Nəzirin mənası
Məsələ 2272: İnsanın Allaha xatir xeyir bir işi öz öhdəsinə götürməsi və ya bəyənilməyən bir işi tərk etməsi nəzir adlanır.
Məsələ 2272: İnsanın Allaha xatir xeyir bir işi öz öhdəsinə götürməsi və ya bəyənilməyən bir işi tərk etməsi nəzir adlanır.
Məsələ 2273: Nəzirin iki növü var: şərtlə yerinə yetirilən nəzir (məsələn, bir şəxs deyir ki, xəstəm sağalsa, Allaha xatir filan işi öhdəmə götürürəm; belə bir nəzir şükür nəziri adlanır; ya da insan pis işi yol verəcəyi təqdirdi Allaha xatir xeyir bir iş görəcəyini öhdəsinə götürür); ikinci növ nəzir mütləq nəzirdir. Mütləq nəzir edən şəxs heç bir qeyd-şərtsiz deyir: “Mən Allaha xatir nəzir edirəm ki, gecə namazı qılım.” Yuxarıda göstərilən şəkillərdə nəzir düzgün nəzirdir.
Məsələ 2274: Nəzir bu işdən ötrü siğə oxunduğu vaxt düzgün sayılır. Bu siğə həm ərəbcə, həm də başqa dillərdə ola bilər. Əgər bir şəxs “filan istəyim yerinə yetsə Allaha xatir fəqirə filan qədər mal verməyi öhdəmə götürürəm” söyləsə, onun nəziri düzgündür. Nəzir edən şəxs söyləsə ki, filan istəyim yerinə yetsə Allaha xatir filan işi yerinə yetirərəm, kifayət edər.
Məsələ 2275: Nəzir o zaman düzgün sayılır ki, nəzir edən büluğ həddinə çatmış, ağıllı şəxs olsun. Məcburi şəkildə, əsəbi halda edilən nəzir düzgün deyil.
Məsələ 2276: Malını boş yerə sərf edən səfeh adamın, eləcə də, müflis olduğu üçün şər’i hakim tərəfindən malına qadağa qoyulmuş şəxsin həmin maldan nəzir etməsi düzgün sayılmır.
Məsələ 2277: Əgər qadının nəzri onun ərinin hüquqlarını pozarsa, onun icazəsiz nəzri batildir. Əgər ərinin hüquqlarını pozmazsa, müstəhəb ehtiyat budur ki, ərinin icazəsi ilə nəzir etsin.
Məsələ 2278: Əgər qadın ərinin icazəsi lazım olduğu yerdə onun icazəsi ilə ilə nəzir edərsə, əri vacib ehtiyata əsasən onun nəzrini poza bilməz və ya bu nəzirin qarşısını ala bilməz.
Məsələ 2279: Övlad nəzir etmək üçün atasından icazə almaya bilər. Amma ediləcək nəzir ataya əziyyət olarsa, belə bir nəzir düzgün sayılmaz.
Məsələ 2280: Yalnız yerinə yetirilməsi mümkün olan işləri nəzir etmək mümkündür.
Məsələ 2281: İnsanın nəzir etdiyi iş şər’ən bəyənilməlidir. Beləcə, haram və ya məkruh işlərin görülməsini, vacib və ya müstəhəb işlərin tərk edilməsini nəzir etmək düzgün deyil.
Məsələ 2282: Nəzir ediləcək işini bütün xırdalıqlarının bəyənilməsi zəruri deyil. Əgər iş özü şər’ən bəyənilirsə, bu bəs edir. Məsələn, nəzir edilərsə ki, hər ayın ilk gecəsi gecə namazı qılınacaq, bu nəzir düzgündür və ona əməl edilməlidir. Əgər nəzir edilsə ki, yoxsullara müəyyən bir yerdə təam veriləcək, həmin nəzirə deyildiyi şəkildə əməl olunmalıdır.
Məsələ 2283: Yerinə yetirilməsi və ya tərk olunması eyni dərəcədə mübah olan bir işi nəzir etmək mümkün deyil. Amma həmin işi yerinə yetirmək və ya tərk etmək müəyyən bir baxımdan daha yaxşıdırsa, həmin məqsədlə nəzir etmək olar. Məsələn, nəzir edilsə ki, ibadətə qüvvə olması üçün bir şey yeyiləcək və ya ibadətdə süstlük yaranan bir qida tərk olunacaq, bu nəzir düzgündür.