Bankların şəri əqdlərinin xırdalıqları
İslam Respublikasında fəaliyyət göstərən banklar müzaribə, musaqat, müzariə, şirkət və cüalə kimi şəri ünvanlar altında öz müştəriləri ilə qarşılıqlı şəkildə müqavilə bağlayır və hər ay (avans olaraq) təxminən on dörd faiz və yaxud bundan çox və ya az müştərilərin istifadəsinə verir, müddətin sonunda isə hesabı qaydaya salırlar. Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, adi camaat və müştərilər, adətən, blanklarda olan şərt və qeydləri mütaliə etmir və imzalamaqla kifayətlənirlər. Bununla da bütün şərt və qeydləri qəbul etməkdə öz razılıqlarını bildirirlər. Sual budur: şəri qanun-qaydalar, ünvan və xüsusiyyətlər barəsində məlumatı olmadan, sadəcə imza etmək və ya bütün şərtləri şifahi şəkildə qəbul etmək sözü gedən əqdlərin həyata keçməsinə və şəri baxımdan düzgün olmasına səbəb olurmu? Yoxsa banklar və ya əqd bağlayan şəxslər tərəfindən onları başa salmaq və izah etmək lazımdır? Əgər şəri baxımdan düzgün (qanuni) deyilsə, sizin mübarək nəzərinizdə bunun üçün başqa çıxış yolu varmı?
Əgər tam şəkildə banklara vəkalət versə ki, onun pulunu şəriət əqdlərinə müvafiq olaraq işlətsin, əldə olunan qazancı ona versin, bu halda eybi yoxdur. Tam vəkalət veriləndən sonra onun incəliklərini öyrənmək vacib deyil.
Fondun pulundan icazəsiz istifadə etmək
Xeyriyyə fondunun rəhbərləri fonda üzv olanlardan vəkalət almadan (üzvlər pulu fonda qərzül-həsənə adı ilə verirlər) orada olan pullarla işləyə bilərlərmi? Aşağıdakı iki halda şəriət hökmü necədir?1) Əldə olunan gəlir, borc vermək və avadanlığın alınması daxil olmaqla müştərək şəkildə fondun xərclərinə sərf olunsun. 2) Əldə olunan gəlir işləyənlərə qalsın.
İcazə almadan caiz deyil. Əgər hesab açmaq üçün qeyd olunan şərtlərdə xeyriyyə fondunda olan pulların bir qismindən gəlir götürüləcəyi və ondan fondun xeyrinə istifadə olunacağı bildirilmişdirsə, kifayətdir və camaatın razılıq verdiyi şəkildə əməl olunmalıdır.
Pul sahibinin şərt olmadan uzun müddətli yatırımları
Pul sahiblərinin şərt qoymadan banklara uzun müddətli yatırımlar etmələrinin hökmü nədir?
Əgər şəri əqdlərə müvafiq şəkildə qoyularsa və ya pul sahibinin heç bir tələbi və umacağı olmadan bank öz tərəfindən hər hansı məbləği verərsə, eybi yoxdur. İkinci halın əlaməti budur ki, bankın ona heç nə vermədiyi təqdirdə heç nə tələb etməsin.
Yatırım pullarının artımı
Hazırda Allaha şükürlər olsun ki, İslam Respublikasının hakimiyyəti dövründə yaşayırıq. Şəhidlərin qanı, insanların fəaliyyətləri, Həzrət İmam Xomeyninin (r.ə) görüşləri və rəhbərliyinin xeyir-bərəkəti sayəsində tağut rejimi devrilmişdir. Belə bir zamanda banklara pul qoymağın hökmü nədir? Bankların hesablardakı pullar üçün nəzərdə tutduqları faizi almaq olarmı? Habelə, banklardan borc alıb əlavə faiz verməyin hökmü necədir?
Bankın könüllü surətdə pul qoyanların hesablarına keçirdiyi faiz və əlavə məbləğin heç bir maneəsi yoxdur. Lakin bu, müqavilə şəklinə salınmamalıdır. Amma şəriət əqdləri baxımından bankın nizamnaməsinə müvafiq şəkildə əməl olunarsa, sabit əmanətlərin faizinin və bankdan alınan (və artıqlaması ilə ödənən) borcların maneəsi yoxdur. Şübhəli hallarda isə, onun səhih olduğunu əsas götürmək olar. Lakin şəri əqdlərin nizamnaməsinə əməl olunmadığına yəqininiz olsa, caiz deyil.
Fond tərəfindən zəhmət haqqı almaq
Bir neçə nəfər bir-birinin köməyi və həmkarlığı ilə xeyriyyə fondu təşkil etmiş və üzv olan şəxslərə borc pul verirlərsə, onlardan əmək haqqı adı ilə alınan faizlər halaldırmı? Əlavə etmək lazımdır ki, belə bankların məvacib verilməsi lazım olan bir işçisi yoxdur. Buna görə də əldə olunan gəlir, halal olmaq şərti ilə hansı yerlərdə istifadə oluna bilər?
