Birinin hücum etdiyini sanıb onu qətlə yetirmək
Əgər bir şəxs qarşı tərəfin hücum edəcəyini güman edib ona tərəf atəş açsa və onun qətlə yetirsə, bunun qisası varmı?
Qatil qarşı tərəfin təcavüzkar şəxs olduğunu (hücum etdiyini) güman edib atəş açsa, qisası yoxdur, amma diyə verməlidir.
İki nəfərin malı tələf etməsi
Əgər bir şəxs neft, yaxud digər yanacaq maddəsini özgəsinin əmlakının üstünə töksə və başqa birisi kibritlə onu yandırsa və mal tələf olsa, onların hər biri digərinin kibrit yandırdığını iddia etsə, vəzifə nədir?
O iki nəfərdən birinin bu işi gördüyü məlum ikən həqiqi müqəssiri aşkar edən bir dəlil-sübut mövcud olmasa, zəmanət (təzminat) onlar arasında bölünəcəkdir.
Mağaza sahibinin yanında əmanətin tələf olması
Əgər bir şəxs müəyyən bir şeyi, məsələn, paltarı mağazada qoyub: “Bu paltar sizin mağazanızda qalsın, mən onu sonra aparacağam” – deyə xahiş etsə və mağaza sahibi də bunu qəbul etsə, həmin şəxs bir müddətdən sonra öz malını aparmaq üçün gələndə mağazaçı başqasının o malı apardığını söyləsə, mal sahibinin şikayət etməyə və malı tələb etməyə haqqı varmı?
Əgər mağaza sahibi kifayət qədər araşdırmamış paltarı başqasına versə, zamindir.
Toydan öncə baş vermiş zinanın cəzası
Əgər bir şəxs kəbindən sonra və toydan (cinsi əlaqədən) öncə zina etsə, şallaqdan əlavə, onu sürgün etmək və saçlarını qırxmaq lazımdırmı? Cavab müsbətdirsə, deyin, cinsi yaxınlığın mümkünlüyünün hökmdə təsiri varmı?
Başını qırxdırmaq və sürgün etmək lazımdır. Cinsi yaxınlıq üçün şərait və imkan da burada şərt deyil. Yalnız qadının uzun müddət məcburən ərindən ayrı qaldığı hal istisnadır.
Allaha və Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) nalayiq sözlər iddiası ilə qətl
Əgər bir şəxs digərini qətlə yetirsə, sonradan “onu Allaha, peyğəmbərə və ya imamlara (ə) nalayiq söz dediyinə görə öldürmüşəm” –deyə iddia etsə, bu iddia, dəlil və sübut olmadan qəbul olunurmu?
Nüfuzlu və etibarlı deyil. Əgər bunu sübut etməsə, qisasa (edama) məhkum olacaqdır.
Borc əvəzində Quranın təlimini şərt etmək
Əgər bir şəxs digərinə borc pul verib “bu şərtlə sənə borc verirəm ki, sən də müqabilində mənim övladlarıma Quran təlim edəsən” – bu iş caizdirmi?
Ehtiyat budur ki, belə bir şərt tərk edilsin.
Hədiyyəni geri almaq
Əgər bir şəxs digərinə Quran hədiyyə etsə, onu geri ala bilərmi?
Əgər qürbət qəsdi ilə (Allaha yaxınlaşmaqdan ötrü) olmuşdursa, (geri almaq) işkallıdır.
Əllərin və üzün üç dəfə yuyulması
Əgər bir şəxs dəstəmaz alarkən üzünü və əllərini üç dəfə yuyarsa dəstəmazının və ibadətlərinin hökmü nədir?
Dəstəmazı və ibadəti işkallıdır. Lakin diqqət yetirmək lazımdır ki, “üç dəfə və ya iki dəfə yumaq” - deyəndə, sözü gedən bədən üzvünün bir dəfə kamil yuması, sonra ikinci dəfə yumağa başlayıb onu kamil yuyulması nəzərdə tutulur. Lakin bu üzvlərin yuyulması kamil bitməyənə qədər bir üzvə iki dəfə və ya daha artıq su tökməyin eybi yoxdur.
Oğurluq ittihamı
Əgər bir şəxs başqasına oğurluqda (və yaxud silahlı oğurluqda) ittiham edərək böhtan atsa, amma məhkəmə iclasında öz iddiasını sübut edə bilməsə və müttəhim qanuni şəkildə bəraət qazansa, şəriət baxımından böhtan atan şəxsin cəzası nədir?
Belə bir şəxs təzir olunmalıdır və onun (cəzanın) miqdarını şəri hakim təyin etməlidir.