Nəziri həyata keçirmək mümkün olmadıqda
Bir şəxs nəzir etmişdir ki, hər il 10 gün oruc tutsun. Lakin hal-hazırda qocalığına görə buna gücü çatmır. Onun vəzifəsi nədir?
Onun bu yaşlarına dair nəzir etməsi səhih deyil.
Nəzirin sərf olunma yerlərinin dəyişdirilməsi
Bir şəxs bir neçə il bundan öncə nəzir etmişdir ki, onun istəyi yerinə yetəcəyi təqdirdə öz ümumi hamamından əldə etdiyi gəlirinin bir qismini Əmirəl-möminin Əliyə (əleyhissəlam) vəqf etsin və mübarək Ramazan ayının 19, 20, 21-ci gecələrində iftar süfrəsi versin. O, neçə-neçə illər bu üç gecədə iftar süfrəsi vermişdir, bir halda ki, bu yemək həqiqi sahiblərinə və ehtiyacı olanlara çatmamışdır. Bundan əlavə, nəzir edən şəxs də öz nəziri üçün siğə oxuduğunu və ya onu dildə dediyini dəqiq bilmir. Bütün bunları nəzərə almaqla, icazə verirsinizmi ki, bu iş ümumxalq mənfəətli işlərdə xərclənsin? Məsələn, imkansız oğlan və qızların evlənməsi üçün verilsin və ya eyni miqdarda yemək quru (xam) şəkildə fəqir camaat arasında paylansın, yaxud da pul bütövlükdə İmdad Komitəsinə təhvil verilsin. Pulun miqdarı təxminən 100 min tüməndir. Xahiş edirik ki, bizə yol göstərəsiniz.
Əgər nəzir siğəsini, hətta Fars dilində olsa belə, oxumuşdursa, onu dəyişdirmək caiz deyil. Lakin əgər oxumamışdırsa, dəyişməyin maneəsi yoxdur.
Məsum İmamlara nəzir demək
Həzrət Zəhraya (əleyha səlam), həzrət Əbəl-fəzl Abbasa (əleyhis-səlam), həzrət Seyyidüş-şühədaya (əleyhis-səlam) və digər imamlara (əleyhiməs-səlam) nəzir demək caizdirmi?
Bu böyük insanlara üçün Allah-taala xatirinə nəzir demək caiz və şəriət baxımından qanunidir.
Zəruri hallarda nəziri nəzərdə tutulmuş yerdən başqasında yerinə yetirmək
Bir şəxs Beytullahil-hərama (Kəbəyə) gedəcəyi təqdirdə qızıl navalçanın altında Quranı bir dəfə xətm edəcəyini nəzir etmişdir. Lakin ora gedəndən sonra təmir işlərinə görə o məkanda Quran oxumaq mümkün olmasa, onun vəzifəsi nədir?
Ehtiyat vacib budur ki, Məscidül-həramın oraya yaxın olan digər bir yerində bu işi yerinə yetirsin.
İmkan daxilində nəzir etmək
Bir şəxs nəzir etmişdir ki, bir il müddətində hər gün atasının məzarı üstünə gedib bir cüz Quran tilavət etsin. Lakin indi qışın soyuğuna görə və ya (yayda) həddən artıq istilərə görə buna gücü çatmır. Sual budur ki, bu işi öz evində yerinə yetirə bilərmi? Yaxud yayda gecələr məzar üstünə gedib Quran oxuya bilərmi?
Gücü çatdığı qədər öz nəzirinə əməl etsin
Aşura və Tasua günlərinin qurbanlıqlarının sərf olunma yerləri
Hər il Tasua və Aşura günlərində yerli əhali Həzrət Əbəl-fəzl (əleyhis-səlam)-ın adına təşkil olunan sinə vuranlar heyətinin və ələmlərin qarşısında qoyunları nəzir niyyəti ilə kəsirlər. Onlardan əldə edilən vəsait hüseyniyyənin icması tərəfindən o müqəddəs məkanın təmir və genişləndirilməsinə sərf olunur. Sualımız budur ki, bu qurbanlıq qoyunların pulunu şose kənarında yerləşən, müsafirlərin və yoldan keçənlərin ibadət və rifahı üçün inşa edilməkdə olan Həzrət Əbəl-fəzl adına məscid üçün xərcləmək olarmı? Bir halda ki, bu hüseyniyyənin özünün də təmirə ciddi ehtiyacı vardır.