Əmək haqqı deyəndə, bankın və ya xeyriyyə fondlarının işçilərinə və s.-ə məvacib adı ilə cari hesabların saxlanılması, qorunması və göstərdikləri sair xidmətlər üçün çəkdikləri zəhmət müqabilində verilən zəhmət haqqı nəzərdə tutulur. Belə ki, bu məqsədlə artıq məbləğ alınaraq, məvacib adı ilə işçilərə və digər məxariclərə sərf olunarsa, maneəsi yoxdur. Lakin yazdığınız şəkildə işkalı vardır.
Fond tərəfindən zəhmət haqqı almaq
Bir neçə nəfər bir-birinin köməyi və həmkarlığı ilə xeyriyyə fondu təşkil etmiş və üzv olan şəxslərə borc pul verirlərsə, onlardan əmək haqqı adı ilə alınan faizlər halaldırmı? Əlavə etmək lazımdır ki, belə bankların məvacib verilməsi lazım olan bir işçisi yoxdur. Buna görə də əldə olunan gəlir, halal olmaq şərti ilə hansı yerlərdə istifadə oluna bilər?
Əmək haqqı deyəndə, bankın və ya xeyriyyə fondlarının işçilərinə və s.-ə məvacib adı ilə cari hesabların saxlanılması, qorunması və göstərdikləri sair xidmətlər üçün çəkdikləri zəhmət müqabilində verilən zəhmət haqqı nəzərdə tutulur. Belə ki, bu məqsədlə artıq məbləğ alınaraq, məvacib adı ilə işçilərə və digər məxariclərə sərf olunarsa, maneəsi yoxdur. Lakin yazdığınız şəkildə işkalı vardır.
Bank faizi
Bankların öncədən şərt qoymaqla kredit müqabilində aldıqları 13%-lik qazanc (mənfəət) və ya banka yatırılan uzun müddətli pulların müqabilində verdikləri 10%-lik qazanc, sələm sayılırmı?
Əgər bankın şəri əqdlər və sələmdən xilas olmaq yolları haqqında olan nizamnamələri həyata keçirilsə, işkalı yoxdur.
Xarici banklarla nağd və nisyə alğı-satqı müqavilələri
Bəzən İran bankları onlardan xaricdən tələb olunan borcları vaxtında ödəyə bilmədikləri üçün müxtəlif çıxış yollarına əl atırlar. O cümlədən: banklardan biri bəzi xarici banklarla belə bir müqavilə bağlamışdır ki, o müqaviləyə əsasən, xarici bank İran bankının tərəfindən müamilə pulunu həmin ölkədə vəd verilmiş vaxtda satıcıya ödəyir və bir ildən sonra onun pulunu 9% əlavə ilə İran bankından və 6 %-də satıcıdan vaxtında ödəniş üçün sığorta qiyməti olaraq alır. Yəni satıcıdan mal alınandan sonra xarici bank ilə İran bankı arasında bağlanan müqavilədən təxminən üç ay sonra xarici bank satıcının pulunu ona verir, lakin ödədiyi pulu bir il sonra İran bankından 9% gəlirlə təhvil alır. Bu iş üsuluna görə İran bankı alıcı tərəfindən müamilənin müqaviləsi bağlanan gün 100% müamilə məbləğini və bundan əlavə xarici bankla razılıq əldə olunmuş 9% gəliri alıcıdan alır, satıcı da pulunu vaxtında almağı öz təbii haqqı bilir və 6 % zəhmət haqqını vaxtında ödənişə görə “sığorta məbləği” ünvanında xarici banka ödəyir, həqiqətdə malın qiymətinə əlavə edir və onu istehlakçılardan alır. Satıcının alıcıdan əlavə bir şey almadığını nəzərə alsaq, alıcı üçün yuxarıda deyilən şəkildə müamilə səhihdirmi?
Əgər siz bu işin mahiyyətindən xəbərdarsınızsa və buna razılıq verirsinizsə, sizin üçün eybi yoxdur. Yəni siz öz pulunuzu banka “gəlirsiz borc” kimi verirsiniz və bank malı sizin üçün nisyə şəklində və nağd qiymətindən baha qiymətə alır. Bu şərtlə ki, siz müvafiq sığorta qiymətini də ödəyəsiniz. Bu surətdə yuxarıda deyilən müamilələr şəriət baxımından sizin üçün səhih olacaqdır. Lakin bu iş banka o halda caizdir ki, İslam cəmiyyətinin məsləhəti xarici tərəflə bu şəkildə müamilə etməyi tələb etsin. Bundan qeyri halda caiz deyil.
Bankdan pul (kredit) götürmək üçün yoxsullara yardım etmək şərti
Ayrı-ayrı fərdlərə faizsiz borc verən xeyriyyə fondlarından biri, borc istəyənlərin sayının çox olmasını nəzərə almaqla (şəri cəhətdən maneəsi olmamaq şərti ilə) elan etmək fikrindədir ki, fondun xeyriyyə işləri üzrə bölməsinə (ki, yoxsul və ehtiyaclı şəxslərə əvəzsiz yardım göstərir) müəyyən məbləğdə köməklik göstərən şəxslər, növbədənkənar və daha münasib şəraitlə qərzül-həsənə (faizsiz) borcu ala biləcəklər. Bu məsələnin şəri baxımdan hökmü necədir?
Eybi yoxdur.