Ciyərlər üçün toz dərmandan istifadə
Şiddətli təngnəfəsliyə tutulan bir şəxs, bir növ tibbi ləvazimatdan istifadə edir ki, onun iynəsini sıxmaqla maye dərman qaz-toz şəklində ağız boşluğundan ciyərlərə səpilir və xəstənin sakitləşməsinə səbəb olur. (Bu əməl gündə bir neçə dəfə təkrar olunur.) Bu alətlərdən istifadə etməklə eyni zamanda oruc da tutmaq olarmı? Diqqətinizə çatdırırıq ki, bu vəsaitdən istifadə etmədən oruc tutmağın dözülməz məşəqqəti var.
Əgər rəqiq (az və qatı olmayan) qaz şəklində bədənə daxil olarsa, maneəsi yoxdur və orucu səhihdir. Biz onun yayılmış nümunələrini görmüşük, eybi yoxdur.
Boğaz çirkini (bəlğəm) udmaq
Boğaz çirkini udmaq orucu batil edirmi?
Ağız boşluğuna daxil olmasa, yaxud ixtiyarsız udulsa, maneəsi yoxdur.
Yeyilməli olmayan vəsaiti ağıza salmaq
Oruc halında yeyinti məhsulu olmayan şeyləri (məsələn, həkimin müayinə ləvazimatını) ağıza salmaq orucu batil edirmi?
Orucu batil etmir. Yalnız ağız suyuna bulaşdığı surətdə, onu ağızdan çıxarıb yenidən ağıza salsa və bu ləvazimatın nəmliyi ağız suyunda aradan getməyəcək qədər çox olsa və onu udsa, bu hal istisna olunur.
Təharətsiz namaz
Müsəlman şəxs fəzada vəzifəsini yerinə yetirərkən yer kürəsinin atmosferindən kənara çıxsa, hava boşluğunda olduğu üçün ayaq üstə durmaq, sabitlik mümkün olmayacaqdır. Heç dəstəmaz almaq da mümkün olmayacaq. Çünki orada su da asılı vəziyyətdədir. Habelə kosmik gəminin cihazlarının həssaslığına görə azacıq toz belə yoxdur ki, təyəmmüm etsin. Olsa da o da asılı vəziyyətdədir. Üfüqün də onun üçün heç bir mənası yoxdur. Heç qiblə də yoxdur. Onun vəzifəsi necə olacaqdır?
Öz namazını həmin halla qılsın. Əgər bu müddət qısadırsa, sonradan ehtiyat olaraq qəzasını yerinə yetirsin. Müddət uzundursa, qəzası yoxdur.
Qütbdə qiblə
Hər hansı bir yolla, ya səfər üçün ya da qəbul etdiyi işlə bağlı qütbə səfər etmiş bir şəxsin, uzun müddət orada qalmaq fikri var. (Yeri gəlmişkən demək lazımdır ki, qütbdə altı ay gündüz və altı ay gecə olur.) Bunları nəzərə almaqla, bu şəxsin namazı, orucu və qibləsi necə olacaqdır? Əgər bir şəxs Aya səfər etmək fikrinə düşərsə, səfər boyu onun namazı, orucu və qibləsi (kosmik gəminin içində) və ayın üzərində necə olacaqdır?
Orta məntəqələrə uyğun əməl etməlidir. Bu haqda "Qütblərdə namaz və oruc" kitabında şərh vermişik. Lakin qütb məntəqələrində qibləni tapmaq çətin deyil. Məkkə ilə ən az məsafəsi olan səmtə tərəf dayanmalıdır. Buradan da fəzada olan şəxslərin namaz və oruclarının hökmü məlum olur. Fəzada səfərdə olanlar üçün qiblə, yer və onun fəzada olan hərəkəti səmtinədir.
Süni (protez) ayaqlarla namazı ayaq üstə qılmaq
Süni ayaqdan istifadə edən əlil qardaşlar bu ayaqlar vasitəsilə namazı ayaq üstə qılırlar. Bəzən ayaqlarının yorulduğundan və ya yaralanmasını ehtimal verərək protez ayağı çıxarıb namazlarını oturan yerdə qılırlar. Belə fərdlərə süni ayaqların köməyi ilə həmişə ayaq üstə namaz qılmaq vacibdirmi? Yoxsa belə hallarda namazı oturan yerdə də qıla bilərlər?
Çətin və məşəqqətli olmasa, əsaya və s. söykənməklə olsa belə namazı ayaq üstündə qılsınlar. Lakin çətin və məşəqqətli olsa və narahatçılığa səbəb olsa, oturan yerdə namaz qılsınlar.
Bədənindən mütəmadi şəkildə qan gələn yaralılar
Yaralıların bəzilərinin bədənindəki yaralar elədir ki, 24 saat ərzində (ondan) qan gəlir. Bu şəxslər namaz üçün nə etməlidirlər?
İmkan daxilində yaralarını bağlamalıdırlar ki, başqa yerlərə keçməsin və həmin halda namazlarını qılmalıdırlar.
Bövl və qaiti ixtiyarsız xaric olan şəxslərin namazı
Bövl və qaiti ixtiyarsız gələn şəxsdən, hər an bövl və qaitin çıxması ehtimalı varsa və iki məxrəcinin ətrafı, habelə paltarı əksər hallarda nəcisdirsə, belə ki, üstünü dəyişsə belə yenidən nəcis olacaqsa namazını necə qılmalıdır?
Namazını elə həmin şəkildə qılmalıdır. Dəstəmaz almaq üçün "Tovzihil-məsail" risaləsinin 329-cu məsələsində deyilmiş göstərişə əməl etməlidir.
Namazda qait kisəsini yanında saxlamaq
Böyük (yoğun) bağırsağında cərrahiyyə əməliyyatı aparılan şəxslərin qait məxrəcləri bağlanıbsa, belə ki, qait kisə vasitəsilə yığılırsa, belə şəxslərin namaz qılarkən hökmləri necədir?
Kisə daşınan şəkildədirsə, eybi yoxdur. Bədənin bulaşdığı halda çətin və məşəqqətli olmasa, onu yusunlar. Çətin və məşəqqətli olsa, həmin halla namaz qılsınlar.