Qiraətdən sonra "kəzalikəllahu rəbbi" zikri
İkinci rükətdə imam “Tovhid” surəsini oxuyub qurtarandan sonra məmumun "kəzalikəllahu rəbbi" deməsi caizdirmi?
Mütləq zikr (yəni ümumiyyətlə zikr olan bir kəlmə) niyyəti ilə maneəsi yoxdur.
Səcdə zamanı müvazinətin pozulması
Bir şəxs səcdəyə gedərkən müvazinətini elə itirdi ki, arxası üstə düşdü, namazı batildirmi?
Əgər namazın surəti pozulmazdan qabaq öz əvvəlki vəziyyətinə qayıtsa maneəsi yoxdur.
Təşəhhüd zamanı təvərrük
Təşəhhüd zamanı müxtəlif əyləşmək üsullarından adi şəkildə əyləşmək əfzəldir, yoxsa bəzi qardaşların bədənlərinin ağırlıqlarını (həddindən artıq) sol tərəfə salmaq qəsdi ilə əyləşdikləri kimi (əyləşmək) ki, Əhli-sünnətin, xüsusilə də hənəfilərin əyləşməyinə bənzəyir?
İkinci şəkildə əyləşmək "təvərrük" adlanır və müstəhəb əməllərdən biri hesab olunur.
Unudulmuş təşəhhüdün qəzası
Bir şəxs namazın təşəhhüdünü unudarsa, təşəhhüdün qəzasından sonra namazın salamını da deməlidir?
Ehtiyat budur ki, salamı da desin. Səhv səcdəsi də yerinə yetirməlidir.
Təşəhhüddə Həzrət Əlinin (əleyhis-səlam) vilayətinə şəhadət vermək
Namazın təşəhhüdündə Əmirəl-möminin Əli ibn Əbi Talib (əleyhis-səlam)-ın vilayətinə şəhadət vermək olarmı?
Məsum İmamların (əleyhimus-salam) üçüncü şəhadəti artırmağa icazə vermədiklərini nəzərə alsaq, bu iş səhih deyil. Belə hallarda bizim vəzifəmiz məsumların (əleyhimus-salam) göstərişlərinə tabe olmaqdır.
Kağız pullara səcdə etmək
Əslində rəngli şəkil olan, rəngli kağızlara (məsələn, kağız pullar) səcdə etmək caizdirmi?
Maddəsi olmayan rəngin eybi yoxdur. Lakin yaxşı olar ki, pul kağızına səcdə etməyəsiniz.
Stulun üstünə səcdə edən şəxs
Səcdəni stulun üstündə edən şəxs, ayaqqabı ilə namaz qılsa, hökmü nədir?
Eybi yoxdur. Amma yaxşı olar ki, ayaqqabılarını çıxartsın.
Möhürün qabarıq üzünə səcdə etmək
Möhürlərin yazılı tərəflərinə (məsələn, “Kərbəlanın əla türbəti” yazısına) səcdə etmək caizdir, yoxsa ehtiyat buyurursunuz? Ehtiyata səbəb nədir?
Düşmənlərin əlinə bəhanə verən hallardan başqa eybi yoxdur.
Kağız salfetinə və yazılı kağıza səcdə etmək
Kağız salfetinə və ya üzərində xətt çəkilmiş kağıza səcdə etmək olarmı?
Kağız salfetinə, habelə xətləri olan kağız vərəqə səcdə etmək caizdir. Bu şərtlə ki, xətlər alnın kağıza çatmasına maneçilik törətməsin və ya xətlər arasında səcdə səhih olan miqdarda məsafə olsun.
Səcdə ayəsini radio və televiziyadan eşitmək
Radio və televiziya vasitəsilə səcdə ayəsini eşitsək, səcdə vacibdirmi?
Quran qiraəti canlı yayımlanırsa, səcdə etmək vacibdir. Canlı olmasa ehtiyatdır.