Ehtiyat budur ki, bu qoyunlardan matəm mərasimində iştirak edənlərə yemək hazırlamaq üçün istifadə olunsun. Yalnız nəzir edənlərin başqa hədəfləri olduğu məlum olan hal istisnadır (onların nəzir etdikləri istiqamətdə sərf edilməlidir).
Nəzirin xərcləndiyi yerdə şəkk
Bir şəxs nəzir etmişdir və nəzirin miqdarını bilir. Lakin nəzirin xərclənmə məkanı barəsində üç məkan; Həzrət Riza (əleyhis-səlam)-ın hərəmi, Həzrət Məsumə (əleyhas-səlam)-ın hərəmi və ya Həzrət Əbdul-əzim (əleyhis-səlam)-ın hərəmi arasında tərəddüd edir. Bu şəxsin vəzifəsi nədir?
Əgər nəzirin məbləği cüzidirsə, ehtiyat budur ki, hər üç məkanda o miqdarı xərcləsin. Amma nəzirin miqdarı böyükdürsə, püşk atıb ona uyğun olaraq əməl edə bilər.
İmamzadələrə deyilmiş qurbanların sərf olunma yerləri
İmamzadəyə nəzir edilən qoyundan hansı şəkildə istifadə edilməlidir? Nəzir edən adamın özü ondan istifadə edə bilərmi?
İmamzadəyə nəzir etdiyi qoyunun ətini o məkanın ziyarətçilərinə və o yerin fəqirlərinə verməlidir. Belə ki, özü də ziyarətçilərdən biridirsə, ondan bir pay apara bilər.
Əzadarlıq üçün deyilmiş qurbanların xərclənməsi
Zəncan şəhərində “Zeynəbiyyə” adlı bir məscid var ki, İmam Hüseynin (əleyhis-səlam) matəm günlərində bu məscidin əzadar dəstələrinin qarşısında çoxlu inək və qoyun qurban kəsilir. Bu ətlərdən bir hissəsi yemək hazırlanmaq üçün istifadə olunur və bir hissəsi də əhali arasında paylanır. Yerdə qalanı isə rəhbərlik heyətinin nəzarəti altında məscid binasının genişləndirilməsi, poliklinika inşası və ya bu kimi işlər üçün satışa verilir. Bu iş caizdirmi?
Əgər camaatın öncədən bu işlərdən xəbərləri varsa və bu işlərə razı olaraq qurbanlıq kəsirlərsə, eybi yoxdur. Əgər xəbərləri yoxdursa, ətləri əzadarlıq xərclərinə sərf etmək lazımdır.
Aşura günü uşağın başını yarmağı nəzir etmək
Ata və ana nəzir edirlər ki, Allah onlara oğlan övladı verərsə Aşura günü onun başını ülgüclə yaracaqlar. Amma belə əməllərin Şiələrin və Seyyidüş-şühəda (əleyhis-səlam)-ın matəm məclislərinin süstləşməsinə və İslam düşmənlərinin bundan sui-istifadə etməsinə səbəb olmasını nəzərə alsaq, belə nəzirlərə əməl etmək vacibdirmi?
Belə bir nəzir səhih deyil. Çünki, nəzirdə əməlin rüchanı (üstün, bəyənilən və xeyirxah olması) şərtdir. Bu əməlin isə Allaha yaxınlaşmaq üçün ən yaxşı və fəzilətli işlərdən olan Ali-əbanın beşincisinin (əleyhis-səlam) matəm mərasimini sual altına almaq üçün İslam düşmənlərinin əlinə bəhanə verəcəyini nəzərə alsaq, işkalsız deyil. Əgər bu əməlin rüchanını fərz etsək belə, başqası barəsində nəzir etmək səhih deyil.