Diyənin günün qiyməti ilə ödənməsi
Səhvən adam öldürmə hadisəsi baş vermiş və hadisədən keçən bu müddət ərzində diyənin miqdarı dəyişmişdir. Diyəni verən şəxs onu hadisə zamanına uyğun ödəməlidir, yoxsa indiki zamana uyğun?
Əgər öncədən hansısa bir məbləğ haqqında razılığa gəlməyiblərsə, indiki zamana uyğun ödəməlidir.
Diyənin bölünmə üsulu
Qətlə yetirilmiş şəxsin diyəsi onun əmlakı və irsinin bir hissəsi sayılırmı? Onun varislər arasında bölünməsi irs qanunlarına tabedirmi?
Vəfat edənin nəsəbi və səbəbi varislərinin hamısına – ananın qohumları, məsələn, ana tərəfdən qardaş və bacı istisna olunmaqla – diyədən irs düşür.
Podratçı tərəfindən verilən diyə
Fars körfəzi ətrafı ölkələrində fəaliyyət göstərən bəzi şirkətlərdə belə bir qanun mövcuddur ki, bu şirkətlərdə çalışan işçi və yaxud fəhlələr iş başında ikən qəza hadisəsi nəticəsində, məsələn, binadan yıxılaraq ölərsə, 30 milyon tümən məbləğində pul diyə olaraq vəfat etmiş şəxsin varislərinə ödənilir. Bu məbləğin hökmü nədir?
Əgər sözü gedən diyənin ödənilməsi, fəhlə işə götürülən zaman şərt kimi qeydə alınmışdırsa, eybi yoxdur. Bu şərt işçi ilə bağlanan müqavilədə qeyd oluna, habelə oranın fəhlələrinin ürfündə ümumi qanun kimi işə götürülmənin ümumi şərtlərindən biri olaraq qəbul oluna bilər.
Azyaşlının qəyyumunun diyə ilə bağlı hüququ
Azyaşlı uşağın qəhri (qeyri-ixtiyari) qəyyumunun səlahiyyətləri mal-əmlak çərçivəsindədir, yoxsa ümumidir (qeydsiz-şərtsizdir)? Başqa sözlə desək, qəhri qəyyum can və üzv qisası haqqında öz qəyyumluq səlahiyyətindən istifadə edərək qatil və ya canini bağışlaya bilərmi? Yoxsa azyaşlı uşağın məsləhəti diyənin alınmasını tələb edir və qəyyumun onu almadan əvf etməyə haqqı yoxdur? Əgər can və üzv diyəsini almaq uşağın məsləhətinə müvafiqdirsə, qəyyum onu canidən alarkən öz hüquqlarından istifadə etməklə uşağın əmlak səhmini hətta öz mənafeyinə sərf edə bilərmi?
Uşağın qəyyumunun səlahiyyətləri diyə və bu kimi hallara şamil olur. Amma uşağın məsləhətinə zidd olaraq diyə və sairi bağışlamağa, habelə ondan öz xeyrinə istifadə etməyə haqqı yoxdur.
Diyə ödənməmişdən cinayətkarın ölümü
Bir şəxs qəza hadisəsində digər şəxsi öldürmüşdür. Məhkəmə qatilin diyə ödəməsi barədə qərar çıxarmışdır. Lakin qatil diyəni ödəməzdən öncə dünyasını dəyişmişdir. Sual budur ki, bu diyəni ödəmək onun varislərinə vacibdirmi?
Diyə sair borclar kimidir və onu vəfat edən şəxsin malının əslindən (üçdə biri çıxılmazdan və vərəsələr arasında bölünməzdən öncə) ödəmək vacibdir.
Diyənin hüquqi mahiyyəti
Diyənin hüquqi mahiyyəti nədən ibarətdir? Diyə şəriətdə zərərçəkən şəxsə dəyən ziyanı ödəmək və ya canini cəzalandırmaq deməkdir? Dəyən xəsarət diyənin miqdarından artıq olarsa, onu cinayətkardan tələb etmək olarmı?
Diyə dəymiş maddi ziyanı bərpa etmək mənası daşıyır. Dəymiş ziyanı ödəyərkən müalicə üçün diyənin məbləğindən artıq xərcləməli olsa, yuxarıda deyildiyi kimi, ehtiyat vacib budur ki, cinayətkar şəxs əlavə xərci ödəsin. (Zərəri ödəmək üçün minimum məbləğdən artıq ödəməməlidir.)
Diyənin bölünmə üsulu
Bir şəxs başqasının arvadını qətlə yetirərsə və bu qadının da ərindən başqa varisi yoxdursa, qadının əri həyat yoldaşı ilə evlənərkən xərclədiyi vəsaiti qatildən tələb edə bilərmi? Yas mərasimi təşkil etmək və ehsan verməyin şəriət baxımından vacib olmadığını nəzərə alsaq, belə xərcləri də qatildən tələb edə bilərmi?
Təkcə diyə səhmini ala bilər və yuxarıda deyilən xərcləri tələb etməyə haqqı yoxdur.
Məhkəmə və müalicə xərclərinin cinayətkardan alınması
Cinayətkar şəxsin diyədən başqa zərərçəkənə – vurulan xəsarətlər nəticəsində – dəyən sair zərərləri də ödəməsi lazımdırmı? Məsələn, məhkəmə xərcləri və iş-gücündən qalmağına görə dəyən ziyanlar və s.
Cinayətkar şəxs (şəriətdə) nəzərdə tutulan diyədən artığına şəriət baxımından zamin deyil, lakin müalicə xərcləri diyədən artıq olarsa, ehtiyat vacib artıq xərci ödəməkdir.