Qadınların adi libasla ehram bağlaması
“Ehtiyatən qadınlar da kişilər kimi ehram bağlamalıdırlar”- buyuran müctəhidlərin fətvası əsasında qadınlar ehram parçalarını bağlayandan sonra bu parçaları kənara qoyub öz adi paltarları ilə həcc əməllərini yerinə yetirə bilərlərmi?
Qadınlar həmin adi paltarlarla ehram bağlaya bilərlər və ehram parçalarını bağlamaq lazım (vacib) deyil.
Həcc niyyəti edən şəxs üçün müstəhəb təvaf
Həcc ehramını niyyət edən və niyyəti düz olan (gerçəkləşən, hasil olan) şəxsin müstəhəb təvaf etməsi caizdirmi?
Ehtiyat budur ki, müstəhəb təvafı tərk etsin. Amma yerinə yetirsə həccə heç bir zərəri yoxdur.
Zəruri hallarda üstü örtülü maşına minmək
Həcc karvanlarının məsul işçilərindən biri həcc mövsümündə bələdçi kimi qadınlarla birgə üstü örtülü maşınla Məkkəyə getsə kəffarə lazım (vacib) olurmu?
Zəruri hallarda kölgə altına getmək caizdir. Lakin kəffarəsi var. Bunun kəffarəsi hər ehram üçün bir qoyundur. Yəni ümrə ehramının məcmusuna görə bir qoyun və həcc ehramının məcmusuna görə də bir qoyun kifayətdir.
Bir neçə dəfə üstü örtülü olan maşına minməyin kəffarəsi
Hal-hazırda İrandan müfrəd ümrəyə gedən hacılar üstü örtülü maşınlarla yol gedirlər. Yol əsnasında namaz qılmaq və yemək yemək üçün bir neçə dəfə maşına minib düşürlər. Bunlar üçün bir kəffarə kifayət edirmi, yoxsa hər dəfə minib düşdükləri üçün ayrı-ayrılıqda kəffarə vermək lazımdır?
Ümrə ehramının bütün müddəti üçün və ya həcc ehramının bütün müddəti üçün bir kəffarə kifayətdir.
Üstü örtülü maşınla yol getmək
Gecənin əvvəlində Şəcərə və ya Cohfə məscidində ehram bağlayan və gecə ikən Məkkəyə daxil olan hacılar, üstü örtülü maşınla gedə bilərlərmi?
Caizdir və kəffarəsi yoxdur. Lakin soyuq və yağışlı gecələrdə olsa, bir qoyun kəffarə verməlidirlər.
Həcc kəffarələrini vətəndə ödəmək
Hacılar ümrə və təməttö həccinin kəffarələrini öz şəhərlərinə qayıdandan sonra ödəyə bilərlərmi?
Maneəsi yoxdur, lakin onların hamısını gərək ehtiyacı olanlara versinlər.
Xəstəliyinə görə əməlləri yerinə yetirməyə qadir olmayan şəxs
Xəstəlik və s. səbəblər üzündən Mina əməllərini, təvafı, səy əməlini və Məkkə əməllərini yerinə yetirməyə qadir olmayan şəxsin vəzifəsi nədir?
Bu şəxs məhsur hökmündədir. Lakin naib tuta bilərsə, bu iş (naib tutmaq) həcci təkrar yerinə yetirmək əvəzindən kifayət edər və sonrakı il həcci təkrar yerinə yetirməsi lazım (vacib) deyil.
Əvvəllər həccini fadis edən şəxsin məhsur olması
Həccini fasid (xarab, yanlış) edən, sonra məsdud və ya məhsur olan şəxsin hökmü nədir?
Vacibdir ki, məsdud və məhsura məxsus olan əməlləri yerinə yetirsin və sonrakı il həcc yerinə yetirsin.
Qurbanlıq göndərəndən sonra məhsurun vəziyyətinin yaxşılaşması
Məhsur olan və qurbanlığını Minaya göndərən şəxsin sonradan xəstəliyi yüngülləşərsə, vəzifəsi nədir?
Ona digər hacılara qoşulmaq, əməllərin hamısını yerinə yetirmək və öz hədyini (qurbanlıq üçün gətirdiyi heyvanı) qurbanlıq etmək vacibdir. Bu halda onun həcci səhihdir.
Ayağın sınması və ya nəqliyyat vasitəsinin xarab olması
Məhsur və məsdud olmaqdan başqa bir maneə yaransa, məsələn, ayağı sınsa, nəqliyyat vasitəsi xarab olsa və ya yolu azsa, məhsur və məsdud şəxsin hökmündədirmi?
Ayağı sınanın haqqında məhsur şəxsin, digər maneələr, məsələn, nəqliyyat vasitəsinin xarab olması və ya digər maneə haqqında isə məsdud şəxsin hökmləri icra olunur.