Qadağan olunmuş güclü elektrik cərəyanından ölüm
Peşəsi qaynaqçılıq olan şəxs binanın qaynaq işlərini əvvəldən axıra kimi öz üzərinə götürərək sahibkarla müqavilə imzalasa və podratçı qaynaq işləri üçün istifadəsi işıq idarəsi tərəfindən qadağan olunmuş, küçədən keçən yüksək gərginlik naqilindən istifadə edərsə və bu da elektrik qəzası ilə nəticələnərək qaynaqçının ölümünə səbəb olarsa, bu halda sahibkar müqəssirdir, yoxsa eyni zamanda podratçı olan qaynaqçının özü?
Burada qaynaqçı təqsirkardır.
Ali təhsil ocaqlarında pis işlərdən çəkindirmək
Ali məktəbin məsul işçilərindən biri haqlı olmadan yaramaz işlər görən tələbələri pis işlərdən çəkindirməyi yalnız universitetin nizam-intizam üzrə əməkdaşları ilə məhdudlaşdırır və mömin tələbələrə bu imkanı vermir. Bunları nəzərə almaqla dindar və inqilabçı bir tələbənin belə bir şəraitdə boynuna düşən vəzifə nədir?
Əmr be məruf və nəhy əz münkər etmək bütün müsəlmanların vəzifəsidir. Heç bir şəxs bunun qarşısını ala bilməz. Lakin bu işi elə görmək lazımdır ki, ali məktəblərin və müəssisələrin nizam-intizamı pozulmasın.
Şəhidin həyat yoldaşının dövlətin verdiyi vəsaitdən irsi
Bir şəxs öz şəxsi yük maşını ilə cəbhəyə getmiş, həm özü şəhid olmuş, həm də yük maşını sıradan çıxmışdır. Sonradan dövlət yük maşınının əvəzini şəhidin ailəsinə vermişdir. Sual budur ki, şəhidin arvadı bu maşından irs payını tələb edə bilərmi?
Əgər yük maşınını cəbhəyə aparmaq dövlətin əmri və ya dövlət zəmanəti ilə baş vermişdirsə (zəmanət ayrılıqda bu şəxsə yox, ümumi şəkildə verilmiş olsa da), şəhidin arvadına bu yük maşınının səkkizdə biri irs çatır. Əgər bu şəxs öz istəyi ilə, dövlətin heç bir tələbi və zəmanəti olmadan belə bir iş görmüşsə, bu barədə əlaqədar orqanların məsul işçilərindən soruşun ki, onların bu işdə məqsədləri yalnız şəhidin övladına yardım etmək olmuşdur, yoxsa bu hədiyyə onun həyat yoldaşına da aiddir. Habelə sual olunmalıdır ki, bu hədiyyə irs paylarına mütənasibdir, yoxsa ondan az, yoxsa çox?
Vəfat etmiş şəxsin əmlakından ikinci arvada çatan irs
Mənim adım Fatimədir. Ərim 1363-cü ildə dünyadan getmişdir. Mən onun ikinci arvadı idim və aramızdakı nikah daimi şəkildə oxunmuşdur. Buna baxmayaraq onun övladları ölümündən iki il sonra bütün əmlakını öz aralarında bölmüş və mənim haqqımı heç bir vəchlə verməmişlər. Mərhumun əmlakı aşağıdakılardan ibarətdir:1) Püstə bağları. 2) Sənədi mərhumun öz adına olan üç vahidlik yaşayış mənzili. 3) Traktor, bütün avadanlığı ilə. 4) Quyu, su nasosu, motorxananın binası, suyun və işığın imtiyazı və quyunun icazə sənədi. 5) Daşınan əmlak və ev avadanlığı. Bütün bunları nəzərə almaqla xahiş edirik ki, aşağıdakı suallara cavab verəsiniz:1. Mənim bu daşınmaz əmlaka aid bir haqqım varmı? Varsa, hansı şəkildədir?2. Bu 13 il ərzində mənim irsiyyəmi vermədiklərini nəzərə alsaq, bu illərin gəliri mənə çatırmı?3. İrsi verərkən bu günün qiyməti meyar sayılır, yoxsa, mərhum dünyadan gedən günün qiyməti? Əgər mərhumun vəfat etdiyi günün qiyməti meyar sayılırsa, bu bir neçə ildə baş verən inflyasiyanın dəyəri hesablanmalıdırmı?
1. Daşınmaz əmlakın qiymətinin səkkizdə biri və daşınan əmlakın səkkizdə biri hər iki arvada çatır və onların arasında bərabər şəkildə bölünməlidir.2. Daşınan əmlakın gəlirinə gəldikdə isə bu müddətdə olan mənfəəti ödəməlidirlər. Ehtiyat budur ki, daşınmaz əmlak barəsində də eyni şəkildə əməl etsinlər.3. Ödəniş gününün qiyməti meyardır.
Nikahları səhih olmayan ər-arvadın irsi
Vəkil əqd siğəsini səhv oxuyubsa, bu kişi və qadının övladlarına irs çatırmı? Bu kişi və qadına bir-birlərindən və vəfat etdikləri təqdirdə övladlarından onlara irs çatırmı?
(Bu halda) övladlarına ata-anadan və anaya övladlardan irs çatır. Lakin ərlə arvada bir-birlərindən irs çatmır.
