Əmlakı bölünəndən sonra itkin düşən şəxsin tapılması
. Əgər itkin düşmüş şəxsin ölümünə dair hökmü çıxarılandan və irsinin varislər arasında bölünməsindən sonra itkin düşmüş həmin şəxs tapılarsa, varislərin əmlakın özünün, habelə, onun sərf edilmiş və sərf edilməmiş mənfəətlərinin qarşısında vəzifələri nədir? İstifadə zamanı aradan gedən malların hökmü necədir?
Onun ölümünə yəqin hasil olmamış, əmlakını bölmək olmaz. Talaq məsələsində isə hökm bundan fərqlidir. Sözü gedən şəxs irs bölünəndən sonra qayıdarsa, əmlakı və əmlakının mənfəətləri özünə qaytarılmalıdır. Əmlak aralarında bölünən şəxslər tələf etdikləri mal qarşısında zamindirlər.
İrs səhminin bağışlanması haqqında iddia
Qardaş və bacı atalarının varisi idilər. Atanın qoyub getdiyi irs qardaşın əlində qalır. Onların hər ikisi dünyadan gedəndən sonra bacının varisləri deyirlər ki, bizə düşən payı verin. Lakin qardaşın varisləri deyirlər ki, bacısı öz irs payını qardaşına bağışlamış və ya satmışdır. Belə halda vəzifə nədir?
Tanışlardan, qohumlardan və məlumatı olan adamlardan soruşub tədqiq edəndən sonra məsələ aydın olmasa, ehtiyat budur ki, iki varis tərəflər öz aralarında müsalihə etsinlər. Bu şərtlə ki, onların arasında azyaşlı uşaq olmasın. Əks halda ehtiyat, onun haqqına riayət etməkdir.
Diyənin varisləri
Diyə irs olaraq kimə çatmalıdır?
Anaya yaxın olan qohumları (məs, anadan bir olan qardaşı və bacısı) istisna olmaqla bütün nəsəbi və səbəbi varislərə ondan irs çatır.
Vəfat etmiş şəxsin irsindən namaz və oruc üçün əcir tutmaq
Varislər mərhumun irsindən onun ehtiyat namaz və oruclarını yerinə yetirmək üçün bir şəxsi əcir tuta bilərlərmi?
Mərhumun yalnız azyaşlı olmayan varisləri öz paylarından onun üçün əcir tuta bilər.
İrs səhmindən artığını götürmək
Varislərdən bəzisinin irsdən, öz irs paylarından artıq istifadə etmək hüquqları varmı?
Varislərdən heç birinin mərhumun əmlakından öz irs paylarından artıq götürmək haqları yoxdur. Bu iş yalnız digər varislərin razılığı ilə mümkündür.
Hədiyyənin irs səhminə təsirinin olmaması
Sağlığında bəxşiş vermək irsdə payın olmasına bir maneə yaradırmı?
İnsanların öz sağlığında varislərindən bəzisinə bağışladıqları mal, onların mərhumun irsində paya sahib olmalarına bir maneə yaratmır.
İrs bölgüsündə varislərin razılaşması
Varislər öz aralarında razılığa gəlsələr, irs səhmlərinə müvafiq olmayan formada əməl edə bilərlərmi?
Hamının razılığı ilə – aralarında azyaşlı uşağın olmamağı şərtilə – maneəsi yoxdur.
Bəhainin müsəlmandan irsi
Bəhaiyə müsəlmandan irs çatırmı?
İrs çatmır, lakin o bəhainin övladları ataları dünyadan gedən zaman müsəlman olmuşlarsa və onlardan irəli ola biləcək bir varis də olmasa, irs çatacaqdır.
Ərin öz həyat yoldaşına hədiyyəsi
Ər sağlığında öz həyat yoldaşı üçün aldığı müxtəlif libaslar, bəzək əşyaları və s. qadına aiddir, yoxsa kişinin malı sayılaraq varislər arasında bölünməlidir?
Əgər yerli əhalinin adətinə görə libas və bəzək əşyaları qadına bağışlanırsa, bunlar onun malı sayılır. Əgər yerli camaatın adətinə görə bu mallar qadının əlində əmanət qalırsa və ərinin həyatda olduğu zaman onlardan istifadə etmək hüququ varsa, bu mallar bütün varislər arasında bölünməlidir. Lakin adətən, bunlar qadının mülkiyyətinə keçirilir.
Ailə üzvlərinin eyni zamanda ölməsi
Bir qrup insan suda batma və ya ev uçması nəticəsində aradan gedir. Onların arasındakı əlaqə (ata-oğul əlaqəsi kimi) belədir ki, onlardan biri o birindən qabaq öldükdə irsi digərinə çatır. Müqəddəs şəriətdə isə onlara qarşılıqlı olaraq bir-birindən irs çatdığına hökm verilir. Belə olduqda bir qrup insan neftin içində, süd hovuzunda və digər mayelərin içində boğularsa, bu hökm ona da şamil olurmu? Habelə “hədm” təyyarənin partlamasına və buna oxşar hallara da şamil olurmu? Avtomobil qəzası necə?
