Cümə günü zöhr namazını ucadan qılmaq
Cümə günü zöhr namazının qiraətini ucadan oxumaq caizdir?
Səfərdə olmasa ucadan oxumaq müstəhəbdir. Səfərdə olarsa camaatla qılan halda (ucadan oxumaq) müstəhəbdir, fürada halda isə yox.
Namazı qeyri-məşhur qiraətlə qılmaq
Namazın qiraətini qiraət formalarının hamısına uyğun yerinə yetirmək olarmı?
Müsəlmanlar içində məşhur qiraət olsa, eybi yoxdur. Bizim zəmanəmizdə Həfsin rəvayətinə müvafiq olan Asimin qiraəti məşhurdur və adi Quranlarda da həmin qiraət mövcuddur, buna görə də digərlərinin qiraətlərindən istifadə etmək işkalsız deyil.
Qiraətdən sonra "kəzalikəllahu rəbbi" zikri
İkinci rükətdə imam “Tovhid” surəsini oxuyub qurtarandan sonra məmumun "kəzalikəllahu rəbbi" deməsi caizdirmi?
Mütləq zikr (yəni ümumiyyətlə zikr olan bir kəlmə) niyyəti ilə maneəsi yoxdur.
Əlinin (əleyhis-səlam) vilayətinə şəhadəti azanın hissəsi qəsdi ilə demək
Azanda "Əşhədu ənnə Əliyyən vəliyyullah" demək ixtira və bidətdirmi?
Bidət budur ki, azanın hissəsi qəsdi ilə deyilsin. Əgər bu qəsd olmasa, bidət deyil və eybi yoxdur. Şiələr bu məqsədlə demirlər.
Azanda Əmirəl-mömininin vilayətinə şəhadət verilməsi
Möminlərin Əmiri, müttəqilərin mövlası Həzrət Əli ibn Əbi Talibin (əleyhis-səlam) vilayətinə şəhadət vermək şiə ictimaiyyətində hansı tarixdən azanda deyilmişdir?
Bəzi hədislərdən belə məlum olur ki, bu iş İmamların (əleyhimus-salam) əsrindən başlamışdır. Lakin o dövrdə özünə ümumi hal almamışdı. Sonradan şiələrin şüarına çevrilmişdir. (Əlavə məlumat üçün nəfis "Müstəmsək" kitabının azan və iqamə hissəsinə baxın.)
Qeyri-müsəlman ölkələrdə qiblə
Amerikanın qərbində, Laos-anceles şəhərində yaşayan müsəlmanlar namazlarını hansı səmtə qılmalıdırlar ki, namazları səhih və üzü qibləyə yerinə yetirilmiş olsun? Əlbəttə, qiblənüma kompaslar (məsələn, Rəzmara və digər kompaslar) Amerikanın şərqində olan Nyu-yorkun qibləsini göstərirlər, lakin Nyu-yorkdan təyyarə ilə 6 saat məsafədə olan Laos-ancelesin qibləsini müəyyən etməmiş və camaat öz vəzifələrinin dəqiq necə olduğunu bilmədiklərindən "Əynəma tuvəllu fəsəmmə vəchullah" – ayəsinə istinadən hər hansı bir tərəfə namaz qılırlar. Mümkünsə, onların vəzifəsini müəyyən edin.
Oranın müsəlmanları arasında qiblə adı ilə məşhur olan tərəfə dayansanız, eybi yoxdur.
Qatar və gəmidə qiblənin dəyişməsi
Gəmi və qatar hərəkət edərkən onrarın içində namaz qılan şəxslər qiblədən dönsələr vəzifələri nədir?
Dərhal üzlərini qibləyə tərəf döndərməlidirlər.
İmam Zamanın (ə.c) tərəfindən qiblənin dəyişdirilməsinin mümkünlüyü
Deyirlər ki, Həzrət Höccətibnil-Həzən İmam Zaman (əleyhis-salam) zühur edəndə qibləni İmam Hüseynin məzarına sarı döndərəcək. Bu səhihdir?
Bu hədis Quran və Məsumlar (əleyhis-salam) tərəfindən sübuta yetmiş hədislərlə müxalifdir. Buna görə də onu kənara atmaq lazımdır.
İstifadəsiz məsciddən idman məkanı kimi istifadə etmək
İsfahanın Mübarəkə rayonunun Xuli Xan kəndində qədim bir məscidimiz var. İslam inqilabından sonra bir neçə yeni və böyük məscid istifadəyə verildiyinə görə, bu məscid tamamilə istifadəsiz qalmışdır. Yeri gəlmişkən, bu məscid üçün vəqf siğəsi də oxunmamışdır. Bir neçə ildir ki, bu kəndin idmançılarından bir qrupu, idman üçün yerləri olmadığına görə bu məsciddən qədim idman növü üçün salon kimi istifadə edirlər. Qədim idman növünün milli və ənənəvi idman növü olduğunu, bu idmanın əvvəlindən axırına qədər “ya Əli” (əleyhis-səlam) zikri, Həzrət Məhəmmədə (səlləllahu əleyhi və alihi və səlləm) salavat və bu kimi zikrlərin yad edildiyini nəzərə alsaq, məsciddə idman etmək və ondan istifadə etmək səhihdirmi?
Məscidi heç bir vəchlə məscid olmaqdan çıxarmaq və ya idman salonuna çevirmək olmaz. Lakin orada idmanla məşğul olmaq məscidin rövnəqdən düşməsinə, vəhninə (süstləşməsinə) səbəb olmasa və namaz qılanlara maneçilik törədilməsə, caizdir.