Qadına öz ərinin qan diyəsindən çatan irsi
Zövcənin ərinin qan diyəsinin əvəzində verilən pulda haqqı varmı? Onun haqqı nə qədərdir?
Bəli, o puldan sair əmlak kimi irs aparır.
Kafir ölkələrində tapılan qiymətli əşyalar
Qeyri-müsəlman ölkələrdə tapılan qiymətli mal və əşyaların hökmü nədir?
Heç bir əlaməti yoxdursa, onları öz mülkiyyətinə keçirmək olar. Əlaməti varsa və sahibini tapması mümkündürsə, ona qaytarmalıdır. Lakin İslamla müharibədə olan ölkələrdə tapılana sahib çıxmağın bütün hallarda eybi yoxdur.
İzdivac əqdi zamanı irsin başqasına bağışlanması şərti
Daimi nikahda kişi əqdin daxilində öz arvadı ilə “əgər qadın kişinin varisi olsa, öz irsini o kişinin vəfat etmiş qadınından qalan övladına bağışlasın” – deyə bir şərt bağlaya bilərmi?
Belə bir şərtin tamamilə qeyri-müəyyən olduğunu nəzərə alsaq, işkalsız deyil.
Qadına kəhriz və quyudan çatan irs
Qadına kəhriz və ya quyu suyundan irs çatırmı?
Təkcə ərinin ölümü zamanı kəhrizdə və ya quyuda mövcud olan sudan ona irs çatır.
Kişinin övladı olmayan hallarda qadının irsi
Zeydin birinci arvadı doğuş zamanı dünyasını dəyişmiş və onun körpəsi də az bir zaman fasiləsi ilə ölmüşdür. Bir ildən sonra o öz qohumlarından birinin qızı ilə ailə qurmuş və iyirmi il onunla birlikdə yaşamışlar. Onun ikinci qadından heç bir övladı yoxdur. Hal-hazırda ər dünyadan köçmüşdür. Qadının irsi hansı şəkildə olmalıdır?
Əgər ölüm zamanı ərin heç bir övladı yox idisə, onun əmlakının dörddə biri həyat (torpaq sahəsindən başqa) yoldaşına, yerdə qalanı isə digər varislərə çatır.
Ayaqda müxtəlif sınıqların diyəsi
Dava-dalaş nəticəsində misal üçün, vurulan şəxsin sağ ayağının sümüyü bir yerdən sınarsa, onun diyəsi ayağın bütövlükdə diyəsi ilə müqayisədə nə qədərdir? Eyni zərbə ilə ayaq dörd yerdən sınarsa, diyəsinin miqdarı nə qədərdir? Əgər bir neçə zərbə nəticəsində ayaq dörd yerdən sınarsa, diyənin miqdarı nə qədər olacaq?
Ayaq sümüyünün sınması müqabilində alınan diyə kamil insan diyəsinin onda biridir (bir ayağın diyəsinin beşdə biri). Bu, o haldadır ki, ayaq əvvəlki (sağlam) vəziyyətinə qayıtmasın. Əvvəlki sağlam vəziyyətinə qayıdarsa, diyə bu miqdarın beşdə dördünə bərabər olacaq. Habelə, ayaq bir neçə yerdən sınarsa, onun diyəsi hər sınıq üçün eyni miqdardadır – istər bir zərbə nəticəsində çox sayda sınıqlar olsun, istərsə də müxtəlif zərbələr nəticəsində.
Kişiyə öz zövcəsinin mehrindən çatan irs
Qadının mehriyyəsi onun qoyub getdiyi irsinə aiddimi? Əgər onun qoyub getdiyi irsin bir hissəsidirsə, əri öz irs payını ondan kəsr edib, mehriyyənin qalanını qadının (öz arvadının) sair varislərinə ödəyə bilərmi?
Bəli, onun irsinin bir hissəsidir və sair əmlak kimi bölünməlidir.
Bir bədən üzvündə müxtəlif və ayrı-ayrı sınıqların diyəsi
Bir üzvdə bir neçə, ayrı-ayrı sınığın diyəsi nə qədərdir? Məsələn, bir şəxsin bir ayağı bir neçə yerdən sınmışsa, o cümlədən, çanaq sümüyünün sol tərəfi, çanaq sümüyünün başqa tərəfi, sol ayağın nazik sümüyü, sol ayağının diz qapağı və qarın altı sümüyü sol tərəfdən sınmışsa, belə ki, onlar ayrı-ayrı sınıqlar sayılırsa, bütövlükdə beş ayrı-ayrı xəsarətdən ibarətdirsə, bu kimi hallarda bu və sair üzvlərdə hər sınığa ayrı-ayrılıqda diyə düşür, yoxsa onların hamısı üçün bir sümük sınığına düşən diyə nəzərdə tutulur?
Sınıqların hər birinə ayrı-ayrılıqda diyə düşür.
Kafirlərə və əhli-kitaba Quran satmaq
Kafirlərə və ya Əhli-kitaba Quran satmaq, xüsusilə də onların təhqir, hörmətsizlik etmək fikirləri olmadığını, Əksinə, mütaliə üçün aldıqlarını biliriksə, caizdirmi?
Bunun təsir edəcəyinə ümid olsa və hörmətsizliyə səbəb olmasa, caizdir.