Qadınların təvaf namazında qabaqda dayanmaları
İbrahim (əleyhis-səlam) məqamında izdiham üzündən, təvaf namazı qılan zaman qadınlarla kişilərin bir-birinin bərabərində (qarşısında) olmaması və ya qadının kişinin önündə namaz qılmaması mümkün olmur. Bu halda onların namazları səhihdirmi?
Eybi yoxdur.
Təvaf edənlərin dairəsindən kənarda təvaf
Həcc mövsümündə Məscidul-həramın işçiləri qoca və xəstə adamları sərirlə (taxt, xərək) başları üzərində təvaf etdirirlər. Adətən, onlar təvaf edənlərin dairəsindən kənarda hərəkət edirlər. Bunların həcci səhihdirmi?
Onların təvafının eybi yoxdur. Buna görə ki, təvafda məşhur hüdudlara riayət etmək (məsafəni saxlamaq) vacib deyil, ehtiyat müstəhəbdir və sıralara da qoşulmaq (izdihama birləşmək) şərt deyil.
Təvaf edənlərin dairəsindən kənarda təvaf
Həcc mövsümündə Məscidul-həramın işçiləri qoca və xəstə adamları sərirlə (taxt, xərək) başları üzərində təvaf etdirirlər. Adətən, onlar təvaf edənlərin dairəsindən kənarda hərəkət edirlər. Bunların həcci səhihdirmi?
Onların təvafının eybi yoxdur. Buna görə ki, təvafda məşhur hüdudlara riayət etmək (məsafəni saxlamaq) vacib deyil, ehtiyat müstəhəbdir və sıralara da qoşulmaq (izdihama birləşmək) şərt deyil.
Naqis təvaf yerinə yetirən şəxsin naibi
Əgər bir kəs təvafın bir neçə dövrəsini (şovtunu) yerinə yetirsə və müəyyən üzürlü səbəbə görə onu sona çatdırmağa qadir olmayıb, naib tutmağa məcbur olsa, naib yerdə qalanını yerinə yetirməlidir, yoxsa təvafın hamısını?
Naib təvafının hamısını kamil şəkildə yerinə yetirməlidir.
Təvaf zamanı aylıq adət olmaq ehtimalı
Nəzərə alsaq ki, qadın təvafı ön plana çəkə bilər, bunda təvafın heyz günlərinə düşəcəyinə şəkki olması kifayətdirmi, yoxsa heyz olacağına güclü ehtimal verməlidir?
Sadəcə aqilanə ehtimaldan irəli gələn qorxu (nigarançılıq) kifayətdir.
Müztəribə qadının təvafda vəzifəsi
Müztəribə qadının təvafda vəzifəsi nədir?
O, müztəribə qadının namazdakı vəzifəsinə əməl etməlidir ki, aşağıdakılardan ibarətdir: “Müztəribə” bir neçə ay qan görüb, amma müəyyən adət tapmayan qadına deyilir, əgər on gün və ya bundan az qan görsə hamısı heyzdir. Əgər on gündən artıq qan görsə, heyz nişanəsi olan günlər üç gündən az, on gündən çox olmasa heyz sayılır. Bütün qanlar eyni şəkildə olarsa qadın qohumlarının adəti üzrə hərəkət etməlidir. (Əgər qohumlarının hamısının və ya böyük əksəriyyətinin adəti eyni cürdürsə.) Qohumların adəti fərqli olsa, ehtiyat budur ki, qadın adət müddətini yeddi gün təyin etsin.
Naməhrəmin bədəninə qəsdən toxunmaq
Bir şəxs təvaf halında qadın bədəni ilə təmasda olmağın (ona toxunmağın) haramlığını bilə-bilə, şəhvət üzündən bir qadının bədəninə toxunsa və bu təmasdan ləzzət alsa, təvafında işkal yaranırmı? Onun vəzifəsi nədir? (Bu məsələdə) Müstəhəb təvafla vacib təvafın fərqi varmı?
Təvafa xələl gətirmir. Əgər paltarın üstündən toxunsa kəffarəsi yoxdur. Lakin günah etməsi qətidir.
Vacib namaz üçün təvafı kəsmək
Təvafı kəsilən və ya vacib namaz üçün təvafını kəsən adamın hökmü iki halda: təvafın yarısından keçəndən və ya yarısına çatmazdan əvvəl, nədir?
Caiz, hətta müstəhəbdir ki, vacib namazın fəzilət vaxtına və ya camaat namazına nail olmaq üçün təvafı kəssin, və namaz tamam olandan sonra təvafı tamamlasın və yerdə qalan dövrələri yerinə yetirsin, (bu hökmdə) yarısından ötmək də əsas (şərt) sayılmır.
Təvafı təharətsiz (qüsl, dəstəmaz) halda yerinə yetirmək
Bir kəs təməttö ümrəsində və ya müfrədə ümrədə təqsirdən sonra ehramdan çıxmışdır. İkinci ehramdan bir neçə gün qabaq başa düşmüşdür ki, təvaf və namazında təharəti olmamışdır. Bu halda yenidən ehram paltarı geyinməlidir, yoxsa təvaf və onun namazını adi paltarla təkrarən yerinə yetirməsi caizdir?
Ehram paltarı geyinmək vacib deyil. Ehtiyat budur ki, səy və təqsiri də yenidən yerinə yetirsin.
Həcc tamam olandan sonra dəstəmaz üçün maneə olduğunu başa düşmək
Dırnaqlarının üstünə və barmaqlarına dırnaq boyası qalmış qadın bu vəziyyətdə həcc əməllərini yerinə yetirmişdirsə və bu boyanın dəstəmaz və qüsl üçün mane olmasını bilmirdisə, əməlləri səhihdirmi? Əgər həcc əməllərini yerinə yetirəndən sonra bunu başa düşsə, vəzifəsi nədir?
Onun təvafı və namazı səhih deyil. Buna görə də bu iki əməli yenidən yerinə yetirməlidir. Ehtiyat vacibə əsasən, səy və təqsiri də təzələməlidir və onun digər əməlləri səhihdir. Şəxsən yerinə yetirə bilməsə, naib tutmalıdır.
Həcc sona çatandan sonra məssi-meyyit qüslünün vacib olmasını başa düşmək
Bir şəxs təməttö həccinin əməllərini yerinə yetirəndən sonra bir məss-meyyit qüslünun ona vacib olduğunu, habelə digər vacib bir qüslü yerinə yetirmədiyini başa düşsə, həcci səhihdirmi?
Onun həcci səhihdir. Lakin ehtiyat vacib budur ki, təvafları (və səyi, təqsiri) yenidən yerinə yetirsin, qadir olmasa naib tutsun.