Şahidin etibarsız olması iddiası
Əgər ixtilaf və mübahisəyə görə bir şəxs bir şahidi cərh etsə (pisləsə, etibarlı olmadığını desə), məsələn, desə ki, filan şahidin mənimlə mübahisəsi olduğuna görə mənim əleyhimə şahidlik edir, bu cərh nafizdirmi (etibarlı, nüfuzludurmu)?
Onun etibarlı olmadığını isbat edə bilsə, onun cərh etməsi məqbuldur və əks halda, sadəcə iddia öz-özlüyündə məqbul deyil.
Eyni torpağın mülkiyyətinə dair iki nəfərin iddiası
Əmrlə Zeyd arasında bir mülk üstündə mübahisə (münaqişə) yaranmışdır. Onların hər biri iddia edirlər ki, Xalid o mülkü məhz ona vermişdir. Hər ikisinin də şahidi var. Amma şahiddən əlavə Zeydin əlində bir yazı da var, amma Əmr öz yazısını itirmişdir. Əmrin şahidləri deyirlər ki, Xalid, Zeydin yazısında olan tarixdən neçə il öncə mülkü Əmrə vermişdir və biz də şahidik. Xahiş edirik ki, bu iki nəfərdən hansı birinin şəhadətinin irəli (qəbul) olduğunu deyəsiniz?
Əgər mülk onlardan birinin ixtiyarındadırsa, onun dəlil və sübutu irəlidir. Əgər mülk onların hər ikisinin ixtiyarındadırsa, və ya heç birinin ixtiyarında deyilsə, (mülkü) bölməlidirlər.
Qazılar müxtəlif olan yerdə məhkəmə metodu
Məhkəmədə bir neçə qazının olması İslam fiqhində varmı və təsdiq olunmuşdurmu? Cavab müsbətdirsə, hakimlik (məhkəmə) hansı şəkildə aparılacaq və hansı metodla qərar çıxarılacaqdır. Əksəriyyətin nəzəri meyardır, yoxsa ələm müctəhidin rəyi meyardır?
Qazılar yekdil rəyə malikdirlərsə, maneəsi yoxdur. Lakin fikir ayrılığı olan halda, bir nəfər işi aparmalı və qərar çıxarmalıdır.
Bir cinayət işində bir neçə qazı arasında fikir ayrılığı
Eyni işə baxan bir neçə qazının arasında fikir ayrılığı baş verərsə, onların içində ələm olan qazının qərarına üstünlük vermək lazımdırmı?
Bir cinayət işinə bir qazı baxmalıdır. Hərçənd o digərləri ilə məşvərət edə bilər.
Qazının elminin hüdudda etibarı
Müttəhimin iqrarlarından, münaqişəli tərəflərin söylədiklərindən, iş qovluğunda olanlardan, mövcud əlamət və qərinələrdən hasil olan qazının elmi, şəri hüccət (dəlil) sayılırmı? Qazı belə bir elmə istinad etməklə hüdud (cəza), qisas və sair şəri hüquqlar haqqında qərar çıxara bilərmi?
Qazının elmi hissi və ya hissə yaxın əsaslardan (meyarlardan) hasil olarsa, hüccətdir.
Həddi-buluğa çatandan sonra azyaşlı cinayətkarın ittiham edilməsi
Həddi-buluğa çatmayan uşaqlar oynayarkən onlardan biri öz oyun yoldaşının üzərində cinayət işlədir (gözünə xəsarət vurur). Uşağın valideynləri onun müalicəsinə başlayır və sağalmasına ümid bəsləyərək şikayət etmirlər. Bir neçə ildən sonra və sağalandan sonra şikayət edirlər. Müqəssir şəxs artıq həddi-buluğa çatmış və böyümüşdür. Əgər dəlil və sübut olmasa və müttəhim hadisəni inkar etsə, münaqişəni hansı yolla həll etmək mümkündür?
Heç bir dəlil və sübutun olmadığını fərz etsək, inkar edən şəxs and içməlidir, ehtiyat budur ki, onun vəlisi də (başçısı da) and içsin.
