Ümumi qəbiristanlıqda məqbərənin inşası
Şiraz şəhərinin “Darur-rəhmə” qəbiristanlığında dəfn olunmuş bir şəxs ürfan və seyr-sülük əhli olduğu üçün – istər həyatı zamanı,istərsə də ölümündən sonra – çoxlu tərəfdarlara malikdir. Son zamanlar müridləri onun Xacə Şiraziyə böyük məhəbbəti olduğuna görə onun da qəbri üstündə Hafizin məqbərəsinə bənzər bir məqbərə ucaltmışlar. Bu məqbərə onun ardıclılarının ziyarətgahına çevrilmişdir. Bu iş çoxlarının etirazına səbəb olmuş və bu dəftərxanaya müraciət etmişlər ki, bu məqbərəni götürək. Bu səbəbdən xahiş edirik ki, öz mübarək nəzərinizi yazılı şəkildə buyurasınız.
Ümumi şəkildə vəqf edilmiş və hamıya aid olan qəbiristanlıqdan bu şəkildə istifadə etmək caiz deyil.
Vəfatdan sonra üçün vəqf etmək
Bir şəxs əmlakının bir hissəsini İmam Hüseynə (əleyhis-səlam) vəqf etmək istəyir və şərt edir ki, nə qədər ki, bu həyatdadır, o əmlakın gəliri özünə çatsın və vəfatından sonra İmam Hüseynin (əleyhis-səlam) olsun. Belə bir vəqf şəri baxımdan səhihdirmi?
Səhihdir, inşallah.
Vəqfnamənin məzmunundan xəbərsizlik
Bir neçə xeyriyyəçi 1349-cu hicri-şəmsi ilində (təxminən 1970) bir torpaq sahəsini mülkiyyət sənədi ilə və torpaq sahibinin bu torpaqların vəqf olmağına dair iddiası ilə yanaşı məscid inşa etmək üçün satın almışdır. Hal-hazırda orada “Həzrət Əbul-fəzl adına məscid” inşa edilmiş və əhalinin istifadəsinə verilmişdir. Lakin yerli əhali arasında məşhurdur ki, bu məscidin yeri vəqfdir. Vəqfin şəri məsələlərini nəzərə almaqla məscidin icması bu məsələni araşdırmışdır ki, tədqiqatın nəticəsini həzrət ustada bu şəkildə təqdim edirik: Bu məscidin torpağının Hacı Məhəmməd Əli adlı bir şəxs tərəfindən vəqf olunması şübhəsizdir. Lakin vəqfin növü məlum deyil. Bir qrupun dediyinə görə Hacı Məhəmməd Əlinin vəqfi övlad vəqfidir. Digər bir qrup bu vəqfin növündə tərəddüd edir və onun Şahi Nəcəf vəqfi olması ehtimalı var. (Lakin böyük ehtimalla Hacı Məhəmməd Əlinin vəqfi övlad vəqfidir.) Sizdən xahiş edirik ki, yerli əhalinin sözü gedən məsciddə dini fəaliyyətlərinə davam etmələrinə dair vəzifələrini bəyan edəsiniz.
Bu barədə təhqiq etmişsinizsə və vəqfin məqsədi aydın olmamışdırsa, o torpaq sahəsi üçün münasib bir icarə haqqı nəzərdə tutmalısınız. Onun yarısını Mövla Əmirəl-möminin Əlinin (əleyhis-səlam) məclislərinə aid olan xərclərdə sərf edin və digər yarısını da vəqfdə nəzərdə tutulan insanlara çatdırın. Amma əgər onlar məscidə görə icarə malını güzəştə getdikləri barədə razılıq versələr və aralarında səğir (azyaşlı) də olmasa (onlara pul vermək) lazım deyil.
Məscidin kanalizasiyasının vəqf olunmuş qəbiristanlıqdan keçməsi
Məscidin rəhbər heyəti bu fikirdədir ki, məscidin ümumi tualetinin kanalizasiyasını boru kəməri vasitəsilə təxminən 35 il ölü dəfn olunmayan köhnə, tərk edilmiş qəbiristanlıqdan keçirsinlər. Zahirən oranın qəbiristan olmasını göstərən heç bir əsər-əlamət yoxdur. Bundan əlavə, nəcasətin də qəbiristan torpaqları ilə heç bir təması olmayacaqdır. Bu iş caizdirmi?
İşkalsız deyil. Yalnız bu halda olar ki, qəbiristanlığın əsər-əlaməti tamamilə aradan getmiş olsun və oranın yeri də vəqf olunmuş olmasın.
