Nafizə xəsarətinin diyəsinin miqdarı
Güllə zərərçəkən şəxsin bədəninin sağ nahiyəsinə girmiş və 20 sm məsafə ilə həmin tərəfdən çıxmışdır. Başqa sözlə, güllə sadəcə dərinin altına girmiş və qısa məsafədən xaric olmuşdur. Tibbi ekspertiza məruzəsində bildirmişdir ki, güllə bədənin daxili orqanlarına və mədə-bağırsaqlara heç bir zərər yetirməmişdir. Sualımız budur: Bu yara kamil diyənin üçdə biri olan caifənin, yoxsa kamil diyənin üçdə ikisi olan caifənin nümunəsidir? Yoxsa, bunların heç biri olmayıb, yalnız ərş müəyyən olunmalıdır?
Bu xəsarət zahirən nafizənin nümunəsidir. Onun diyəsi mötəbər hədislərdə yüz dinar təyin olunmuşdur.
Diyə müalicə xərclərindən az olarsa
Yol qəza hadisəsi və ya mübahisə nəticəsində bir şəxsin böyrəkləri sıradan çıxmışdır. Yaxud zərbə nəticəsində mütəmadi şəkildə müalicə almalı və daim həkim nəzarətində yaşamalıdır. Yaxud da böyrəklərin biri, dalağı və ya sidik kisəsi bu hala düşmüşdür. Belə hallarda hökm çıxarmaq üçün qazının vəzifəsi nədir? Xahiş edirik, cavabı izahla yazasınız. Əlavə olaraq bilmək istəyirik ki, müalicə üçün lazım olan vəsait təqsirli bilinən şəxsin öhdəsinədir, yoxsa zərərçəkən şəxsin? Zərərçəkənin öhdəsinədirsə, diyə məbləğinin müalicə xərclərini ödəmək üçün kifayət qədər olmadığı təqdirdə vəziyyəti necə islah etmək mümkündür?
Tibbi ekspertiza və mütəxəssis həkimlər daxili üzvlərə dəyən xəsarətin bədənin neçə faizini təşkil etdiyini açıqlamadırlar (müharibə əlillərində hesablandığı kimi). Sonra həmin faiz, kamil diyə ilə müqayisə olunmaqla hesablanmalıdır. Müalicə xərcləri bundan çox olarsa, ehtiyat vacib budur ki, müalicə xərclərinin qalan hissəsini ödəsinlər.
Zavod tullantıları nəticəsində həyatlarını itirən uşaqların diyələri
Neft-kimya zavodu öz xərclərinə qənaət etmək üçün zəhərli tullantıları gigiyenik və təhlükəsizlik qaydalarına riayət etmədən zavod yaxınlığındakı su hovuzuna axıdır. Bundan xəbəri olmayan bir neçə uşaq həmin sularda çimir və zəhərlənərək bir müddət sonra vəfat edirlər. Zavod buna görə məsuliyyət daşıyırmı? Xahiş edirik, suala cavab verərkən iki variantı; su hovuzunun zavod ərazisinə aid olduğu və olmadığı hallarını nəzərə alasınız.
Əgər su hovuzu uşaqların mütəmadi şəkildə getdikləri (çimdikləri) bir yerdirsə, suyu çirkləndirən şəxslər diyə ilə bağlı məsuliyyət daşıyırlar. Əks halda, heç bir məsuliyyət daşımırlar.
Xəstəliyi ucbatından iş yerində vəfat edən işçi
Emalatxanada çalışan mexanik tibbi ekspertizanın verdiyi rəyə görə ağ ciyər xəstəsi imiş. O, emalatxanada təmizlik işləri apararkən ciyərlərinin xəstəliyinə görə dünyasını dəyişib. Emalatxana sahibi onun ciyərlərinin xəstə olduğunu bilmirmişsə, zamindirmi?
Sualda fərz olunanlara əsasən, zamin deyil. Amma əmək-qanun məcəlləsində onun zəmanəti nəzərdə tutulmuşsa və emalatxana sahibi bu barədə məlumatı ola-ola onu işə götürmüşsə, zamindir.
