Əzadarlıq üçün deyilmiş qurbanların xərclənməsi
Zəncan şəhərində “Zeynəbiyyə” adlı bir məscid var ki, İmam Hüseynin (əleyhis-səlam) matəm günlərində bu məscidin əzadar dəstələrinin qarşısında çoxlu inək və qoyun qurban kəsilir. Bu ətlərdən bir hissəsi yemək hazırlanmaq üçün istifadə olunur və bir hissəsi də əhali arasında paylanır. Yerdə qalanı isə rəhbərlik heyətinin nəzarəti altında məscid binasının genişləndirilməsi, poliklinika inşası və ya bu kimi işlər üçün satışa verilir. Bu iş caizdirmi?
Əgər camaatın öncədən bu işlərdən xəbərləri varsa və bu işlərə razı olaraq qurbanlıq kəsirlərsə, eybi yoxdur. Əgər xəbərləri yoxdursa, ətləri əzadarlıq xərclərinə sərf etmək lazımdır.
Qızın müsalihə dəyəri olaraq ərə verilməsi
Bir məntəqədə iki tayfa arasında münaqişə, çəkişmə baş verir və nəticədə oğlan uşağının gözü görmə qabiliyyətini itirir. Müsalihə dəyəri olaraq 10 yaşlı qızı vəlisinin icazəsi ilə görmə qabiliyyətini itirmiş 8 yaşlı uşağın qardaşının nikahına keçirirlər. Qızın özü iddia edir ki, mən heç vaxt razı olmamışam və indi də razı deyiləm. Qanunda öz işlərinə müstəqil surətdə müdaxilə edə (idarə edə) bilən qız və oğlanın yaşı, 18 yaşdır. Yaşı 18 –dən az olan uşaqlar isə məhkəməyə müraciət etməlidir. Məhkəmə onların həddi-buluğa çatdıqlarını və yetkinləşdiklərini müəyyən etmək üçün mütəxəssis ekspert həkimə göndərir. Ekspert həkim onların həddi-buluğa çatdıqlarını və yetkinləşdiklərini təsdiq edərsə, məhkəmə 18 yaşından əvvəl onların yetkinlikləri barədə hökm çıxaracaqdır. Bu məqamda isə belə bir addım atılmamış, yalnız 16 yaşında zövcələr arasında bu məzmunda iclas protokolu imzalanmışdır ki, qız və oğlanın orta təhsilləri başa çatana kimi öz təhsillərinə davam etsinlər. Qız bu iclas protokolu ilə bağlı iddia edir ki, bu protokolu atam-anam məni təhdid edəndən sonra imza etdim. Belə nikahlar bəzi kəndlərdə adət halını almış və hal-hazırda da mövcuddur. “Təhrirul-vəsilənin” 4- cü məsələsində, “nikah əqdinin vəliləri” (qəyyumları) fəslində qeyd olunmuşdur ki, یشترط فی صحة تزویج الاب و الجد و نفوذه عدم المفسده (atanın və ya babanın öz övladını evləndirməsində və (bu evlənmənin) qüvvədə olmasında fəsad olmaması şərtdir.) və məsələnin axırında da qeyd olunur: بل الاحوط مراعات المصلحة (üstəlik əhvət məsləhətə riayət etməkdir.) Bu, “fəsadın olmaması və məsləhətə əməl olunması” qıza aiddir, yoxsa qızın atasına və qohumlarına? Ümumiyyətlə belə bir əməl düzdür, yoxsa yox?
Məsləhət və fəsadların olmamağına riayət etmək qıza aiddir. Yəni qızın məsləhətləri nəzərdə tutulmalıdır, ata-anaya aidiyyəti yoxdur. Qohumluq əlaqələrini nəzərə almaq və xəsarətlərin əvəzini çıxmaq azyaşlı (səğir) uşağın “müsalihə malı” olmasına əsas vermir. Amma şəriət baxımından böyük (həddi-buluğa çatmış, yetkin) şəxs barəsində aydındır ki, onun razılığı olmadan nikah əqdi səhih deyil.
Əri itkin düşmüş qadının ərə getməsi
Bir qadının ərinin filan hadisədə öldüyü yoxsa itkin düşdüyü məlum deyilsə və son dörd ildə ondan heç bir xəbər yoxdursa, qadın başqası ilə evlənə bilərmi?
Başqa kişiyə ərə getməyə haqqı yoxdur. Yalnız o halda ərə gedə bilər ki, onun ölümünə yəqin etmiş olsun, yaxud şəriət hakiminə müraciət etmiş olsun ki, sözü gedən şəxs barəsində araşdırma aparmağa göstəriş versin və şəri mərhələləri keçəndən sonra onun talağını versin.
