Müzaribədə mənfəətin təyin olunmasının səhih olma şərtləri
Bir şəxs bir məbləğdə pulu digərinin ixtiyarında qoyur ki, onunla işləsin və hasil olan qazancı bərabər şəkildə bölsünlər. Pulu alan şəxs, şərikinin olduğuna görə əldə olunan qazancı dəqiq şəkildə hesablaya bilmədiyi üçün bildirir ki, bu pul, yəni məsələn, yüz min tümən onların hər biri üçün ayda təxminən üç min tümən gəlir hasil edə bilər. Belə bir müzaribə səhihdirmi?
Bu müzaribə üç şərtlə səhihdir:1) Müzaribə müqaviləsi hər birinin mənfəətini faizlə təyin etmək əsasında tənzim olunsun. Yəni, məlum olsun ki, hasil olan gəlirin neçə faizi sərmayəçiyə və neçə faizi də işləyən şəxsə aiddir. (Bundan əlavə, zərər dəysə, onu qəbul etməlidir.)2) Mal sahibi qarşı tərəfə vəkalət verməlidir ki, qazanc hasil olandan sonra onun payını nəzərdə tutulan məbləğdə sülh (razılaşma) etsin. 3) Mənfəət hasil olmadıqda isə ödədiyi aylıq pul “ələl-hesab” adı ilə verilməlidir.