Naməhrəmlə söhbət etmək
Naməhrəm qadınla bütün hallarda söhbət etmək caizdirmi?
Adi şəkildə olsa, maneəsi yoxdur.
İnflyasiya zamanı diyə formaları
Həzrət ustadın diyənin altı növü barəsində olan rəyini soruşmaq istəyirik. Birincisi budur ki, onların dəyərləri arasında uyğunluğa riayət etmək lazımdırmı? İkincisi, bu növlərdən birini qiymətinin ən aşağı həddinə düşdüyü təqdirdə onu seçmək olarmı? Hal-hazırda məhkəmələrdə adətən (diyə kimi) gümüş təyin olunur və “ödəniş günü“nün qiyməti bazar məzənnəsi ilə müəyyən olunaraq ödənilir ki, bunun da diyənin digər növlərinin dəyəri ilə heç bir uyğunluğu yoxdur. Onun dəyərinin gələcəkdə aşağı düşməsi ehtimalı da mövcuddur. Sualımız budur ki, dəyərinin tamamilə aşağı düşdüyü təqdirdə gümüş növünün təyin olunması və on min dirhəm gümüş ödənilməsi səhihdirmi? Qiymətin aşağı düşməsi hansı dərəcəyə kimi qəbul oluna bilər?
1) Hal-hazırda gümüşün qiyməti həddindən artıq aşağı düşdüyünə görə ehtiyat vacib budur ki, gümüş təyin olunmasın. Qızıl təyin olunarsa, 750 adi misqala bərabər olan 1000 şəri misqal kifayətdir və qızılın mütləq 18 əyarlı qızılla hesablanması vacib deyil. Belə ki, dövriyyədə olan bundan aşağı əyarlarla da hesablaya bilərsiniz. 2) Gümüşün dəyəri çox aşağı düşsə, şübhəsiz ki, diyə ödəmək üçün kifayət (səhih) deyil.
Quranı öyrənmək istəməyən uşağı cəzalandırmaq
Ata öz övladını, Quran öyrənməkdən boyun qaçırdığına görə tənbeh edə bilərmi?
Bunu təşviq yolu ilə etməsi, daha yaxşıdır.
Əsəbiləşərkən küfr qarışığı olan sözləri dilə gətirmək
Əgər bir şəxs azacıq narahatçılığa (əsəbiliyə) görə irtidada oxşayan sözlər danışsa, məs: Allah-taalanın və məsumların (əleyhimus-səlam) uca məqamlarına hörmətsizlik etsə, nalayiq sözlər desə, halbuki, bir azdan onun dəstəmaz alıb namaz qılacağını və digər ibadətləri yerinə yetirəcəyini biliriksə, belə fərdlərlə necə rəftar olunmalıdır?
Əgər (əsəbilik nəticəsində) özündən çıxıb küfrə qarışmış sözlər danışırsa, mürtəd olmur. Əks halda mürtəddir.
Qadının öz mürtəd olmuş ərindən ayrılması
Ər mürtəd olubsa, yəni, dinə etiqad bəsləməməkdən əlavə dinin əleyhinə danışırsa, həyat yoldaşının onunla birgə yaşamasının hökmü nədir? Qeyd etmək lazımdır ki, əmr be məruf və nəhy əz münkər də onda heç bir təsir buraxmır.
Həyat yoldaşı ona haramdır və ondan ayrılmalıdır. Talağa da ehtiyac yoxdur.
Qüsl alarkən hədəsin çıxması
Əgər qüsl alan zaman kiçik hədəs baş versə qüslün hökmü necədir?
Əgər qüsl zamanı “hədəsi-əsğər”, yəni dəstəmazı pozan bir iş baş verərsə bunun qüslə təsiri olmaz. Amma namaz və bu kimi işlər üçün dəstəmaz almaq lazımdır. .
Peyğəmbərə həqarət edən müsəlman
Müsəlman bir şəxs əsəbiləşərkən dəfələrlə peyğəmbər-əkrəmə (səlləllahu ələyhi və alihi və səlləm) və məsum imamlara (əleyhimus-səlam) təhqiramiz sözlər demişdir. Halbuki, öz gümanına görə Həzrət Əbülfəzə (səlamullah əleyh) etiqad və məhəbbət bəsləyir. Onun həyat yoldaşının, övladlarının və qohumlarının vəzifələrini bəyan edin.
Əgər onun halı adi haldırsa (anormal adam deyilsə), İslamdan çıxmışdır. Həyat yoldaşı ondan ayrılmalıdır. Amma əgər təbii haldan çıxmışdırsa və yaxud təbii haldan çıxıb-çıxmamağı şübhəlidirsə, İslam dinində qalır. Birinci surətdə tövbə etsə və keçmiş arvadı yenidən onun əqdinə keçsə, nikahları səhihdir.
Tovuz quşunun əti
Həzrət Əli (əleyhis-səlam), barəsində uzun bir xütbə oxuduğu və xütbəsində onu quşa bənzətdiyi tovuzun ətini yeməyin hökmü nədir?