Fəhlənin ehtiyatsızlıq üzündən həyatını itirməsi
Sahibkar işində kifayət qədər peşəkar və təcrübəli olan 50 yaşlı qazmaçı ustanı quyu qazmaq üçün işə götürür. O da quyu qazarkən quyunun içinə girən zaman ayağı sürüşərək quyuya düşüb dünyasını dəyişir. Sual budur ki, vəfat etmiş şəxsin varisləri yer sahibindən haqq tələb edə bilərlərmi?
Yuxarıdakı şəraitdə yer sahibi heç bir məsuliyyət daşımır. Yalnız bu halda məsuliyyət daşıya bilər ki, quyu qazılan yer fərqli xüsusiyyətlərə malik olsun, bu da təhlükə ilə nəticələnsin və sahibi də bunu bilə-bilə, xəbərdarlıq etməkdə səhlənkarlığa yol vermiş olsun.
İş yerində üzvlərini itirən fəhlələr
Daş karxanasında dəzgah və daş kimi bütün avadanlığın hamısını sex sahibi gətirir. O, fəhlə ilə müqavilə bağlayır ki, məsələn, hər 1 metr daşı onun üçün min tümənə emal edəcək. Əgər fəhlə işləyərkən əli daşın altında qalıb kəsilərsə, əlin diyəsini sex sahibi verməlidir?
Əgər bu barədə karxana sahibi ilə müqavilə bağlamamışdırsa və dəzgahın səhv tənzimlənməsində onun heç bir təqsiri yoxdursa, onun öhdəsinə heç bir diyə düşmür. Bundan əlavə, belə zərərləri ödəmək "əmək qanunu" məcəlləsində qeyd olunmuşdursa və onlar bu qanuna əsasən şəxsləri işə götürürlərsə, bu da öz növbəsində müqavilə hökmündədir.
Həddi-buluğa çatmayan fəhlənin diyəsinin zamini
Xeyriyyə (faizsiz kredit) fondu öz işinə başlamazdan öncə müqaviləyə əsasən müəssisəyə nəzarəti inşaatçılardan birinin öhdəsinə qoyur. Fondun binasının tikinti işlərini başlayır. Binanın qaynaq işləri də digər müqavilə ilə qaynaqçılardan birinə həvalə edilir. Başqa bir şəxs isə işçi tapmaq və tikinti materiallarının tədarükünü öz öhdəsinə götürür. Bu şəxs 8 yaşlı bir uşağı fəhlə kimi işə götürür ki, qaynaq zamanı seyfin qapısı uşağın üstünə düşür və təəssüflər olsun ki, onun onurğa beyninin tamamilə kəsilməsinə səbəb olur. Yuxarıda qeyd olunanları nəzərə alsaq, bu uşağın diyəsinə kim zamindir?
Uşağın işə götürülməsi onun vəlisinin (sahibi) icazəsi ilə və uşağın məsləhətinə, gücünə uyğun idisə, habelə uşağın təhlükəsizliyinin təmini istiqamətində heç bir qüsur və səhlənkarlığa yol verilməmişdirsə və hadisə təsadüfən baş vermişdirsə, bu halda heç kəs zamin deyil. Amma vəlisinin icazəsi olmadan işə götürülmüşdürsə və ya təhlükəsizliyinin təminində səhlənkarlığa yol verilmişdirsə, işə götürən şəxs onun diyəsi ilə bağlı zamindir.
Üzvlərə xəsarətlə bağlı qəsamə
Bədən üzvləri ilə bağlı qisas qəsamə ilə sübut oluna bilərmi?
Bədən üzvlərinə yetirilən xəsarəti sübut etmək üçün qəsamədən istifadə etmək olar, amma bu yolla qisas yox, yalnız diyə sübuta yetir.
Günahsız insanın öldürülməsi
Bir kəs günahsız bir adamı öldürmək istəyir. Lakin hədəfin kimliyində səhv etdiyinə görə başqa bir günahsız şəxsi qətlə yetirir. Baş verən qətl hadisəsi hansı növdəndir?
Bu qətl, qəsdən adam öldürmək sayılır və qisası var. Lakin ehtiyat müstəhəb odur ki, zərərçəkənin qəyyumları cinayətkar ilə diyə ilə bağlı və buna bənzər hallarda müsalihə etsinlər (razılaşsınlar).