Cəzada güzəştin mümkünlüyü
Quranın hamısını və ya bir hissəsini əzbərləmiş şəxs cəzası olan bir cinayət törədərsə, Quranı əzbərdən bilməyi onun cəzasının yüngülləşdirilməsinə və ya tamamilə güzəştinə səbəb ola bilərmi?
Törətdiyi əməl iqrar və etiraf yolu ilə sübuta yetərsə, şəri hakim onun cəzasını yüngülləşdirə və ya ona güzəştə gedə bilər. Əgər dəlil-sübut yolu ilə olsa, cəza hökmü öz qüvvəsində qalır.
Əzadarlıqda təbil və sincdən istifadə etmək
Matəm mərasimində təbil, sinc və s.-dən istifadə etməyin hökmü nədir?
Matəm mərasimində təbil, sinc və s.-dən istifadə etməyin hökmü nədir?
Həyat yoldaşının vəfatından sonra evlənməyəcəyinə əhd etmək
Əri dünyadan getmiş, özü isə cavan olan (məsələn, 30 yaşında) qadın, əri vəfat etdiyinə görə zinət verməkdən həddən artıq çəkinir, hətta adi şəkildə təmizliyinə də baxmır və ərə getməkdən də çəkinir. Biri elçiliyinə gələndə “Ərimlə əhd etmişəm ki, bir daha ərə getməyim və aramızda şərt bağlamışıq ki, hansımız tez vəfat etsə, digəri evlənməsin” – deyir. Bu iş düzdürmü? Onların bağladığı bu şərtə əməl etmək vacibdirmi?
“Zinəti verməyi, bəzənməyi tərk etmək” mənasını verən “hidad”, vəfat iddəsi zamanı lazımdır. Lakin zinəti tərk etmək, paklıq və təmizliyi tərk etmək mənasında deyil. Sözü gedən şərtin heç bir etibarı yoxdur. Bu qadın iddə sona çatandan sonra evlənsə daha yaxşıdır.
Evlənməyə qadir olmadıqda cinsi qabiliyyəti aradan aparmaq
Əgər bir kişi heç bir vəchlə evlənməyə qadir deyilsə, yəni həyatının bütün sahələrində həmişə məğlubiyyətlə üzləşirsə və hətta ən yüngül və sadə şəkildə belə, evlənməyə qadir deyilsə, evlənməmək isə onun orqanizmində müxtəlif fəsadların və problemlərin yaranmasına səbəb olursa, dərman atmaq və ya cərrahiyyə əməliyyatı vasitəsilə öz cinsi qüdrətini aradan apara bilərmi?
Caiz deyil. Allah taala onun üçün bir çıxış yolu yaradana qədər səbirli olmalıdır.
Həyat yoldaşının müstəhəb əməlləri yerinə yetirməyi qadağan etməsi
Əgər qadın yerinə yetirdiyi müstəhəb əməllərin çoxluğundan həddən artıq yorularsa və nəticədə əri ondan lazımi ləzzətləri ala bilməsə, ərinin onu belə müstəhəb əməllərdən çəkindirməyə haqqı varmı? Belə məqamlarda ərə tabe olmaq vacibdirmi?
Kişinin onu çəkindirməyə haqqı yoxdur. Amma cinsi ləzzətlər tamamilə aradan gedərsə, bu halda ərin hüquqlarına maneə törətdiyinə görə, qadın onun icazəsi olmadan nəsə bir müstəhəb əməllə məşğul olmağa haqqı yoxdur.
Əzadarlıqda xurafatdan çəkinmək
İslam düşmənlərinin müsəlmanları beynəlxalq siyasi səhnədən kənarlaşdırmağa, müxtəlif hiylələrdə İslam dinini xurafatçı və müsəlmanları məntiqsiz göstərməyə çalışdıqları bir şəraitdə, dini mənbələrdə əsası olmayan işlərin görülməsi və bəzi məntəqələrdə bir qrup insanın zahirdə özünü İslama mənsub etmək və dini adətlərə, mərasimlərə təzim etmək adı altında bu işlərə əl atması bir çox hallarda Şiə məzhəbinin və əzadarlıq mərasimlərinin sual altına getməsinə səbəb olarsa, hökmü nədir?
Belə bir şəraitdə lazımdır ki, Əhli-beyt (ə) davamçıları və Hüseyn (ə) məktəbinin aşiqləri bu mərasimləri sual altına alacaq hər bir işdən çəkinsinlər və onun yerinə elə mərasimlər qursunlar ki, Hüseynçi hədəflərə hər şeydən artıq aydınlıq gətirsin. Əgər keçmişdə görkəmli fəqihlərin bir hissəsi öz zamanlarında bir çox dəlillərə görə bu işlərin bəzisinə icazə vermişlərsə, bizim zamanımızda olsaydılar, şübhəsiz, başqa bir nəzərdə olardılar. Allah taala bizim hamımızı o böyük və fədakar şəxsiyyətlərin qoyduqları məktəbin davamçılarından etsin!
