Zifafdan öncə nəfəqə
Toy (nikah) mərasimi ilə zifaf gecəsi (müştərək həyatın ilk gecəsi) arasında, nə qədər ki, qız ər evinə getməyib, ərdən nəfəqə (xərclik) alması adət deyil. Əgər zövcə bir müddətdən sonra o dövrdəki nəfəqəsini tələb edərsə, onun nəfəqə almağa hüququ vardırmı? Halbuki, hələ tam şəkildə təslim olmayıb.
Nəfəqə almağa haqqı yoxdur.
Ər və arvadın təmkin barəsində iddiası
Əgər tərəflər arasında bu səbəbdən fikir ayrılığı olsa və qadın itaətini mehrlə şərt etdiyini iddia etsə, əri isə arvadının hətta mehriyə alacağı təqdirdə belə təslim olmaq fikri olmadığını açıqlasa, eyni zamanda ərin dediklərinin doğruluğunu ehtimal verən dəlillər də mövcud olsa, qadının sırf iddiası ilə ərinə nəfəqə vermək vacib olurmu, yoxsa münaqişəyə möhkəm dəlillər gətirməklə və and içməklə son qoyulmalıdır? Və bu halda kim iddiaçı və kim inkarçı sayılır?
Əgər əri ilə bir yerdə yaşayan qadının davranışından onun təslim olduğunu başa düşmək olursa və əri bunun əksini iddia edirsə, bunu sübut etməlidir. Əgər onun davranışından bunun əksi başa düşülürsə, ərinin iddiası məqbuldur.
Namazın qəza olacağını bilən halda yatmaq
Mən sübh azanına yarım saat qalmış hələ də mütaliə edirdim. Yatsam, sübh namazımın mütləq qəzaya gedəcəyini bildiyim halda şəxsən mənim yatmağımın hökmü nədir? Bu məsələni ramazan ayında sübh azanından öncə cünub (cənabətli) olan şəxsin məsələsinə bənzətmək olarmı?
Namazın qəza olacağını bilə-bilə yatmağın eybi yoxdur. Lakin mümkün olan qədər, bunu etməməlidir.
Böyük şəhərlərin hökmləri
“Böyük şəhərlər” deyəndə məqsəd nədir? İranda neçə böyük şəhər var? Böyük şəhərlərdə məsafəni şəhərin axırından hesablamaq lazımdır, yoxsa məhəllənin axırından?
Böyük və kiçik şəhərlər arasına fərq yoxdur. Böyük və kiçik şəhərlər müsafir hökmlərində eynidir, yalnız bu hal istisna olunur ki, bir şəhər o qədər böyüsün ki, onun hər məhəlləsi müstəqil bir şəhər sayılsın. Məsələn, Şemiran və Rey kimi şəhərlər Tehrana bitişik olsalar da müstəqil şəhər sayılırlar. Lakin Tehranın müxtəlif məhəllələri onun bir hissəsi sayılır. Hər məhəlləsi müstəqil şəhər olan hallarda onların arasındakı məsafə müsafir namazının məsafəsidirsə, namaz şikəstə olur. Əks-halda namaz tamamdır. Məsafədə meyar, şəhərin axırıncı evləridir.
Narkotik maddələrin alveri
“Narkotik maddələrin alqı-satqısı şərab alveri kimidir”, – desək, səhihdirmi? Bu mənaya ki, alıcı bu maddələrin sahibi (maliki) olmur və satıcı məbləğin və vəsaitin sahibi olmur.
Bəli, səhihdir və bu maddələrin müamiləsi batildir.
Qadınların Minada qalmaları
Olarmı ki, qadınlar on ikisinə keçən gecə rəmyi-cəmərat edib, elə həmin gecə Məkkəyə gedərək bir daha Minaya qayıtmasınlar, yoxsa kişilər kimi mütləq zöhrə kimi Minada qalmalıdırlar?
Onlar kişilər kimi zöhrə qədər mütləq Minada qalmalıdırlar, yalnız üzrlü səbəbdən (Minada) qala bilməsələr, müstəsnadır (eybi yoxdur).
Məhcur olmayan borclu şəxsin müamiləsinin haramlığı
Cənab ustad, ümumiyyətlə, hansı şərtlərlə məhcur olmayan borclu şəxsin müamiləsini nüfuzlu saymırsınız?
Hər bir halda nüfuzludur. Lakin (bu müamilə) borcu qaytarmaq üçün olan imkanının əldən getməsinə səbəb olarsa, haramdır.