Vəqf idarəsinin işçiləri üçün vəqf olunan əmlakların gəlirlərindən istifadə
Vəqf kimi gözəl sünnətə geniş yer vermək üçün müəyyən məbləğdə pulu işçilərin idarə və iş xərclərinə sərf etmək lazımdır ki, heç bir vəqfnamədə belə hallara işarə edilməmişdir. Sualımız budur ki, vəqf olunmuş əmlaklardan, xüsusilə vəqf idarəsinin nəzarəti altında olan imkanlı vəqf əmlaklarından əldə olunan gəlirlərin sərf olunma üsulunda dəyişiklik etməklə müəyyən məbləğdə pulu sözü gedən xərclərə sərf etmək olarmı?
Belə işlərin diqqət və ehtiyatla yerinə yetirildiyi təqdirdə xeyirxah işlərdən biri sayıldığını nəzərə alsaq, xərcləri ümumi olan vəqf əmlaklarından istifadə etmək olar. Bu şərtlə ki, vəqf idarəsinin məsul işçiləri öz vəzifələrini dəqiqliklə yerinə yetirsinlər.
Digər vəqf olunan əmlakları tapmaq üçün vəqflərdən istifadə
Ölkə səviyyəsində saysız-hesabsız vəqf olunmuş əmlaklar vardır ki, ya tanınmaz qalmaqdadır, ya da dağılıb aradan getmişdir. Sözü gedən bu vəqf əmlaklarının hər iki qismi tapılıb abad edilərsə, İslam ölkəsi üçün çox böyük gəlirlər yarada bilər. Bu halda mövcud olan vəqf əmlaklarının gəlirlərindən istifadə üsulunda cüzi dəyişikliklər etməklə sözü gedən (tanınmamış qalan) vəqf əmlaklarını tapmaq istiqamətində, tədbir görmək olarmı?
Ümumi xərclər üçün olan vəqflərdən istifadə etmək olar.
Məsləhətə görə vəqfnamədə dəyişiklik aparılması
İndiki şəraiti, dövlətin və İslam ümmətinin məsləhətlərini, habelə vəqf edənlərin əsl niyyətlərini nəzərə almaqla, İslam dövlətinin sair cari və yazılı proqramları ilə həmahənglik yaratmaq üçün vəqf edənlərin nəzərlərində praktiki baxımda düzəlişlər etmək olarmı?
İmkan daxilində vəqfnaməyə uyğun əməl olunmalıdır. Buna imkan yoxdursa, vəqfnamədə qeydə alınanlara və vəqf edənin niyyətinə daha yaxın olanlara əməl olunmalıdır.
Vəqf olunmuş yerlərin gəlirlərinin birinin digərində istifadəsi
İki vəqf edən tərəfindən iki vəqf olunmuş əmlak mövcuddur. Onlardan birincisinin xərci az və gəliri çoxdur. Belə ki, fərzən gəlirinin 80 % -i artıq qalır. İkincisinin isə gəliri az və xərcləri çoxdur. Sual budur ki, bu iki vəqf olunmuş əmlakın hər ikisinin idarə olunmasına nəzarət edən mütəvəllinin və ya məntəqənin vəqf idarəsinin birinci vəqfin gəlirindən artıq qalanını sair şəri qaydalara riayət etməklə ikinci vəqfə sərf etməyə haqları var, ya xeyr?
Əgər birinci vəqf olunan əmlakın gəlirlərinin sərf olunma yerləri ümumidirsə, belə ki, ikinci vəqfə də şamil olursa, heç bir maneəsi yoxdur.
Vəqf olunmuş əşyalardan ümumi istifadə
Hüseyniyyənin və məscidin əmlakından istifadə etməyin hökmü nədir?
O məscidin və hüseyniyyənin ehtiyacları xaricində istifadə etmək caiz deyil. Yalnız bu halda caizdir ki, vəqf edən şəxs onlardan istifadənin ümumiliyini aşkar qeyd etmiş olsun.
İstifadəyə yararsız olan hədiyyə və vəqf edilən əşyaların qəbulu
Məscidə gətirilən (vəqf edilən və ya məscidin mülkiyyətinə keçirilən) əşyalar qədimi olarsa və ya münasib olmazsa, ya ondan indiki zamanda istifadə olunmursa, ya da istifadə nəticəsində yararsız hala düşmüşdürsə, belə əşyaları qəbul etməyib qaytarmaq olarmı?
Məscid üçün hədiyyə qəbul etmək vacib deyil, lakin vəqf olunmuşdursa və ya məscidin mülkiyyətinə keçirilmişdirsə, onu qəbul etmək və vəzifəyə uyğun əməl etmək lazımdır.