Tovuzun, istər ağ olsun, istərsə qara, əti haramdır. Onun qəribəliklərini şərh etmək ətinin halal olmasını sübuta yetirmir. Necə ki, həzrət yarasanın da qəribəliklərini bəyan etmişdir.
Əhli kitab və kafirlə müvəqqəti evlənmək
Kafir və əhli-kitabla müvəqqəti evlənmə caizdirmi?
Əhli-kitabla müvəqqəti evlənmə caizdir.
Vacib qüsllərlə namaz qılmaq
Nə üçün cənabət qüslü ilə dəstəmazsız namaz qılmaq olar, lakin digər qüsllərlə namaz qılmaq üçün dəstəmaz alınmalıdır?
Vacib və ya müstəhəb olması qəti şəkildə məlum olan qüsllərin hamısı ilə məsələn, cümə qüslü ilə, namaz qılmaq olar. Lakin rəca niyyəti ilə alınan müstəhəb qüsllər dəstəmazı əvəz etmir.
Diyənin hissə-hissə ödənilməsi
Ötən il törətdiyim yol nəqliyyat hadisəsi xəsarət almış şəxsin ölümü ilə nəticələndiyinə görə müqəddəs şəriətin göstərişlərinə əsasən diyə ödəməyə məhkum olundum. Hal-hazırda hadisədən bir il keçməsinə baxmayaraq, borc almaqla və nəqliyyat vasitəsinin sığorta pulundan istifadə etməklə diyənin təxminən yarısını nağd ödəməyə qadirəm. Diyənin yerdə qalanını hissə-hissə ödəyə bilərəmmi?
Siz sözü gedən diyəni iki il ərzində – hər il yarısını verməklə ödəyə bilərsiniz. Vəfat edənin varisləri ilə razılaşma yolu ilə bu müddəti artırmaq da mümkündür.
Əmanəti qorumaqda səhlənkarlıq
Mən bir müddət öncə təmir işləri aparılan evimə baş çəkmək üçün oraya getdim. Əlimdə xeyli miqdarda pul, xarici valyuta və çek olan paket də var idi. Bu zaman dostum (həm də qohumum) evə daxil oldu və mən paketi ona tapşırdım. Çünki paket ilə əlaqədar nigarançılığım var idi və başımın qarışıq olduğuna görə onun içindəkilərə bir zərər dəyəcəyindən qorxurdum. Amma paketi verərkən iki səbəbdən onun içində pul olduğunu dostuma demədim: Birincisi, orada podratçı və adi işçilər olduğuna görə. İkincisi də o məntəqədə pulu adi kağız paketə qoymaq bir adət halını aldığına görə. Buna görə də o, paketin içində pul olduğunu bilirdi. Təəssüflər olsun ki, oradan çıxarkən paketi ondan almağı unutdum. Bir neçə dəqiqədən sonra paketi ona tapşırmağım yadıma düşdü. Ondan bu haqda soruşanda isə paketin yadından çıxıb həmin yerdə qaldığını bildirdi. Dərhal ora getdim, amma nə qədər axtarsam da paketi tapmadım və onun oğurlandığını başa düşdüm. Dostum buna görə zamindirmi?
O, paketdə pul olduğunu bilir və ya buna güclü ehtimal verirdisə, eyni halda belə səhlənkarlığa yol vermişdirsə, zamindir. Əgər iki tərəf arasında mübahisə yaranarsa, şəri hakimə müraciət etməlisiniz.
Diyə ödənməmişdən cinayətkarın ölümü
Bir şəxs qəza hadisəsində digər şəxsi öldürmüşdür. Məhkəmə qatilin diyə ödəməsi barədə qərar çıxarmışdır. Lakin qatil diyəni ödəməzdən öncə dünyasını dəyişmişdir. Sual budur ki, bu diyəni ödəmək onun varislərinə vacibdirmi?
Diyə sair borclar kimidir və onu vəfat edən şəxsin malının əslindən (üçdə biri çıxılmazdan və vərəsələr arasında bölünməzdən öncə) ödəmək vacibdir.
Diyənin hüquqi mahiyyəti
Diyənin hüquqi mahiyyəti nədən ibarətdir? Diyə şəriətdə zərərçəkən şəxsə dəyən ziyanı ödəmək və ya canini cəzalandırmaq deməkdir? Dəyən xəsarət diyənin miqdarından artıq olarsa, onu cinayətkardan tələb etmək olarmı?
Diyə dəymiş maddi ziyanı bərpa etmək mənası daşıyır. Dəymiş ziyanı ödəyərkən müalicə üçün diyənin məbləğindən artıq xərcləməli olsa, yuxarıda deyildiyi kimi, ehtiyat vacib budur ki, cinayətkar şəxs əlavə xərci ödəsin. (Zərəri ödəmək üçün minimum məbləğdən artıq ödəməməlidir.)