Azyaşlı uşağın vəlisini and içdirmək
Dünyadan getmiş bir şəxsin bir neçə az yaşlı (səğir) varisi var. Mərhumun bacısı iddia edir ki, mərhumun filan torpaq sahəsi mənimdir. Lakin mərhumun varisləri bir sənəd təqdim edirlər ki, orada bacısının həmin torpaqları qardaşına bağışladığı deyilir. Lakin bacısı bu sənədi qəbul etmir və and içməyə hazırdır. Az yaşlının tərəfindən qarşı tərəfə and içdirmək olarmı?
Onlar şəri hakimin yanına gedib, öz sənədlərini təqdim etməlidirlər. Əgər and içmək lazım olsa, azyaşlının vəlisi (himayə edən, qəyyum) onların haqqını müdafiə etmək üçün and içə bilər.
İttihama dair sübut-dəlilin olmadığı halda fərdin ittiham edilməsi
Bir şəxsin ittihamını ona izah etmədən, onu məhkəməyə çağırmadan, özünü müdafiə üçün ona icazə vermədən müttəhim etmək və naməlum günahla 2,5 il müddətində azadlıqdan məhrum etmək, habelə cinayət işində ittihama aid olan sənədlərin olmaması şəriət və İslam hökmlərinə uyğun ola bilərmi?
Şəriət qaydalarına görə onun günahını özünə başa salmaq və ona müdafiə üçün icazə vermək lazımdır. Sonra İslam ədalət meyarlarına, habelə müqəddəs fiqhi hökmlərdə göstərilənlərə uyğun olaraq mühakimə edilməlidir.
Meyitin borclu olmasına dair iddia qaldırmaq
Meyitə qarşı qaldırılan iddiada aşkar dəlil-sübutdan əlavə, and içmək də lazımdır. Bu, yalnız onun borclu olduğu hallara məxsusdur, yoxsa iddiaların hamısına şamil olur? Məsələn, bir kəs desə ki, “mərhumun filan torpaq sahəsi mənim olmuşdur”, yaxud “filan torpaq, filan bulaq və ya filan arxda onunla şərik idik.”
Bu hökm borclara məxsusdur.
Quran ayələrinin peyğəmbərin (sallallahu əleyhi və alih) sözləri olduğuna etiqad bəsləmək
Əgər bir şəxs Quranın (kəlmələrinin deyil) mənasının Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mübarək qəlbinə nazil olduğuna və Peyğəmbərin də həmin mənaları öz sözləri və ifadələrilə bəyan etdiyinə, yəni hazırkı kəlmələrin Allaha deyil, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) məxsus olduğuna etiqad bəsləyərsə, bu etiqad onun mürtəd olmasına gətirib çıxarırmı? Belə bir şəxsin müqabilində bizim vəzifəmiz nədir?
Bu etiqad xəta və səhvdir. Ona yol göstərmək lazımdır. Amma küfrə səbəb olmur.
Diyə bütün insanlar üçün eynidir
Əgər qətlə yetirilən şəxsin ölümü, onun evdə və ictimaiyyət içində olmaması ailəsindən əlavə, hansısa qrupa və ya sualda fərz olunduğu kimi bir cəmiyyətə həm maddi, həm də mənəvi ziyan vurarsa, təkcə ailəsinin yanında olmadığına görə dəyən maddi zərəri ödəmək üçün öncədən təyin olunmuş diyənin miqdarına əlavə etmək olarmı? Çünki, ailəsindən başqa bir qrup insan və ya cəmiyyət də onun ölümündən zərər çəkmişdir.
Fərdlər arasında fərqlərin mövcud olmasına baxmayaraq müqəddəs şəriət hamı üçün eyni məbləğdə diyə nəzərdə tutmuşdur (qadın – kişi və bu kimi halları istisna etməklə). Səbəbi də bu ola bilər ki, aydın meyarlar olmadan, onların arasındakı fərqi qəbul etmək ictimaiyyət içində saysız-hesabsız çəkişmə və mübahisələrə səbəb ola bilər ki, bunun da ziyanı faydasından artıq olacaqdır.