Xümsü verilməmiş pulla həccə getmək
Həcc xərclərimin hamısını ərim öz öhdəsinə götürmüşdür. Lakin onun xüms vermədiyini bilirəm. Mənim isə öz var-dövlətim və şəxsi əmlakım yoxdur. Bu təqdirdə mənim yol xərci, ehram paltarı və kəsiləcək qurbanlıq qarşısında olan vəzifəm nədir? Bunların xümsünü kim verməlidir?
Bunların xümsü sizin öhdənizədir. Ödəməyə qadir deyilsinizsə, istitaətli sayılmırsınız.
Həcc növbəsi yetişməzdən qabaq vəfat etmək
Bir şəxs on il qabaq Beytullahil-həramın həcci üçün növbəyə yazılmış, lakin 1366 - cı ildə Allahın rəhmətinə qovuşmuşdur. Bu il o mərhumun həcc növbəsi yetişmişdir. Xahiş edirik, onun varislərinin vəzifəsini və mərhumun öhdəsində olan vəzifənin necə götürülməsini bəyan edəsiniz. Digər tərəfdən, bu vəsaitdən istifadə etmək necədir?
Əgər Məkkəyə getmək üçün növbə gözləməkdən başqa bir yolu olmamışdırsa, belə bir kəs istitaətli olmamışdır və sözü gedən vəsait irs malından sayılır. Amma ehtiyat etmək istəsələr, az məbləğə “miqati həcc” ala bilərlər. Bu şərtlə ki, az yaşlı uşağı olmasın və ya olarsa böyüklərin səhmindən götürsünlər.
Həccə gedən zaman istitaətli olmamaq
Bir kəs, məsələn, beş il bundan öncə istitaətli olmuş və həcc üçün növbəyə yazılmışdır. İndi isə fəqirdir. Belə bir şəxsə həcc vacibdirmi? Əgər seyiddirsə, Məkkəyə getmək üçün Ali Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) xümsündən ona vermək olarmı?
Növbəsi çatan zaman şərtlərin bəzisi onda olmazsa, həcc ona vacib deyil.
Vacib həcc üçün ərin icazəsinin şərt olmaması
Həccə getmək üçün “Həcc və ziyarət idarəsi” istitaətli qadından ərinin rəsmi icazəsini tələb edirsə və əri buna icazə vermirsə, qadın nə etməlidir?
Onların vacib həcc üçün ərin icazəsini istəmələrinə inanmaq çətindir. Çünki şəri baxımdan ərin icazəsi lazım (vacib) deyil.
Mehriyyə vasitəsilə istitaətli olmaq
Bir qadının mehriyyəsi onun istitaətindən bir neçə dəfə artıqdır. Qadının vəfatından sonra varislərinə, mirası bölməzdən əvvəl ondan həcc məxariclərinin kəsri (çıxması) lazımdırmı?
Qadının əri sağ olan zaman camaatın nəzərinə və adətlərə görə mehriyyəni ərindən ala bilərdisə, istitaətli olmuşdur və bunu mirasından çıxmaq lazımdır. Amma ala bilməzdisə, istitaətli olmamışdır.
Şəxsi mənzilə ehtiyacı olan şəxsin istitaəti
Şəxsi mənzilə ehtiyacı olan şəxs istitaətli olurmu?
Mənzilə ehtiyacı varsa, o pulu mənzil almağa sərf edə bilər, bu halda istitaətli olmayacaqdır.
Karvan xidmətçilərinin istitaəti
Həcc karvanlarında həccə gedən xidmətçilərin imkan baxımından istitaətli olmadıqlarını nəzərə alsaq, həcci necə yerinə yetirməlidirlər? Onlar vacib niyyəti etməlidirlərmi?
Karvan xidmətçiləri müstətidirlər (bu şərtlə ki, həcc müddətində öz ailə və uşaqlarının xərcinə malik olsun) və vacib həcc niyyəti etməlidirlər. Onların birinci dəfələridirsə bir kəs tərəfindən naib olub həcc yerinə yetirə bilməzlər. Bir kəsə kömək etmək üçün həccə gedənlər də bu qəbildəndir.
İstitaətli şəxsin naib olması
Bir şəxs istitaətlidir (müstəti, həcc üçün lazımi şərtlərə malik olan). Lakin (növbəyə) ad yazdırmadığına görə həccə getməyə imkanı olmamışdır. İndi atasının - o, ad yazdırmış, amma dünyasını dəyişmişdir - əvəzində naib olub həccə gedir. Bu niyabət (naib olma) səhihdirmi?
İstitaətli olub, lakin müəyyən maneələrə görə növbəyə yazıla bilməmişdirsə, onun naib olması səhihdir.
Sahibinin icazəsi olmadan zəkatın verilməsi
Bir şəxs zəkat verməsə, oğlu zəkat hissəsini ayırıb atası başa düşmədən xəlvətcə müstəhəqlərə verə bilərmi?
Şəri hakimin icazəsi ilə bu işi edə bilər.
Zəkatın düşdüyü yerlər
Zəkat verilməsi vacib olan 9 yerdən başqa, zəkat düşən digər şeylər də varmı?
Zəkat yalnız deyilmiş 9 yerdə vacibdir. Müstəhəb zəkat isə bunlardan qeyrisinə də aid olur.
Əkinçilikdən müəyyən pay alan fəhlələrin zəkatı
Tarlada, əkin sahələrində işləyən fəhlələr əmək haqqı olaraq əkin məhsulundan pay alırlar. Zəkat vermək onların vəzifəsidirmi?
Əgər məhsuldan alınan pay əkin-biçindəki işlərin hamısının əvəzindədirsə (ölkəmizdə əkin sahibi və rəiyyət arasında ən çox yayılmış haldır,) onların da payına zəkat düşür. Bu şərtlə ki, onların payı nisab həddinə çatsın. Amma onlar bu payı yalnız biçin və bu kimi işlərin əvəzində alsalar (yəni zəkat düşən vaxtdan sonra), bu halda fəhlənin boynunda heç nə yoxdur.