Mayelər arasında heç bir fərq yoxdur. Təyyarənin partlaması və ya süqutu, habelə avtomobil qəzasının da hökmü belədir. Yəni oğula atanın bütün əmlakından öz payına uyğun olaraq irs çatır və onun da irsi varislərinə çatır. Habelə atanın öz oğlunun əmlakına dair vəziyyəti də belədir.
İrs səhminin bağışlanmasında şəkk
Kəşmirin məntəqələrindən birində müsəlmanların adəti belədir ki, oğlanlar həmişə ata ilə bir yerdə onun evində yaşayırlar. Ata dünyasını dəyişdikdən sonra onun əmlakının hamısı oğlanların ixtiyarında olur. Öz ərlərinin evində yaşayan qızlar isə, öz irs paylarını qardaşlarından istəmirlər. Onların çoxu bunu qardaşlarına bağışlayırlar. Bəziləri isə, nə qədər ki, sağdırlar öz razılıqları ilə qardaşlarının istifadəsinə verirlər. Bacılar və qardaşlar dünyadan gedəndən sonra bacıların övladları qardaşların övladlarından analarının payını tələb edib deyirlər ki, bizim analarımız öz paylarını sizin atalarınıza bağışlamamış, əksinə, bu hissəni “ibahə” ( mülkiyyətə keçirmədən sadəcə istifadə etmək haqqı) ünvanı ilə qoymuşdurlar. Qardaşların övladları da bibilərinin öz paylarını onların atalarına bağışladıqlarını, yoxsa yalnız ibahə şəklində onların istifadələrinə verdiklərini bilmirlər. Qardaşların övladlarının vəzifəsi nədir?
Əgər bu əmlakların qardaşlara bağışlandığı sübuta yetməsə bacıların payı onların varislərinə verilməlidir.
Oğlanlar və qızlar arasında irsin bərabər bölgüsünə vəsiyyət
İki il öncə anam ömrünü sizə bağışladı. Onun dörd oğlan və üç qız övladı qalmışdır. Mərhumdan qalan irs on milyon tümən dəyərində olan bir mülkdür. Biz hamının irs payını vermək üçün onun satmaq qərarına gəlmişdik. Bacılarım isə anamdan qalan bir əlyazmanı göstərirlər. Bu əlyazmanın məzmunu belədir ki, irsin bölünməsində qız və oğlan övladlar arasında heç bir fərq qoyulmasın və hamı eyni hüquqa malik olsun. İndi hamımızın bu əlyazmanın doğruluğunu, yəni onun anamız tərəfindən yazıldığını qəbul etdiyimizi, lakin qardaşlardan bəzisinin ən azından ürəklərində buna razı olmadıqlarını nəzərə alsaq, şəri vəzifənin necə olduğunu buyurun.
Ananın öz əmlakının üçdə birindən istifadə etmək haqqı olduğunu nəzərə alsaq, qızların irs payı barəsində dediklərinin heç bir eybi yoxdur. Çünki, sözü gedən fərq üçdə birdən az olacaqdır. Buna görə də ana necə vəsiyyət etmişdirsə, elə də əməl etməlisiniz.
İrs haqqının varislərə keçməsi
Qəti şəkildə haqları olan insanlar, məsələn, bacı, bibi və digərləri – daşınan və daşınmaz əmlakda – öz haqları ilə bağı iddia qaldırmırlarsa, onların ölümündən sonra varisləri bu haqqı iddia (tələb) edə bilərlərmi?
Onların buna haqqı var. Amma öz haqlarını aydın şəkildə bağışlamışdırlarsa, buna haqları yoxdur.
Mülkiyyətinin necəliyi məlum olmayan torpaqlar
Ata-babalarımızdan bizə mülk və torpaq sahələri irs çatmışdır, lakin onların necə əldə olunduğu bizə məlum deyil. Biz bu torpaqları digər əmlak kimi irs qanunu ilə bölüşdürə bilərikmi?
Bu torpaqları sizin ata-babalarınız abadlaşdırmışdırsa, ondan qabaq isə sahibsiz idisə, irs qanunu əsasında onların vərəsələrinə çatır. Habelə onlar bu torpaqları pulla (satın) almışlarsa və bu torpaqların keçmişinə dair heç bir sənəd mövcud deyilsə, şahid və sübut da yoxdursa, mülk kimin əlindədirsə, onunkudur. Yəni, sizin əcdadlarınızın mülkü olmuşdur və irs qanununa əməl etməlisiniz.