Daimi nikahı müvəqqəti nikaha çevirmək
Daimi evliliyi müvəqqəti evliliyə çevirmək üçün talaq verib müvəqqəti əqd oxumaqdan başqa bir yol da varmı? Əgər yoxdursa, iddə saxlamaq lazımdır, yoxsa keçmiş əri iddə zamanı arvadı mütə edə bilər?
Bunun yolu yalnız talaqdır. İddə zamanı onunla evlənə bilər, bu şərtlə ki, talaq rici olmasın. Əgər talaq ricidirsə, iddə tamam olandan sonra onu öz müvəqqəti əqdinə keçirə bilər.
Qeyri-müsəlman cinayətkarlarla necə rəftar olunmalıdır
Qeyri-müsəlman cinayətkarlar İslam hökmlərinə əsasən cəzalandırılmalıdırlar, yoxsa öz dinlərinə əsasən? Sonuncuda hökmü müsəlman qazı icra etməlidir, yoxsa öz qazıları?
Maidə surəsinin 42-ci ayəsindən aydın olur ki, müsəlman qazı bu iki yoldan birini seçməlidir; ya onların qəbul etdikləri təqdirdə İslam hökmlərinə uyğun cəza versin, ya da onların məhkəmə işini öz qazılarına həvalə etsin. Çoxsaylı hədislər də bu mətləbə dəlalət edir, habelə ”hüdud” və “cihad” bölümlərində fəqihlərimizin fitvaları da bunu təsdiqləyir. Amma müsəlman qazının onların öz dinlərinə uyğun olaraq hakimlik etməsi və onu səhih qələmə verməsini (hansı ki, bizim nəzərimizdə onların dinləri təhrif olunmuş və qüvvədən düşmüşdür) nə dəlillərdən əldə etmək olar, nə də böyük alimlərin fitvalarından. Yuxarıda deyilənlərdən pərhiz etmək üçün yeganə yol budur ki, özlərinin səlahiyyətli bildikləri bir qazı İslam hökumətinin nəzarəti altında onların qayda-qanunlarına əsasən hakimlik etsin. Diqqətə və ədalətə riayət etmək üçün isə əvvəldə onların dini hökmləri mütəxəssislərdən istifadə etməklə qanun çərçivəsinə salınmalı və müxtəlif hallarla bağlı (şəxsi münasibətlərdə) tənzim olunmalıdır ki, hər hansı sui-istifadə halları irəli gəlməsin.
Tələbənin müəllimi pis işlərdən çəkindirməsi
Bəzən qadın müəllimələr ali məktəb siniflərinə təhrikedici paltarlarla gəlirlər. Tələbələr də dərsi mənimsəmək üçün əlacsız qalıb onlara baxmalı olurlar. Onların vəzifələri nədir?
Belə hallarda ali məktəblərin rəhbərliyi ilə həmahəng tədbir töküb bu kimi halların qarşısını almaq lazımdır ki, tələbələr problemlə üzləşməsinlər və müəllimlər də öz şəri vəzifələrinə əməl etsinlər.
Əri itkin düşmüş qadının hökmü
Əri itkin düşmüş qadının vəzifəsi nədir? Bu müddətdə onun nəfəqəsi haradan təmin olunmalıdır?
Əri itkin düşmüş qadın barədə bir neçə hal mümkündür:1) Əgər bir xəbər gələnə qədər gözləyərsə, eybi yoxdur və onun nəfəqəsi ərinin malından ödənilməlidir.2) Əgər vəli və ya başqası tərəfindən (xərclərinə) kömək edən olsa, gözləməlidir. Yalnız ağır məşəqqət və ya mühüm bir zərər meydana çıxan halda, şəriət hakimi onun talağını verə bilər. 3) Bu iki haldan başqa hallarda şəriət hakiminə müraciət edə bilər. O, 4 il müddətində onun itdiyi məntəqələrdə axtarış aparacaq. Heç bir məlumat əldə etmədiyi təqdirdə öncə onun vəlisinə talaq təklifi verəcəkdir. O, talaq verməsə, hakimin özü talaq verəcək, sonra qadın talaq iddəsi saxlayacaqdır. (Hərçənd rici talaq iddəsi saxlaması ehtimalı güclü olsa da, mümkün olan qədər ehtiyat tərk edilməməlidir.) Bundan sonra ərə gedəcəkdir. Qız iddədə olan zaman birinci əri tapılıb qayıtsa, ərə getməyə üstünlük verilir. İddədən sonra gəlsə – hətta qadın yenidən ərə getməmişsə – talaq öz qüvvəsindədir. Yalnız iki tərəfin razılığı və yeni oxunan əqdi ilə qayıtmaq imkanı vardır.

