əmlak aralarında bölünən şəxslər tələf etdikləri mal qarşısında zamindirlər.
Diyənin varisləri
Diyə irs olaraq kimə çatmalıdır?
Anaya yaxın olan qohumları (məs, anadan bir olan qardaşı və bacısı) istisna olmaqla bütün nəsəbi və səbəbi varislərə ondan irs çatır.
İrs bölgüsündə varislərin razılaşması
Varislər öz aralarında razılığa gəlsələr, irs səhmlərinə müvafiq olmayan formada əməl edə bilərlərmi?
Hamının razılığı ilə – aralarında azyaşlı uşağın olmamağı şərtilə – maneəsi yoxdur.
Əzadarlıq üçün deyilmiş qurbanların xərclənməsi
Zəncan şəhərində “Zeynəbiyyə” adlı bir məscid var ki, İmam Hüseynin (əleyhis-səlam) matəm günlərində bu məscidin əzadar dəstələrinin qarşısında çoxlu inək və qoyun qurban kəsilir. Bu ətlərdən bir hissəsi yemək hazırlanmaq üçün istifadə olunur və bir hissəsi də əhali arasında paylanır. Yerdə qalanı isə rəhbərlik heyətinin nəzarəti altında məscid binasının genişləndirilməsi, poliklinika inşası və ya bu kimi işlər üçün satışa verilir. Bu iş caizdirmi?
Əgər camaatın öncədən bu işlərdən xəbərləri varsa və bu işlərə razı olaraq qurbanlıq kəsirlərsə, eybi yoxdur. Əgər xəbərləri yoxdursa, ətləri əzadarlıq xərclərinə sərf etmək lazımdır.
Məscidin şəbistanından mətbəx tikmək üçün istifadə
Sual 166. Məsciddə mətbəxə (çay hazırlamaq, qab-qacaq yumaq üçün otaq) ehtiyac varsa və məscidin mətbəxi kiçikdirsə, məscidin özündən mətbəx düzəldib bu şəkildə mətbəxi böyütmək olarmı?
Namaz qılanlara maneçilik törətməsə, onların yerini daraltmasa, və məscidin tələbatından sayılarsa, eybi yoxdur.
Ailə üzvlərinin eyni zamanda ölməsi
Bir qrup insan suda batma və ya ev uçması nəticəsində aradan gedir. Onların arasındakı əlaqə (ata-oğul əlaqəsi kimi) belədir ki, onlardan biri o birindən qabaq öldükdə irsi digərinə çatır. Müqəddəs şəriətdə isə onlara qarşılıqlı olaraq bir-birindən irs çatdığına hökm verilir. Belə olduqda bir qrup insan neftin içində, süd hovuzunda və digər mayelərin içində boğularsa, bu hökm ona da şamil olurmu? Habelə “hədm” təyyarənin partlamasına və buna oxşar hallara da şamil olurmu? Avtomobil qəzası necə?
Mayelər arasında heç bir fərq yoxdur. Təyyarənin partlaması və ya süqutu, habelə avtomobil qəzasının da hökmü belədir. Yəni oğula atanın bütün əmlakından öz payına uyğun olaraq irs çatır və onun da irsi varislərinə çatır. Habelə atanın öz oğlunun əmlakına dair vəziyyəti də belədir.
İrs haqqının varislərə keçməsi
Qəti şəkildə haqları olan insanlar, məsələn, bacı, bibi və digərləri – daşınan və daşınmaz əmlakda – öz haqları ilə bağı iddia qaldırmırlarsa, onların ölümündən sonra varisləri bu haqqı iddia (tələb) edə bilərlərmi?
Onların buna haqqı var. Amma öz haqlarını aydın şəkildə bağışlamışdırlarsa, buna haqları yoxdur.
Gəlinin bəkarətini müayinə etmək
Gəlin gedəcək qız ehtiyat edərək öz bakirəliyini yoxlamaq üçün qadın həkimə və ya qadın həkimi olmayan yerdə kişi həkiminə müraciət edərsə, bu iş, toxunmaq lazım olduğunu nəzərə almaqla caizdirmi?
Bu işi etməmək mühüm fəsad və ixtilafların yaranmasına səbəb olarsa, caizdir. Belə halda imkan daxilində qadın həkiminə müraciət olunmalı və mümkündürsə, baxmadan, məsələn, əlcək və bu kimi vəsaitdən istifadə etməklə bir-başa olmayan şəkildə toxunmaqla olmalıdır.
Qumar şübhəsi olan oyunlar
Hansı oyunlar qumar sayılır? Son zamanlar bu məntəqələrdə “domino” adlı şübhəli görünən bir oyun yayılmışdır. Bu oyunu oynamaq olarmı?
Camaat arasında qumar kimi tanınmış şeylər haramdır və (haram olub-olmamağı) şübhəli olan halların eybi yoxdur. Bu şərtlə ki, pul və ya başqa bir şey udub-uduzmasınlar.
Vəliyyi-fəqihin səlahiyyətləri
Həzrət ustadın nəzərinə görə, fəqih alimin vilayət babındakı ixtiyar və səlahiyyəti necə və nə qədərdir? Məsələn, o, ümmətin məişət işlərinə (hüquqlarına) qarışa bilərmi? Fəqih İslam quruluşunda hakim olmalıdır, ya yox?
“Ənvarul-fiqahə” kitabının “Vilayəti-fəqih” bölümündə bu barədə ətraflı şəkildə söz açmışıq.
Üzə vurulan müxtəlif yaraların diyəsi
Üzü bir yerdən cırmaqlamaq və cızmağa görə bir dəvə dəyərində diyə düşürsə, eyni hücumda üzün bir neçə yeri eyni şəkildə cırmaqlanarsa, diyədə bir fərq olacaq, yoxsa yox? Bu yerlər təkrar cızılarsa, hökmü necədir?
: Hər cızığın bir diyəsi var, istər onların hamısı bir hücumda olsun, istərsə də müxtəlif hücumlarda.

